Məhkəmə qərarları › İş №2(103)-5917/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5917/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5917/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hüquqi xidmət xərcinin tutulması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanmış, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən bank borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2019-cu il tarixli qətnamə çıxarılmışdır.

2. “X1 Azərbaycan” QSC, "xxxx" MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. "xxxx" QSC (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 159,30 manat məbləğində maddi ziyanın əvəzinin və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bankın iddia tələbi üzrə irəli sürdüyü hala görə, cavabdehlə xx.xx.2012-ci il tarixdə “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanmış, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2019-cu il tarixli qətnamə çıxarılmışdır. “X1 Azərbaycan” QSC, "xxxx" MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMCyə sifariş etmiş, həmin MMC isə cavabdeh barəsində aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri qaytarılmasını təmin etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2020-ci il tarixində ödənilən 200 manat, xx.xx.2020-ci il tarixdə ödənilən 445 manat və xx.xx.2021-ci il tarixində ödənilən 217 manat məbləği "xxxx" MMC vasitəsilə təmin edilmiş, buna görə də bank tərəfindən MMC-nə yerinə yetirilmiş xidmətin 15%-i həcmində, yəni 159,30 manat məbləğində xidmət haqqı ödənilmişdir. “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 4.20-ci bəndində qeyd edilmişdir ki, “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/ hüquqi xidmətlə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsi iddia tələbi təmin olunmamışdır.

6. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, qətnamənin icrası ilə bağlı icra və nəzarət mexanizmlərinin qanunda təsbit edilməsinə baxmayaraq, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti qətnamənin qanuni icra edilməsi yolunu seçməmiş, özü könüllü olaraq digər özəl xidmət göstərən şirkətlə müqavilə bağlamış və qətnamənin icrası ilə bağlı göstərilmiş xidmətin qarşılığında könüllü olaraq müəyyən məbləğ ödəmişdir ki, bu halda cavabdehin həmin xidmət haqqının ödənilməsi ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlikləri yaranmamışdır. İddiaçı tələb etdiyi məbləğin məhkəmə xərci olduğuna əsaslansa da, mülki-prosessual qanununun təsbit etdiyi anlayışdan müəyyən olunur ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olan xərclər olmaqla, qətnamənin icrası ilə əlaqədar xərcləri ehtiva etmir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz.

7. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir.

a) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

8. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

9. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

10. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

11. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

22. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

25. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçı bank, cavabdehdən kredit borcunun tutulması barədə qətnamənin icraya yönəldilməsindən sonra Cavabdeh ödədiyi məbləğlərin məhz "xxxx" MMC-nin fəaliyyəti nəticəsində ödənildiyinə, ümumiyyətl adı çəkilən MMC-nin həmin iş üzrə bankı təmsil etmiş olduğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

26. Apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1248/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar