Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5919/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-23/21 saylı 15.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 111 nömrəli Kredit Müqaviləsi üzrə ümummilikdə 5300,47 (beş min üç yüz manat, qırx yeddi qəpik) manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumun iddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 5 193,55 manat məbləğində kredit borcunun – bundan 4 763,86 manat əsas borcun, 429,69 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan “xxxx” ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək cəmi 5 193,55 manat məbləğində kredit borcunun – bundan 4 763,86 manat əsas borcun, 511,20 manat faiz borcunun, 150,86 manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan “xxxx” ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 111 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 15 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3, 4.3, 5.2 və 7.2.2- ci bəndlərinə əsasən borc alan Cavabdeh kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən banka aylıq ödənişlər etmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və kredit götürdükdən sonra banka əsas borc üzrə sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə bir neçə dəfə şifahi, 14 dekabr 2018-ci il tarixdə isə **********800 nömrəli bildirişlə isə yazılı müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə əsas borcun dəqiqləşdirilməsindən sonra faiz borcunun və cərimənin tam ləğv edilməsi və əsas borcun hissə-hissə ödənilməsi dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşdə olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 111 nömrəli Kredit Müqaviləsinin surətindən görünür ki, “Bank” cavabdehə illik 6 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 15 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14 dekabrt 2018-ci il tarixli **********800 nömrəli Xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcunu ödəməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan 19 fevral 2019-cu il tarixli **********105 nömrəli Arayışın surətindən görünür ki, cavabdehin əsas borc üzrə 4 763,86 manat, faiz borcu üzrə 429,69 manat və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu üzrə 106,92 manat məbləğində borcu vardır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, kredit razılaşması üzrə banka borcu yaranmışdır. Bununla da, Cavabdeh bank ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə olan halda məhkəmə Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı bank qarşısında olan öhdəliklərini lazımi qaydada icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulmasına dair tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5919/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5919/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver