Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5928/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5928/2022 (Açar sözlər: alimentin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2856/2022 saylı 13 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2840/2008 saylı, xx.xx.2008ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmış, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh onun bütün növ aylıq gəlirinin və qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh uşaqların hər birinə görə ayrı-ayrılıqda ayda 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2840/2008 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş, uşaqların ananın yanında qalmasını qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh Nəxməddin oğlunun bütün növ aylıq gəlirinin və qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdeh özü fərdi qaydada diş həkimi kimi fəaliyyət göstərir. Xırdalan şəhəri, Kristal Abşeron 1 ünvanında “STYLE” stomatoloji kilinikasını cavabdeh işlədir və həmin klinika ona məxsusdur. “İnstagram” sosial şəbəkəsində həmin kilinikanın açıq səhifəsi də mövcuddur və həmin səhifədə cavabdehin nömrəsi və şəkilləri vardır. Həmçinin, əlavə olaraq 20 Yanvar metrosunun yaxınlığında, Məmmədcəfər Cəfərov küçəsində yerləşən Qaragözova tibb mərkəsində də stomatoloq olaraq fəaliyyət göstərir. Cavabdehin qazancının qeyri-müntəzəm, dəyişən olması səbəbindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2840/2008 nömrəli qətnaməsinin aliment ilə əlaqədar hissəsinin icrasında çətinlik yaranır. Bu baxımdan alimentin artırılmasını məqsədəmüvafiq hesab edir
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 iyun 2022-ci il tarixli 2(004)-2856/2022 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia ərizəsi təmin edilmiş, 25 noyabr 2004-cü il təvəllüdlü X4 və 20 oktyabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh 25 noyabr 2004-cü il təvəllüdlü X4 və 20 oktyabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34, Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə onun maddi vəziyyətini nəzərə almadan qətnamə qəbul etmişdir. İddiaçı onun stomatoloq olduğunu bildirir və yaxşı pul qazandığını göstərir. Əvvəla o, yaxşı pul qazansaydı, kredit götürməzdi. İkincisi, onun işlədiyi yerin saxlanılması üçün vergi, sosial müdafiə və işçi xərcləri var ki, onları hər ay ödəməlidir. Üçüncüsü, o, işçi kimi əmək haqqı alır və nə üçün həmin əmək haqqından aliment tutulmur?!.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
11. Maddə 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi
12. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
23. Kollegiya qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan valideynin maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin.
24. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Baxılan iş üzrə uşaq iddiaçının himayəsində olduğundan onun saxlanması üçün tələb olunan bütün digər zəruri xərclər də iddiaçının üzərinə düşür.
25. Kollegiya apellyasiya şikayətinin cavabdehin kredit ödəməsi təyin edilmiş aliment məbləğini ödəyə bilməməsi arqumentinə münasibət bildirərək qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin kredit ödəməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
26. Kollegiya ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi miqdarını artırmışdır.
27. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2856/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov