Məhkəmə qərarları › İş №2(103)-593/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-593/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-593/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarşı mülki iş üzrə (açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-4766/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı xx.xx.2024-cü il tarixli Whatsapp tətbiqi vasitəsilə İddiaçı ilə +**********52 nömrəli abonent arasında olan yazışmadan çıxarışdan görünür ki, +**********52 nömrəli abonent toplam olaraq 14500 manat borcu olduğu, 4000 manat qaldığını, 500 manat verdiyini toplam 11000 manat ödədiyini və 3500 manat borc qaldığını qeyd etmişdir. “Azemis” Elektron məhkəmə informasiya sistemindən Cavabdeh adına olan mobil nömrələr barədə sorğudan görünür ki, +**********52 nömrə Cavabdeh adına olan nömrələr sırasındadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14500 manat borc puldan qalan 3500 manat borcun, vurduğu mənəvi ziyana görə 2000 manat olmaqla ümumilikdə 5500 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 75 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh onun sinif yoldaşı olmuşdur. 2023cü ildə səhhəti ilə bağlı Bakı şəhərində müalicədə olarkən yanına gəlib baş çəkmiş, sonra isə ondan bir-iki aylığına biznesində yaranan çətinliyə görə 15000 manat borc istəmişdir. İlkin olaraq ona 6000 manat, Naxçıvana qayıtdıqdan sonra 2023-cü ilin avqust ayında Arazın qaynı vasitəsilə 8500 manat borc pul göndərmişdir. Sonra Araza ona tikinti şirkətlərinə elektrik işi gördüyünü və bunun qarşılığında onlardan mənzil aldığını bildirib ona əlavə pul da vermək şərtilə ev təklif etmiş, iddiaçı bununla bağlı Bakıya gəlmiş, lakin sənədləşmədən yayındığı üçün məqsədinin ondan əlavə pullar almaq olduğunu hiss etdiyindən həmin təklifdən imtina etmiş və borcunu tələb etmişdir. Araz müxtəlif bəhanələrlə borcu qaytarmağı gecikdirmiş, cavabdehin qardaşına, atasına zəng edəndən sonra ona hissə-hissə olmaqla 11000 manat pul qaytarmışdır. Qalan 3500 manat borcu qaytarmaqdan yayınır. Əksinə ona qarşı kobudluq edərək, get nə edirsən et deyir. Cavabdehin etdiyi hərəkətlərə görə həddən artıq əsəb və stress keçirmişdir. Cavabdehin bu hərəkətlərindən əsəb keçirdiyini və bir müddət müalicə almışdır. Odur ki, mənəvi zərər olaraq ona vurulmuş ziyanı tələb edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı etiraz ünvanlayaraq, İddiaçı tələbinin tamamilə əsassız və qanunsuz olduğunu, iddia ərizəsində göstərilən əsasların cəfəngiyyat olduğunu bildirmişdir. Belə ki, cavabdehin ondan 15000 manat borc pul verməsini xahiş etdiyini, iddiaçı ona hissə-hissə ümumilikdə 14500 manat borc verdiyini, cavabdeh isə həmin pul məbləğindən 11000 manatını geri qaytardığını, qalan 3500 manat borcu isə qaytarmaqdan imtina etdiyini bildirmişdir. Lakin o, İddiaçı 14500 manat deyil, ümumilikdə hissə-hissə 11000 manat borc pul götürmüş və daha sonra həmin borcu geri qaytarmışdır. Həmin pul məbləğinin geri qaytarılması faktını iddiaçı özü ərizəsində təsdiq edir. 14500 manat borc verməsi ilə bağlı iddia tamamilə absurddur, nəyə görə 3500 manat artıq pul hesablaması məlum deyil. Borc məbləği üç min manatdan artıq olduqda yazılı müqavilənin bağlanması məcburidir (imperativ normadır), yəni qanunvericilik hər-hansı seçim qoymamışdır. Bu səbəbdən iddiaçı əgər 14500 manat borc vermişsə cavabdeh ilə borc müqaviləsi bağlamalı idi. Müqavilənin bağlanmaması onun həmin borcun verməsi faktını təkzib edir. Həmçinin iddiada borc məbləği vaxtında qaytarılmadığından stressdən əziyyət çəkməsi, müalicə alması və dəymiş mənəvi zərərə görə 2000 manat pul məbləğində kompensasiya olaraq tələb edilir. Artıq iddiaçının həmin pul məbləğində borc verməməsi faktı yuxarıda qeyd edilən əsaslardan öz təsdiqini tapmışdır. İddiaçı əsəb müalicəsi aldığına istinad etmişdir, lakin məhkəməyə müalicə alması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bu isə yenə ona dəlalət edir ki, iddiaçının tələbi cəfəngiyyatdır. İddiaçının əsas məqsədi hazırki vəziyyətdə istifadə edərək, əsassız varlanmaqdır. Sonuncu olaraq, məhkəməyə təqdim etdiyi whatsapp yazışmaları həqiqəti əks etdirmir. Həmin yazışmalar cavabdeh və iddiaçı arasında aparılmamışdır. Həmin yazışmalar hansı şəraitdə və nə vaxt aparılması məlum deyildir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4766/2024 nömrəli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3500 manat borc, mənəvi zərər olaraq 300 manat və 55 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən və iş materiallarından göründüyü kimi tərəflər arasında borc pulun verilməsi ilə bağlı şifahi olaraq müqavilə bağlanmış, cavabdehə məxsus telefon votsap yazışmalarına əsasən onun iddiaçıdan 14500 manat borc pul aldığı və həmin məbləğdən 11.000 manatını qaytardığını hazırda 3500 manat borcu qaldığını etiraf etmişdir. Yəni cavabdeh heç bir qanuni əsas olmadan iddiaçıya məxsus 3500 manat pul məbləğini özündə saxlamaqda davam edir. Beləliklə iddia tələbi 3500 manat pulun cavabdehdən tutularaq qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması ilə bağlı hissəsini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarından iddiaçının dəfələrlə Bakı şəhərinə gəlməsi, şifahi və yazılı votsap platforması üzərindən danışıqlar aparması və sonda məhkəməyə müraciət etməsi məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində olduğundan iddiaçı bununla bağlı mənəvi sarsıntı keçirməsi müəyyən edilir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 3500 manat məbləğində pul və mənəvi zərərə görə isə 300 manat dəymiş ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 55 manat hissəsi cavabdehdən tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-4766/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14500 manat borc puldan qalan 3500 manat borcun, vurduğu mənəvi ziyana görə 2000 manat olmaqla ümumilikdə 5500 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 75 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4766/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş və Cavabdeh 3500 manat borc, mənəvi zərər olaraq 300 manat və 55 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsi qanunsuzdur və ədalət prinsipinə ziddir. Belə ki, İddiaçı Cavabdeh ümumilikdə 11000 manat borc pul vermişdir. Cavabdeh tərəfindən həmin pul məbləği iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin pul məbləğinin ona geri qaytarılmasını iddia ərizəsində təsdiq edir. İddiaçının cavabdehə ümumilikdə 14500 manat borc pul verməsi ilə bağlı iddiası tamamilə cəfəngiyyatdır, nəyə görə verilən borc məbləğinin üzərinə 3500 manat hesablanması onlara məlum olmamışdır. Tərəflər arasında şifahi müqavilə bağlanmışdır və cavabdeh üzərinə düşən öhdəlikləri icra etmişdir. Həmçinin AR MM-nin tələblərinə əsasən borc müqaviləsinin predmeti 3000 manatdan çoxdursa, müqavilə yazılı formada bağlanmalıdır. İddiaçı tərəfindən məhkəmə müqavilə təqdim edilməmiş, yəni iddiaçının iddia tələbini əsaslandıran mötəbər sübutu mövcud deyildir. İddiaçı tərəfindən məhkəməyə yalnız whatsapp yazışmalarının şəkli təqdim edilmiş və birinci instansiya məhkəməsi həmin yazışmaların şəkllərinə istinad edərək qətnamə qəbul etmişdir. Halbuki, tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə etiraz ərizəsində həmin yazışmaların Cavabdeh və İddiaçı arasında aparılmadığını və yazışmaların həqiqəti əks etdirmədiyi qeyd edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin yazışmalara istinad etmiş, yazışmaların tərəflərindən təkzib edilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş sübutların mötəbərliyi yoxlanılmadan qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən “məhkəmə kompüter-texniki ekspertiza”sı təyin edilməli və yazışmaların həqiqətən tərəflər arasında aparılıb-aparılmaması barədə ekspert rəyi alınmalı idi. Lakin, birinci instansiya məhkəməsi yalnız şəxsin izahatları və təqdim etdiyi yazışmalara istinad edərək qətnamə qəbul etmişdir. Həmçinin tərəflər arasında aparılmış yazışmaların sübut qismində tanınması üçün, həmin yazışmaların tərəflər arasında aparılıb-aparılmaması məsələsi mütləq şəkildə ekspertiza təyin edilərək araşdırılmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən həqiqətən cavabdehə 11000 manat deyil, 14500 manat verilməsi ilə bağlı işin faktiki halları araşdırılmamışdır. Qətnamədə yalnız iddiaçının təqdim etdiyi whatsapp yazışmalarına istinad edilmişdir. Lakin, yazışmaların tərəflər arasında aparılıb-aparılmaması sübut edilməmişdir. İddiaçı tərəfindən cavabdehə yalnız 11000 manat məbləğində borc verilmiş və cavabdeh tərəfindən həmin borc məbləği ona geri qaytarılmışdır. Ona görə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4766/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəməyə teleqramm ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; .... 6.1.5. müqavilələr azadlığı; .... Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirilsə də, iddia tələbi qismən təmin edildiyi üçün qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının sübut növü kimi məhkəməyə təqdim etdiyi cavabdehin adına olan +**********52 nömrə ilə aparılmış votsap yazışmalarının cavabdeh ona aid olmamasını bildirsə də, yazışmanın aparıldığı nömrənin onun istifadəsində olmasını inkar etməmiş, həmin nömrənin istifadə edildiyi telefonu tədqiq olunması üçün məhkəməyə təqdim etməmiş, bununla da etirazında istinad olunan halları sübuta yetirmək vəzifəsini icra etməmişdir. İddiaçının verdiyi pulu almaqla borc müqaviləsinin tərəfi kimi müqavilənin şifahi qaydada bağlanmasına etiraz etməyən cavabdeh borc məbləğinin cəmi 11.000 manat olmasına dair etirazında istinad etdiyi halı da sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehə məxsus telefon votsap yazışmalarına əsasən onun iddiaçıdan 14500 manat borc pul aldığı, həmin məbləğin 11.000 manatının qaytardığı hazırda 3500 manat borcu qaldığı cavabdeh tərəfindən etiraf olunur. Göründüyü kimi cavabdeh heç bir qanuni əsas olmadan iddiaçıya məxsus 3500 manat pul məbləğini özündə saxlamaqda davam edir, iddiaçı isə verdiyi pulu geri ala bilməsi üçün sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbini qismən təmin edən, cavabdehdən borca görə 3500 manat, pozulmuş hüquqlarının bərpasına nail ola bilməsi üçün əsəb, sters hisslərini keçirməsi istisna olunmayan iddiaçının xeyrinə mənəvi ziyana görə 300 manat tutulması nəticəsinə gələn birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-4766/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4766/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar