Məhkəmə qərarları › İş №2(103)-5926/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5926/2024

28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5926/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması, uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərə cəlb olunma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün əlavə xərc kimi pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-4497/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflərin nikahından xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur.

2. Qəbələ Rayon Məhkəməsinin 2(025)-756/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 41 №-li arayışa əsasən X3 xx.xx.2024-cü il tarixdən psixoloji dəstək alır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)- 756/2022 nömrəli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment məbləğininin artırılaraq cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, eyni zamanda müalicəsi ilə alaqədar əlavə xərc olaraq hər ay 200 manat məbləğində pul vəsaitinin və 50 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində tutulmuşdur. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kiyayət etmir, eyni zamanda uşaq «nitq qüsuru» xətsəliyndən əziyyət çəkir, müntəzam olaraq həkim müayinəsi və müalicəsinə ehtiyac var. Bunun üçün əlavə xərcin tutulmasına zərurət var.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, aliment məbləği müəyyən ediləndən bu günə kimi hər ay vaxtlı-vaxtında və tam şəkildə ödəyir. Həmçinin, iddiaçının tələbinə qızıl-zinət tələbi ilə bağlı çıxarılmış qətnamə hazırda Qəbələ rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Həmin qətnamə üzrə də iddiaçıya ödənişlər edir. Hansı ki, həmin qızıllar qarşı tərəfin də razılığı ilə birgə nikah dövründə satılmışdır. Bundan əlavə iddiaçı müvafiq məhkəmə qətnaməsi ilə birgə nikah dövründən əvvəl əldə etdiyi pul əsasında birgə nikah dövründə əldə etdiyi və birgə nikah dövründə satdığı maşınlar üzərində də 1/2 hissədə payını tanıtmışdır. Bu qətnamələr cavabdehin ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Həmçinin cavabdeh xx.xx.2024-cü il tarixdə Qaçayeva (Abdurahmanlı) Cəmilə Elxan qızı ilə yenidən ailə həyatı qurmuşdur. Arvadı halhazırda 12-13 həftəlik hamilədir, hamiləliyi ilə yanaşı “hipotireoz” xəstəliyindən də əziyyət çəkir, daim həkim nəzarətində və müalicədədir. Bundan əlavə iddiaçı uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün əlavə xərc kimi pul tələb edir. Lakin, uşağın xəstəliyinin konkret olaraq nədən ibarət olduğunu, həmçinin uşağın xəstəliyi, davamlı müalicə alması ilə bağlı iş materiallarına hər hansı sübut əlavə etməmişdir. İş materiallarına 2022-ci ildə verilmiş analiz cavablarını, xx.xx.2023-cü il tarixdə yazılmış həkim reseptini əlavə edib. Əlavə etdiyi digər resept blankında isə gözlə görüləcək şəkildə xx.xx.2023-cü ildə yazılmış blankın üzərində tarixi saxtalaşdıraraq, xx.xx.2024-cü il tarix yazaraq məhkəmənin diqqətini hər il həkim müayinəsində olması ilə bağlı səhv istiqamətə yönəltmək istəyir. Lakin iddiaçı bu günə qədər cavabdehə uşağın xəstəliyi ilə bağlı hər hansı müraciət etməyib. İddiaçı iddia ərizəsində “hal-hazırda uşağa görə ödənilən alimentin məbləği onun təlabatlarını ödəmir, digər tərəfdən X3“nitq qüsuru” xəstəliyindən əziyyət çəkir, müntəzəm olaraq həkim müayinəsinə və müalicəsinə ehtiyacı var. Müalicə hər ay aparılır, müntəzəm olaraq psixoloq, loqoped, psixopedeqoq yanına və 3 ayda bir dəfə Bakı şəhərində nevropataloq müayinəsinə aparılır, həkimə ödənilən ödəniş və gediş-gəliş haqqı ilə birlikdə 150 manat civarında başa gəlir. Müalicəsi ilə əlaqədar hər ay dərmanlarına 100 manata qədər pul xərclənir. Ümumilikdə, bütün bunlara görə ödənilən xərclər valideynlərimin köməkliyi ilə qarşılanır. Cavabdeh şəxs isə əlavə xərclərdə iştirak etmir və köməklik göstərmir. Ona görə də cavabdeh şəxsdən aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutulmasını və uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay ödənilən əlavə xərc kimi pul vəsaitinin tutularaq mənə verilməsini istəyirəm” qeyd etmişdir. Hazırda ölkədə icbari tibbi sığorta üzrə bütün xəstələrin müayinəsi pulsuz aparılır. Heç bir dövlət xəstəxanasında həkim müayinəsi, əlavə tibbi xidmətlərin göstərilməsi üçün ödəniş tələb olunmur. İddiaçı bütün bunları qeyd etməklə ondan əsassız şəkildə əlavə pul almaq istəyir. Həmçinin uşağın davamlı müayinə və müalicələrə aparılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməyib. Müayinədə hər hansı ödəniş etməsi ilə bağlı hər hansı ödəniş qəbzi təqdim etməyib. Hər bir insan uşaqlar, və ya böyük olmasından asılı olmayaraq, daim həkim müayinəsində olmalıdır. İddiaçı həmin sənədləri məhkəməyə təqdim edərək, ondan əlavə xərc tələb edir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 160 manat aliment məbləği müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı yaxşılaşma qeydə alınmayıb. Heç yerdə işləmir, aylıq müntəzəm gəliri yoxdur, maddi vəziyyəti daha da ağırlaşmışdır. Belə ki, ailə qurmuşdur və arvadı hamilədir, artıq yeni doğulacaq uşağının da maddi vəziyyətini nəzərə almalıdır. X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment məbləği müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4497/2024 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-756/2022 nömrəli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 160 manat məbləğində alimentin məbləği artırılaraq Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin alimentin artırılmış hissəsi qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı xeyrinə tutulması, X1 müalicəsi ilə əlaqədar əlavə xərc olaraq hər ay 50 manat məbləğində pul vəsaitinin xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, uşağın tələbatları artdığından xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 160 manat məbləğində alimentin məbləğini artırılaraq cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutulmalı, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

9. Məhkəmə qeyd etmişdir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşağın ananın yanında qalması və onun günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. Məhkəmə hesab etmişdir ki, cavabdehin nikaha girməsi onu uşağına qarşı olan aliment öhdəliyindən azad etmir.

10. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçı 2024-cü ilin may, iyun ayları üzrə "xxxx" MMC-yə 12, 15 manat məbləğində edilən ödənişləri təsdiq edən çoxsaylı satış çekləri, xx.xx.2024-cü il tarixdə 200 manat məbləğində satış çeki təqdim edilmişdir. Həmin çeklərdən ödənişlərin məhz X3 üçün edildiyi görünməsə də, ödənişlərin Nuray üçün edildiyini məhkəmə qəbul etmişdir.

11. Nurayın səhhətində ciddi problemlər var, o, mütəmadi olaraq psixoloji dəstək alır, cavabdehin rəsmi iş yeri olmasa da onun mülkiyyətində mənzil və avtomobil var. Lakin, cavabdehin hazırda yeni ailə qurduğunu nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, o, uşağının müalicəsi ilə əlaqədar problem həll olunana qədər əlavə xərclərə 50 manat məbləğində cəlb edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2, 81.3, 100.2, 112.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.3-cü maddələrinə, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.1, 8.2, 8.3, 8.4, 8.6, 8.14-cü bəndlərinə, AR Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına, Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 112.1.3, 119.1, 119.2, 234.2.1, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin müalicə xərcləri hissəsində ləğv edilərək, müalicə xərci hissəsində təmin edilməməsini, alimentin artırılması hissəsində isə alimentin 180 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış, həmçinin bildirilmişdir ki, iddiaçı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilərkən uşağın az yaşlı olmasına görə bəlkə də işləyə biləcək vəziyyətdə olmasa da, hal-hazırda işləyib qazanc əldə edə bilər. Lakin iddiaçı belə fikirdə deyil, məqsədi cavabdehin bütün qazancını ələ keçirməkdir. İddiaçı ilə birgə nikahdan doğulmuş uşaqda belə xəstəliklərin heç biri yoxdur. İddiaçı bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edir ki, uşaqda nitq qüsuru olması onun əlavə xərclərə cəlb olunmağı üçün əsas deyildir. Belə ki, nitq qüsuru hal-hazırda çoxlu sayda uşaqlarda olan problemlərdir. Əslində uşaqda nitq qüsurunun yaranması da iddiaçının özünün səhvi nəticəsində olmuşdur. Məhkəmə tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişlik olmasını nəzərə almalı olduğu halda, bunu nəzərə almamışdır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara əsaslanmalı olduğu halda, məhkəmə iddiaçının həqiqəti əks etdirməyən sözləri ilə qətnamə çıxarmışdır. Göründüyü kimi, iddiaçı 235 manat aliment ödəməyinə dair hər hansı sübut təqdim etməmişdir. Lakin məhkəmə onun adına bir evinin olmasını və bir avtomobilinin olmasını 235 manat aliment ödəmək gücünə malik olmağı ilə əsaslandırmışdır. Qeyd edir ki, onun adına olan fərdi yaşayış evini kirayəyə və s. verərək hər hansı gəlir əldə etmir. İddiaçı aliment ödəmək qabiliyyəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəməə aliment təyin edərkən hansı sübutlarla cavabdehin hər ay 235 manat aliment, həmçinin xəstəlik xərci olaraq 50 manat ödəyə bilməyini əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında maddi imkanının olmaması səbəbindən iştirak edə bilməyəcəyini, Qəbələ rayonunda qeydiyyatda olmaqla orada yaşadığını, heç yerde işləmədiyini, yenidən ailə qurduğunu və arvadının hamilə olduğunu, maddi imkanının olduqca acınacaqlı olduğunu bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətiıin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

19. Azərbayan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı: Bənd 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

23. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı: Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia qismən təmin olunduğundan, qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – uşağın müalicəsi ilə əlaqədar cavabdehdən əlavə xərcin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası iddia tələbinin alimentin miqdarının artırılması hissəsi ilə bağlı qeyd edir ki, aliment məbləğinin sonuncu dəfə artırıldığı vaxtdan artıq iki il keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği dəyişmişdir.

30. Kollegiya hesab edir ki, hazırda uşağa görə alimentin cavabdehin bildirdiyi kimi 180 manat məbləğində müəyyən edilməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.

31. Nəzərə alınmalıdır ki, qanunvericiliklə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. O da qeyd edilməlidir ki, aliment ödəyən valideynin az qazanca malik olması və ya yenidən nikaha daxil olması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Odur ki, qətnamə bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün alimentin miqdarını artıraraq 235 manat məbləğində müəyyən etmişdir.

33. Kollegiya uşağın müalicəsi ilə əlaqədar cavabdehdən əlavə xərcin tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tərəflərin birgə nikahlarından doğulmuş uşağın gələcəkdə hər ay müalicəsinə nə qədər vəsait sərf olunacağı, həmin müalicənin hansı vaxtadək davam edəcəyi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia həmin hissədə qismən təmin edilərkən düzgün nəticəyə gəlinməmişdir.

35. Ailə qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

36. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 41 №-li arayışa əsasən müəyyən olunur ki, X3 xx.xx.2024-cü il tarixdən psixoloji dəstək alır. İddiaçı tərəfindən təqdim olunan qəbzlərə əsasən 2024-cü il in may-iyun aylarında "xxxx" MMC-yə ümumilikdə 413 manat vəsait ödənilmişdir.

37. Belə olan halda, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin faktiki çəkilmiş əlavə xərclərə cəlb edilməsi barədə tələb irəli sürə bilərdi.

38. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4497/2024 nömrəli qətnaməsi X1 müalicəsi ilə əlaqədar əlavə xərc olaraq hər ay 50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar