Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5921/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(004)-614/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 68.000 ABŞ dolları pulun, 30 manat dövlət rüsumunun əvəzi və vəkilə ödənilmiş 210 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 may 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh ondan 68.000 ABŞ dolları pul almış və 30 oktyabr 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin 68.000 ABŞ dolları pulu bugünə kimi qaytarmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(004)- 614/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 48.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan manatına məzənnəsi ilə) məbləğində borc, vəkilə ödənilmiş 149 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,30 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən apelyasiya şikayəti verilərək, onun ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə arasında borc müqaviləsi bağlanılmış, borc 68.000 ABŞ dolları təşkil etmişdir və o, borcu 30.10.2018-ci il tarixə qədər qaytarmalı olmuşdur. Həmin müddət ərzində o, iddiaçıya 30.000 ABŞ dolları məbləğində vəsait qaytarmışdır, lakin 20.000 ABŞ dolları barədə yazılı qeyd olunsa da, iddiaçı ilə dostluq münasibətləri olduğundan 10.000 ABŞ dolları məbləğində tərəfindən iddiaçıya verilmiş əşya və göstərdiyi xidmətlər şifahi razılaşdırılmış və rəsmi qeyd aparılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı ərizə ünvanlayaraq, məhkəmə prosesində səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyindən, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki halda apelyasiya baxışının həddini qətnamənin qismən, cavabdehin mübahisələndirdiyi hissədə yoxlanılması təşkil edir. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, 15.05.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 68.000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermiş, borc alan isə həmin məbləği alaraq kredit məbləğinin 34.000 ABŞ dollarını 30.08.2018-ci il tarixədək, qalan 34.000 ABŞ dollarını isə 30.10.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 15 may 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 68.000 ABŞ dolları məbləği borcdan müqavilənin üzərində aparılmış qeydə əsasən 20.000 ABŞ dollarını ödəmiş, İddiaçı 20.000 ABŞ dolları məbləğində pulu aldığını təsdiqləmişdir. Tərəflər arasında borc münasibətləri mövcud olduğundan iddiaçının tələbi aşağıdakılara əsasən keçərlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya məhkəməsi 68.000 ABŞ dolları məbləği borcdan müqavilənin üzərində aparılmış qeydə əsasən 20.000 ABŞ dolları ödənildiyindən iddianın qismən təmin edilməsi və 48.000 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, 20.000 ABŞ dolları yazılı qeyd aparılmaqla ödəmiş, 10.000 ABŞ dolları məbləğində isə tərəfindən iddiaçıya əşyalar verilmiş, xidmətlər göstərilmiş və bu barədə aralarında şifahi razılaşdırılmışdır, rəsmi qeyd aparılmamışdır. Qeyd edilən halı sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apelyasiya baxışı zamanı bu halı sübuta yetirə bilməmişdir. İş materiallarından isə belə bir hal müəyyən edilmir, ona görə də, Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-614/2021 saylı iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5921/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5921/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver