Məhkəmə qərarları › İş №2(103)-5921/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5921/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5921/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-588/2022 saylı 02 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 23-Y-1-0-689-20 saylı istehlak kredit müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən bank həmin cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə, illik 27 faiz hesablanmaqla 15.000 məbləğində kredit vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyun 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən bankın xeyrinə 6351,69 manat əsas borc, 590,52 manat faiz borcu və 101,095 manat cərimə borcu olmaqla, cəmi 7043,305 manat borcun və 90,43 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh 17 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 27 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Banka olan cərimə borcu 202,19 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 101,95 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

4. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə Banka 6351,69 manat əsas borc, 590,52 manat faiz borcu və 202,19 manat cərimə borcu olmaqla, cəmi 7144,4 manat borcu vardır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 iyun 2022-ci il tarixli 2(009)-588/2022 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin edilmiş, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, 23-Y-1-0-689-20 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə 6351,69 manat əsas borc, 590,52 manat faiz borcu, 50 manat cərimə borcu, ümumilikdə 6992,21 manat borc və ödənilmiş 90,43 manat məbləğində dövlət rüsumunun 70 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun 20,43 manat hissəsinin ASC-yə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh bank ilə istehlak krediti müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehdən 6351,69 manat əsas borc və 590,52 manat faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır.

7. Eyni zamanda məhkəmə hesablanmış 101,095 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edərək, həmin dəbbə pulunun azaldılaraq 50 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra - MM) 385.1, 421.2, 423.2, 424.2, 442, 445, 449.4, 462.1, 467, 739.1, 739.2-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apelyasiya şikayətində göstərilmişdir ki, təqdim edilmiş ödəniş cədvəlinə uyğun olaraq vaxtında kredit məbləğini və faizini ödəməyə çalışmışdır. Kredit məbləğini və faizini uzun müddət ərzində mütəmadi olaraq vaxtında ödəməyi, lakin maddi vəziyyətində yaranmış müvəqqəti çətinliklə əlaqədar kreditin ödənilməsinin dayandırılmasını və yaranmış maddi çətinliklə bağlı Bankdan kredit ödənilməsində ona möhlət verilməsini xahiş etməsi nəzərə alınmamışdır. Yüksək dərəcədə faiz borcunun və cərimənin hesablanmasına heç bir əsas olmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

17. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 21.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Prosessual Məcəllə 23.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 26.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 27.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 28.Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 29.Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apelyasiya baxışının hədləri

30. İddia qismən təmin edilmiş olsa da, qətnamədən yalnız cavabdeh şikayət vermişdir. Qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.

33. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, maddi vəziyyətində yaranmış müvəqqəti çətinliklə bağlı kreditin ödənilməsini dayandırması və bununla bağlı bankdan kreditin ödənilməsində ona möhlət verilməsini xahiş etməsi nəzərə alınmamışdır.

34. Kollegiya qeyd edir ki, maddi vəziyyətində çətinlik yaranması borclunu müqavilə üzrə yaranmış öhdəliyin icrasından azad etmir və kreditin ödənilməsi ilə bağlı möhlət verilməsi, hər hansı güzəşt edilməsi isə bankın vəzifəsi yox, hüququdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

36. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.

37. Apelyasiya şikayətində irəli sürülən, faiz və cərimə borcunun düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır.

38. Digər tərəfdən Kollegiya qeyd edir ki, faiz borcunun düzgün hesablandığı hesabdan çıxarışla da müəyyən olunur, belə ki, həmin çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş aparılmış, əsas qalıq borcu olan 6351,69 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 4,76 manat (6351,69x27%/360=4,76), həmin faizlərin hesablandığı müddət isə sonuncu ödənişin edildiyi xx.xx.2020-ci il tarixdən iddia qaldırılarkən verilmiş maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixədək 417 gün olduğu müəyyən edilir ki, bu da 1986,49 manat təşkil edir. Bank tərəfindən isə 590,52 manat faiz borcu tələb edilmişdir.

39. Cərimə məbləğinə aid hissədə isə Kollegiya qeyd edir ki, məhkəmə tənasübsüz surətdə yüksək hesab edərək, tələb edilən cərimə borcunu azaltmışdır.

40. Nəhayət, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia tələbini qismən qəbul edərək, yalnız cərimə borcunun azaldılmasını xahiş etmişdir ki, məhkəmə də həmin borcu azaltmışdır. Həmin vaxt o, faiz borcuna etiraz etməmişdir. Məhkəmə iclas protokoluna etiraz da verilməmişdir.

41. Cavabdehin apelyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-588/2022 saylı iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar