Məhkəmə qərarları › İş №2(103)-592/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-592/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-592/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdeh «xxxxxxx» KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4945/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər «xxxxxxx» KB ASC və Azərbaycan Respublikasının Maliyyə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 4742nklSML/14 saylı kredit müqaviləsi üzrə iddiaçıya 5657 manat kompensasiyanın müəyyən edilməsi, qalıq kredit borcundan silinməsi və kreditin qalıq məbləğinin Fərmanın qaydalarına əsasən illik 1% olmaqla “xxxxxxx” KB ASC ilə 5 illik restrukturizasiya olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4945/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, cavabdeh «xxxxxxx» KB ASC-nin nümayəndəsi X3 və cavabdeh X5 Palatasının nümayəndəsi X6 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, «xxxxxxx» KB ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli, № 4742nkİSML/14 saylı kredit və bank hesabı müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı 60 ay müddətinə, illik 26% olmaqla, 10500 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, onun xx.xx.2015-ci il tarixədək xarici valyutada başqa banklar da daxil olmaqla kreditinin əsas məbləğinin qalığı 9428,47 ABŞ dolları olmuşdur. Ona görə də, onun krediti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşür və kompensasiya ödənilməlidir. Cavabdehlər iddiaya etiraz edir və bildirirlər ki, iddiaçının devalvasiya tarixlərində əsas kredit borcu 10000 ABŞ dollarından çox olduğundan kompensasiyanın verilməsi qeyri-mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın 1-ci bəndinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bənd) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Lakin iddiaçı ilə bağlanan kredit müqaviləsi həm tələb olunan əsas məbləğə və həm də gecikdirilmiş günün sayına görə Fərmanın təsiri altına düşmür. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 1682 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx xxxxxx 2014-cü il tarixli 4742nklSML/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı “xxxxxxx” KB ASC-nə olan xx.xx.2015-ci il tarixə əsas kredit borcu 10370,87 ABŞ dolları, faiz borcu 202,23 ABŞ dolları, xx.xx.2015-ci il tarixə əsas kredit borcu 10217,82 ABŞ dolları, faiz borcu 1506,32 ABŞ dolları. Bundan başqa xx.xx.2019-cu il tarixinə yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə kredit borcunun 337 gün gecikdiyi aşkar edilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış kredit müqaviləsi heç bir halda qeyd olunan Fərmanın təsiri dairəsinə düşmür. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur, bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə mahiyyəti üzrə düzgündür. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4945/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar