Məhkəmə qərarları › İş №2(103)-5922/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5922/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5922/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə 2533,53 ABŞ dolları əsas borc, 653,16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3186,69 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-1392/21) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 23.11.2011-ci il tarixli İK № 910 saylı kredit müqaviləsi üzrə 2533,53 ABŞ dolları əsas borc, 653,16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3186,69 (üç min bir yüz səksən altı dollar 69 sent) ABŞ dolları məbləğində (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 İddiaçı ASC ilə bağladığı 23.11.2011-ci il tarixli İK № 910 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla, 3000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 23.11.2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar və borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. 23.11.2011-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X4 İddiaçı ASC-dən 3000 ABŞ dolları məbləğində pul vəsaiti götürmüşdür. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 kredit borcunu 23.11.2011-ci il tarixindən 23.11.2013-cü il tarixədək, banka hər ay 168 ABŞ dolları, sonuncu ay isə 160 ABŞ dolları ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. 04.01.2019-cu il tarixli bildirişə əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdeh X3 xəbərdarlıq edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun İddiaçı ASC qarşısında borcu heç də iddiaçının göstərdiyi kimi deyil. Bank tərəfindən borc qərəzli şəkildə şişirdilmişdir və bununla bağlı heç bir mühasibatlıq ekspertizası keçirilməmişdir. İddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda Cavabdeh1 məhkəmə qətnaməsini yalnız iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını həmin hissədə yoxladı. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC və X4 arasında 23.11.2011ci tarixli kredit müqaviləsinə əsasən ona illik 30 faiz ödəmək şərtilə 24 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı cavabdehlərdən 2533,53 ABŞ dolları əsas borc, 653,16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3186,69 ABŞ dolları məbləğində borcun tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, 23.11.2011-ci il tarixli İK № 910 saylı kredit müqaviləsi üzrə 2533,53 ABŞ dolları əsas borc, 653,16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3186,69 ABŞ dolları məbləğində borc mövcuddur və bu borc cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445-ci və s. maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəsatətinə əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6330 saylı, 24 sentyabr 2021-ci il tarixli rəyinə əsasən X2 cavabdeh İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin sonuna, yəni 23.11.2013-cü il tarixə əsas borc üzrə 674,24 ABŞ dolları, faiz borcu üzrə 44,39 ABŞ dolları, 01.04.2021-ci il tarixə, yəni qətnamə çıxan tarixə isə əsas borc üzrə 219,47 ABŞ dolları, faiz borcu üzrə 1101,51 ABŞ dolları müəyyən edilir. Məhkəmə kollegiyası əsas borcla bağlı hesab edir ki, tutulacaq borcun əsas məbləği ekspert rəyi ilə 01.04.2021-ci il tarixə hesablanmış 219,47 ABŞ dolları müəyyən edilməlidir. Faiz borcu ilə bağlı isə qeyd edilməlidir ki, müvafiq rəylə faiz borcu məbləği 1101,51 manat müəyyən edilsə də, iddiaçı cavabdehdən 653,16 ABŞ dolları faiz borcu tələb etmişdir. Belə olan halda, məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbindən kənara çıxa bilmədiyi üçün tutulacaq faiz borcunun məbləği dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-cü il tarixli qətnaməsi “cavabdeh X1 23.11.2011-ci il tarixli İK № 910 saylı kredit müqaviləsi üzrə 2533,53 ABŞ dolları əsas borcun tutulması” hissəsində dəyişdirilsin və həmin məbləğ 219,47 (iki yüz on doqquz dollar, qırx yeddi sent) ABŞ dolları müəyyən edilsin. Qətnamənin qalan hissəsi, yəni cavabdehdən faiz borcuna görə 653,16 ABŞ dolları məzənnə üzrə manatla və dövlət rüsumunun əvəzi kimi 30 manat tutulması hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar