Məhkəmə qərarları › İş №2(103)-5930/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5930/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5930/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: şikayətin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(011)- 6475/2022 nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobil qəzası ilə əlaqədar ona məxsus “Mazda 3 minik” markalı 90-UK- 308 dövlət nişanlı avtomobil yararsız vəziyyətə düşməsi ilə bağlı 1900 manat, məhkəmə üçün ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(011)- 6475/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, e-2(011)- 6475/2022 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.

5. Cavabdeh qərardaddan şikayət verərək, ləğv edilib, qətnamədən apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(011)- 6475/2022 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.

7. Qərardadın əsaslarına görə, şikayət qərardad 21 iyun 2022-ci il tarixdə cavabdehə məxsus elektron kabinetdə yerləşdirilməklə rəsmi qaydada verilmişdir, ondan şikayət (qeyri-iş günləri də nəzərə alınmaqla) isə qərardadın rəsmi qaydada verildiyi tarixdən sonra, prosessual qanunla nəzərdə tutulmuş 10 gün müddəti ötürməklə 03 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, şikayətə, buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir.

8. Cavabdeh qərardaddan şikayət verərək, ləğv edilməsini və qərardaddan şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh 21 iyun 2023-cü il tarixli qərardaddan şikayət verilməsi müddətini ötürməmişdir, belə ki, sözügedən qərardadı bu günə kimi almamışdır. Çox güman ki, iş materiallarında bu barədə hər hansı bir sübut yoxdur, qətnamədən apellyasiya şikayəti yazdırarkən hüquqşünas ona başa salmışdır ki, şikayəti göndərmək üçün “asan imza” almalıdır, o da “asan imza”nı alıb hüquqşünasa vermiş, sonuncu da apellyasiya şikayətini onun üçün göndərmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2(011)- 6475/2022 nömrəli qərardadı ilə şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmuşdur.

13. İşdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, e-2(011)-6475/2022 nömrəli qərardadı 21 iyun 2023-cü il tarixdə Cavabdeh elektron məhkəmə informasiya sistemindəki elektron kabinetinə yerləşdirilməklə ona çatdırılmış, sonuncunun qərardaddan şikayəti isə qanunvericiliklə müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülməklə verilmişdir.

14. Cavabdeh şikayətində qərardadı bu günədək almamasını bildirsə də, işdəki mötəbər sübut (elektron kabinetdən çıxarış) onun dəlillərini təkzib edir.

15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(011)- 6475/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(011)- 6475/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar