Məhkəmə qərarları › İş №2(103)-5922/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5922/2022

10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5922/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5922/2022 (Açar sözlər: “alimentin artırılması”) Bakı şəhəri 10 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(004)- 2501/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə 2013-cü il tarixdən faktiki birlikdə yaşayaraq ümumi təsərrüfat aparmaqla ailə həyatı qurmuşlar.

2. Birgə yaşadıqları müddətdə iki uşaqları anadan olmuşdur. Hər iki uşağın atalığı müəyyən olunmuşdur.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 1 saylı X1 (Şirvan, Hacıqabul) xx.xx.2022-ci il tarixli, **********4 saylı arayışına əsasən Cavabdeh həmin filialdan ikinci qrup əlilliyə görə 180 manat sosial müavinət və birinci qrup əlil şəxsə (X2) qulluğa görə 80 manat Prezident təqaüdü alır (müddətsiz).

4. Eyni filialın eyni tarixli **********6 saylı arayışına əsasən İddiaçı 18 yaş SİM övladına (İsmayılova Mehri Şöhrət qızına) görə 280 manat sosial müavinət alır (müddət xx.xx.2024).

5. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinın xx.xx.2022-ci il tarixli MİHO/1.2.2-2-2022-238 saylı məktubuna əsasən Cavabdeh fiziki şəxs kimi heyvandarlıq sahəsi üzrə adına olan (İN742839) inəyin doğulan (İN140398, İN140399) 2 buzovuna görə EKTİS-də müraciəti təsdiqlənmiş və hesablanmış 200 manat subsidiya məbləği Cavabdeh fermer kartına köçürülmüşdür.

6. Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumata əsasən iddiaçı bəzi kateqoriya şəxslərə qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 50 manat təqaüdünü alır.

7. Şirvan Şəhər Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(103)-1316/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı 28 mart 2015-ci il təvəllüdlü İsmayılova Mehri Şöhrət qızının və 31 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat sabit pul məbləğində alimentin və xəstə uşaq İsmayılova Mehri Şöhrət qızının müalicəsi üçün əlavə xərc kimi 100 manat tutularaq ona verilməsi barədə iddia ərizəsinin qismən təmin edilməsi, əvvəli 19 avqust 2019-cu il tarixdən hesablanmaqla alınması xx.xx.1989-cu il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş və Şirvan şəhəri, Hacıqəhrəmanlı şəhərində yaşayan Cavabdeh yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində aliment 28 mart 2015-ci il təvəllüdlü İsmayılova Mehri Şöhrət qızına görə 30 manat, 31 avqust 2016-cı il təvəllüdlü X4 görə isə 50 manat İddiaçı verilməsi, İddiaçı Cavabdeh qarşı xəstə uşaq İsmayılova Mehri Şöhrət qızının müalicəsi üçün əlavə xərc kimi 100 manat pulun tutularaq ona verilməsi hissəsində iddia ərizəsinin təmin edilməməsi, qətnamə qəbul edildikdən sonra aliment hissəsində dərhal icra olunması qət edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(032)-1316/2019 saylı qətnaməsi ilə 28 mart 2015-ci il təvəllüdlü İsmayılova Mehri Şöhrət qızının saxlanması üçün 30 manat, və 31 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 manat hər ay sabit pul məbləğində aliment, İsmayılova Mehri Şöhrət qızının müalicəsi üçün əlavə xərc kimi 100 manat pulun tutulması hissəsində dəyişdirilərək artırılması; uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər biri üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması; 28 mart 2015-ci il təvəllüdlü İsmayılova Mehri Şöhrət qızının sağlamlıq imkanlarının məhdud olması və davamlı müayinə və müalicə xərcləri nəzərə alınaraq əlavə xərc kimi 300 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2013-cü il tarixdən faktiki birlikdə yaşayaraq ümumi təsərrüfat aparmaqla ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə iki uşaqları anadan olmuşdur. Hər iki uşağın atalığı müəyyən olunmuşdur. Birgə yaşadıqları dövrdə ana dəfələrlə döyüldüyündən uşaq ana bətnində olan vaxt xəsarət almış və uşaq xəstə doğulmuşdur. X9 serebrial iflicdir. Ayrıldıqları vaxtdan iddiaçı valideynlərinin himayəsindədir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır və uşaqların saxlanması üçün iddiaçıya heç bir zəruri maddi yardım göstərmir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bundan əlavə Mehri İsmayılova hər üç aydan bir ölkə hüdudlarından kənarda xəstəliyi ilə əlaqədar müalicə alır. Şirvan Şəhər Məhkəməsinin həmin qətnaməsinə əsasən əvvəli 19 avqust 2019-cu ildən hesablanmaqla cavabdehdən Mehrinin saxlanması üçün 30 manat, Rafətin yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 manat hər ay sabit pul məbləğində aliment, İsmayılova Mehri Şöhrət qızının müalicəsi üçün əlavə xərc kimi 100 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Təyin edilmiş aliment və İsmayılova Mehri Şöhrət qızının müalicəsi üçün əlavə xərc miqdarı bu günkü həyat şəraiti, uşaqların saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması və s. ilə uyğunlaşmır. İddiaçı heç bir yerdə işləmir və başqa gəlir yeri yoxdur. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iştirak edə bilməyəcəyi ilə əlaqədar məhkəməyə teleqram ünvanlamışdır.

12. Cavabdeh məhkəməyə ünvanladığı ərizələrdə bildirmişdir ki, ömürlük ikinci qrup əlildir. Əmək qabiliyyəti yoxdur. 180 manat sosial müavinət alır və heç bir yerdə işləmir. X8 beyin iflici xəstəliyindən əziyyət çəkir. Yataq xəstəsi olduğu üçün ona qulluq edir. 180 manat sosial müavinətin 80 manatını alimentə, qalan 100 manatını dərmanlara verir. İddiaçı onun və qızının xəstəliyinə görə onları atıb getmiş, sonradan qızını götürmüşdür. Şirvan Şəhər Məhkəməsinin müəyyən etdiyi 80 manat alimenti belə çətinliklə ödəyir. X12 hər ay 280 manat sosial yardım alır. Bunlardan əlavə iddiaçı cavabdehə uşaqları ilə görüşməyə də şərait yaratmır.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(004)- 2501/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(032)-1316/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 28 mart 2015-ci il təvəllüdlü İsmayılova Mehri Şöhrət qızı və 31 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməsi qət olunmuşdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını, iddiaçının xəstə uşağa qulluğa görə əlavə təqaüd və sosial müavinət almasını, cavabdehin ikinci qrup əlil olmasını, himayəsində birinci qrup əlil şəxsin olmasını və iddiaçının cavabdehin iddia ərizəsində qeyd edilən aliment miqdarını ödəməyə imkanının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab etmişdir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər bir uşağa görə hər ay 100 manat, cəmi 200 manat məbləğində müəyyən edilməli, iddia müalicə xərcinin artırılması hissəsində rədd edilməlidir.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə, 75.1-ci maddəsinə, 75.4-cü maddəsinə, 76.1.1-ci maddəsinə, 78.1-ci maddəsinə, 78.2-ci maddəsinə, 81.2-ci maddəsinə, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2501/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi aliment tutulması hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməli və bu barədə qətnamə dəyişdirilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 18 sentyabr2019-cu il tarixli Qətnaməsinə əsasən əvvəli 19 avqust 2019-cu ildən hesablanmaqla xx.xx.1989-cu ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş və Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi qeydiyyatda olan Cavabdeh 28 mart 2015-ci il təvəllüdlü İsmayılova Mehri Şöhrət qızının saxlanması üçün 30 manat, və 31 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 manat hər ay sabit pul məbləğində aliment, İsmayılova Mehri Şöhrət qızının müalicəsi üçün əlavə xərc kimi 100 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Təyin edilmiş aliment və İsmayılova Mehri Şöhrət qızının müalicəsi üçün əlavə xərc miqdarı bu günkü həyat şəraiti, uşaqların saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması və s.. ilə uyğunlaşmır. İddiaçı heç bir yerdə işləmir və başqa gəlir yeri yoxdur. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Bundan əlavə İddiaçı qardaşı Azərbaycan Ordusunun əsgəri olan X5 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edərək 10 oktyabr tarixində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixli Sərəncamlarına əsasən ölümündən sonra "Vətənuğrunda" və “Laçının azad olunması”medalları ilə təltif edilib. Həmçinin cavabdeh Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinın xx.xx.2022-ci il tarixli MİHO/1.2.2-2-2022-238 saylı məktubuna əsasən Cavabdeh fiziki şəxs kimi heyvandarlıq sahəsi üzrə adına olan (İN742839) inəyin doğulan (İN140398, İN140399) 2 buzovuna görə EKTİS-də müraciəti təsdiqlənmiş və hesablanmış 200 manat subsidiya məbləği Cavabdeh fermer kartına köçürülmüşdür. Bütün bu faktiki və hüquqi hallara Bakı şəhəri Yasamal rayon Məhkəməsi əhəmiyyət verməmiş və nəticədə əsassız bir qətnamə qəbul etmişdir. Prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi konteksindən məsələyə yanaşanda görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mülki işin həlli zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 14.2, 76.1-76.2, 77.1, 88, 106.1, 217.1, 217.3--217.4 və 220.5-ci maddələrini pozmuşdur. Öz növbəsində, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24noyabr 2005-ci il tarixli 4 saylı Qərarının müvafiq tövsiyələrinə əməl etməmisdir. Belə ki, həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır və qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

18. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə cavabdeh yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, 2-ci qrup ömürlük irsi əlildir. Heç bir yerdə işləmir, fiziki əmək qabiliyyəti yoxdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə cavab olaraq bildirir ki, o, 180 manat sosial müavinat alır, qulluğa görə 80 manat alırmış, 30 iyun 2022-ci il tarixdən kəsilmiş, hazırda 180 manat sosial müavinat alır. İddiaçı şikayətində qeyd etmişdir ki, qızımız İsmayılova Mehri Şöhrət qızını hər 3 aydan bir müalicəyə aparır. Qızları anadan olandan atası həyətində olan mal qarasını satıb övladlarını müalicə elətdirdiyini, sonra İran İslam Respublikasına apardığını bildirmişdir. İddiaçının xalası oğlu ilə öz hesabına dərmanları aldığını qeyd etmişdir. Uşağın serebral iflic olduğunu və müalicəsinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasında müalicə alır, qeydiyyatda olduğu üçün müalicəsi pulsuzdur. Qızı daima onun diqqətindədir. Pulları qurtardıqdan sonra iddiaçı qız övladını onun yanında qoyub, oğlan övladını götürüb aparmışdır. Hər ay iddiaçının 280 manat sosial yardım aldığını qeyd edir. 4 ildir oğlunu görmür, dəfələrlə zəng etmiş, lakin iddiaçı “386 manat pul ver sonra gör” demiş. Cavabdeh bildirir ki, qardaşının evində qalır, satılası heçnəyi qalmayıb. İddiaçının uşaqları saxlamasında çətinlik çəkirsə, ona verilməsini məhkəmədən xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının:

21. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

22. 56.1.-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

23. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

24. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

25. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə–qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

26. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

27. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

28. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

29. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

40. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 1 saylı X1 (Şirvan, Hacıqabul) xx.xx.2022-ci il tarixli, **********4 saylı arayışına əsasən Cavabdeh həmin filialdan ikinci qrup əlilliyə görə 180 manat sosial müavinət və birinci qrup əlil şəxsə (X2) qulluğa görə 80 manat Prezident təqaüdü alır (müddətsiz).

43. Məhkəmə kollegiyası uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını, iddiaçının xəstə uşağa qulluğa görə əlavə təqaüd və sosial müavinət almasını, cavabdehin ikinci qrup əlil olmasını, himayəsində birinci qrup əlil şəxsin olmasını və iddiaçının cavabdehin iddia ərizəsində qeyd edilən aliment miqdarını ödəməyə imkanının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər bir uşağa görə hər ay 100 manat, cəmi 200 manat məbləğində müəyyən edilməli, iddia müalicə xərcinin artırılması hissəsində rədd edilməlidir.

44. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(032)-1316/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 28 mart 2015-ci il təvəllüdlü İsmayılova Mehri Şöhrət qızı və 31 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

45. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

46. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(004)- 2501/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar