Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5936/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, e-2(005)-339/2021-029 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğvi və yeni kredit müqaviləsinin bağlanması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh ASC arasında 16.12.2019-cu il tarixdə bağlanmış 00-19-23-103937 saylı kredit müqaviləsinin ləğv edilməsini, bankla 01.06.2015-ci il tarixdə bağlanmış № 00- 15-11-024972 saylı kredit müqaviləsi üzrə iddiaçının borcu üzrə hesablanmış faizlər və dəbbə pulları (831.51 ABŞ dolları) silindikdən, 16.01.2020-ci il tarixdə və 13.05.2020-ci il tarixdə ödədikləri nəzərə alındıqdan sonra yeni kredit müqaviləsi bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC arasında 01.06.2015-ci il tarixdə 00-15-11-024972 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya illik 29%, 48 ay müddətinə olmaqla, 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. Sabunçu rayon məhkəməsinin 2(008)-6876/2016 saylı 18.05.2016-cı il tarixli məhkəmə əmri ilə iddiaçıdan Cavabdeh ASC-nin xeyrinə əsas borc 2366,84 ABŞ dolları, faiz borcu 831.51 ABŞ dolları, cəmi 3198,25 ABŞ dolları məbləğinin ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri qəbul edildikdən sonra iddiaçı borcundan ödənişlər etmişdir (ödənişlər barədə qrafik iddia ərizəsinə əlavə edilmişdir). Həmin kredit üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, iddiaçıya 1443,19 manat kompensasiya hesablanmışdır. İddiaçı ilə Cavabdeh ASC arasında 16.12.2019-cu il tarixdə 00-19-23-103937 saylı kredit müqaviləsi ilə kredit borcunun qalığı, yəni 2473,08 manat məbləği restrukturizasiya edilərək illik 1% olmaqla, 60 ay müddətinə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə 16.01.2020-ci il tarixdə 4 manat, 13.05.2020-ci il tarixdə 20.40 manat pul ödəmişdir. Lakin bu yaxınlarda keçmiş müqavilə üzrə ödənilmiş məbləğləri və hazırki müqaviləni araşdırarkən iddiaçı müəyyən etmişdir ki, bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının və “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” qaydalarının tələbləri kobud şəkildə pozularaq, iddiaçının borc yükü yüngülləşdirilməmiş, daha da ağırlaşmışdır. Belə ki, 01.06.2015-ci il tarixdə № 00-15-11-024972 saylı kredit müqaviləsi üzrə iddiaçının borcundan əsas borc, faizlər və dəbbə pulundan hesablanmış kompensasiya məbləği çıxılmış və qalan borcu üzrə restrukturizasiya edilərkən, 18.05.2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilən faiz və dəbbə borcu, yəni 831.51 ABŞ dolları məbləği silinməmişdir. Eyni zamanda, İddiaçı nümayəndəsi və vəkili Vəkil 15.03.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək İddiaçı ilə Cavabdeh ASC arasında 16.12.2019-cu il tarixdə bağlanmış №00-19-23-103937 saylı kredit müqaviləsinin ləğv edilməsi, bankla 01.06.2015-ci il tarixdə bağlanmış № 00-15-11- 024972 saylı kredit müqaviləsi üzrə iddiaçının borcu üzrə hesablanmış faizlər və dəbbə pulları (831.51 ABŞ dolları) silindikdən, 16.01.2020-ci il, 13.05.2020-ci il, 15.01.2021-ci il və 19.02.2021-ci il tarixdə ödədiklərini nəzərə alındıqdan sonra yeni kredit müqaviləsi bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, e-2(005)- 339/2021-029 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, e-2(005)-339/2021-029 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi ilə barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinin dəlilləri və onunla əsaslandırılmışdır ki, onun 01.06.2015-ci il tarixli 00-15-11-024972 saylı Kredit müqaviləsi üzrə ödədiyi pullardan 1365.95 ABŞ dolları faiz borcu çıxılmışdır. 12.10.2015, 10.11.2015, 02.03.2018- 27.11.2018-ci il tarixlərdə, həmçinin 24.01.2019 və 13.03.2019-cu il tarixlərdə apardığı ödənişlər ancaq faiz borcuna çıxılmış, bir qəpik belə əsas borcdan çıxılmamışdır. Nəticədə onun banka olan əsas borcu şişirdilmişdir. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsinin hakimi heç bir araşdırma aparmamışdır. Belə ki, Sabunçu rayon məhkəməsinin 2(008)-6876/2016 saylı 18.05.2016-cı il tarixli məhkəmə əmrində ondan 831.51 ABŞ dolları faiz borcu tutulması qeyd edilmiş, lakin bank 1365.95 ABŞ dolları faiz borcu tutmuşdur. Bankın ona münasibətdə dürüst olmamış, Prezidentin Fərmanına zidd olaraq vətəndaşlara kömək etmək əvəzinə, artıqlaması ilə ondan öz xeyrinə pul tutmuş, məhkəmə isə ədalət mühakiməsini həyata keçirmək üçün heç bir araşdırma aparmadan onun iddiasına səthi yanaşmışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, birmənalı, faktiki hallara uyğun olmayan qətnamə çıxarmaqla Nərimanov rayon məhkəməsi tərəfindən onun hüquqları ilə yanaşı, ədalət mühakiməsinin prinsipləri də pozulmuşdur. Buna görə Nərimanov rayon məhkəməsinin e-2(005)-339/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. AR Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan 16 dekabr 2019-cu il tarixli 00-19-23-103937 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli ********** nömrəli qərarı ilə təsdiq edilmiş “fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexaniziminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”na uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmeti manat ilə ifadə olunan pul məbləği olmaqla, borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 1% olmaqla, 60 ay müddətinə 2473.08 (iki min dörd yüz yetmiş üç tam yüzdə səkkiz) məbləğində kredit verməyi öhdəsinə götürmüşdür, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan İddiaçı 2473.08 (iki min dörd yüz yetmiş üç manat sıfır səkkiz qəpik) manat məbləğində kredit, 1 % illk, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə verilmiş, aylıq ödəniş 52.58 (əlli iki manat əlli səkkiz qəpik) manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli 2(008)-6876/2016 nömrəli əmrindən görünür ki, borclu İddiaçı Cavabdeh ASC-nin xeyrinə əsas borcu 2366.84 ABŞ dolları, faiz borcu 831.51 ABŞ dolları, cəmi 3198.35 ABŞ dolları (üç min yüz doxsan səkkiz dollar otuz beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması müəyyən edilmişdir. İş materiallarında olan Problemli kreditlərin kompensassiyası haqqında 16.04.2019cu il tarixli məlumatlardan görünür ki, İddiaçı 01 mart 2019-cu il tarixinə əsas kredit borcu 3916,27 manat ekvivalentində təşkil etmiş, 1443.19 (min dörd yüz qırx üç manat on doqquz) manat məbləğində kompensassiya ödənildikdən sonra qalıq borcunun məbləği 2473,08 manat təşkil etmişdir. İş materiallarından müəyən edilir ki, İddiaçı 01.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 01.06.2015-ci il tarixdən 13.03.2019-cu il tarixədək olan müddət ərzində ümumilikdə 2461,20 ABŞ dolları ödəniş etmiş, həmin ödənişlərdən 1095,25 ABŞ dolları əsas borca, 1365,95 ABŞ dolları isə faiz borcuna silinmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 10.03.2021-ci il tarixli M/03-1589 nömrəli arayışından görünür ki, onunla İddiaçı arasında 01.06.2015-ci il tarixdə bağlanmış 00-15- 11-024972 saylı kredit müqaviləsinə əsasən borcalana illik 29% olmaqla 48 ay müddətinə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının verilən kredit məbləğindən 2461.20 (iki min dörd yüz altmış bir dollar iyirmi sent) ABŞ dolları ödənilmiş məbləğ, 1095.25 (min doxsan beş dollar iyirmi beş sent) ABŞ dolları əsas borc məbləği, 1365.95 (min üç yüz altmış beş dollar doxsan beş sent) ABŞ dolları faiz borcu məbləği müəyyən edilmişdir. Həmin müqavilə üzrə özdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli 2(008)-6876/2016 nömrəli əmri ilə borclu İddiaçı Cavabdeh ASC-nin xeyrinə 2366.84 ABŞ dolları əsas borc, 831.51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3198.35 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmrinin qəbul edildiyi 18 may 2016-cı il tarixdən Müvafiq Fərmanın qəbul olunduğu 28 fevral 2019-cu il tarixədək İddiaçı ödədiyi məbləğlərdən tutulmalar, faiz borcu kimi hazırda mübahisələndirilən 831 ABŞ dollarının ödənilməsinə yönəlmişdir. Bu səbəbdən qalan məbləğlər, yəni problemli kreditlərin kompensasiyası haqqında 16.04.2019-cu il tarixli məlumatlarla İddiaçı 01 mart 2019-cu il tarixə əsas kredit borcu 3916,27 manat ekvivalentində təşkil etmiş, bu məbləğdən 1443.19 (min dörd yüz qırx üç manat on doqquz) manat məbləğində kompensassiya ödənildikdən sonra qalıq borcunun məbləği 2473,08 manat təşkil etmişdir. Qalıq borc məbləği nəzərə alınmaqla, sözügedən Fərmandan irəli gələn tələblərin yerinə yetirilməsi qaydalarına uyğun olaraq tərəflər arasında 16 dekabr 2019-cu il tarixli 00-19-23-103937 nömrəli kredit müqaviləsi bağlanmış, borc alana illik 1% olmaqla, 60 ay müddətinə 2473.08 (iki min dörd yüz yetmiş üç tam yüzdə səkkiz) məbləğində kredit verilmişdir. Bu müqavilə bağlandıqdan sonra iddiaçı kompensasiya ödənilərkən faiz borcunun nəzərə alınmamasını eyni zamanda müqavilə bağlandıqdan sonra (16.12.2019-cu il tarixdən sonra) etdiyi ödənişlərin nəzərə alınmamasını əsas gətirərək, müqavilənin ləğv edilməsi, yeni müqavilə bağlanması tələbilə məhkəməyə 09.09.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 01.06.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtləri borclu İddiaçı tərəfindən yerinə yetirilmədiyinə görə, iddiaçı məhkəmə əmrinin verilməsinə dair müraciət etmiş, Sabunçu rayon məhkəməsinin 18 may 2016-cı il tarixli əmri ilə 2366.84 ABŞ dolları əsas borc, 831.51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3198.35 ABŞ dolları borcun İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması əmr edilmiş, qeyd edilən əmrin icrası məqsədilə borclu İddiaçı tərəfindən müxtəlif tarixlərdə (12.10.2015, 10.11.2015, 02.03.2018-27.11.2018, 24.01.2019 və 13.03.2019) müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Qeyd edilən ödənişlər iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin restrukturizasiya edilməsinə dair 16 dekabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanan tarixədək aparılmışdır. Həmin ödənişlər İddiaçı bank qarşısında olan 831.51 ABŞ dolları faiz borcunun ödənilməsinə yönəldilmişdir. İddiaçı həmin ödənişlərin hamısının bank tərəfindən onun faiz borcuna hesablandığını, əsas borcunun olduğu kimi qaldığını və Prezidentin Fərmanına əsasən aparılan restrukturizasiya zamanı nəzərə alınmadığını, bu hərəkətlərin qanunsuz olduğunu bildirmiş və göstərilənləri nəzərə alaraq onunla bank arasında Fərmana müvafiq olaraq bağlanmış yeni kredit müqaviləsinin ləğv edilməsini, həmin ödənişlər də nəzərə alınmaqla, onların arasında yeni kredit müqaviləsinin bağlanması vəzifəsinin bankın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 18 may 2016-cı il tarixli əmri ilə iddiaçının cavabdeh qarşısında borcunun məbləği 2366.84 ABŞ dolları əsas borc, 831.51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3198.35 ABŞ dolları məbləğində müəyyən edilsə də, tərəflər arasında bağlanmış həmin kredit müqaviləsi üzrə onlar arasında kredit münasibətləri müqavilənin bitdiyi 01.06.2019-cu il tarixədək davam etmiş və müvafiq olaraq həmin müqavilə üzrə ödənilməli olan faizin məbləği də artmışdır. Belə olan halda, iddiaçı tərəfindən sonradan ödənilən məbləğlər məhkəmə əmri ilə hesablanmış borcla yanaşı, müqavilə üzrə iddiaçının öhdəliklərinin icrası çərçivəsində borcunun ödənilməsinə yönəldilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı 28 fevral 2019cu il tarixdə qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ”Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.20-cu bəndinə əsasən restrukturizasiya - kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Həmin Qaydanın 2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Sadalananan əsaslardan göründüyü kimi restrukturizasiya - kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. İş materiallarından da göründüyü kimi, iddiaçıya onun Cavabdeh ASC qarşısında olan əsas kredit borcunun ödənilməsi ilə bağlı kredit verilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. İddiaçı onun restrukturizasiyaya dair müqavilə bağlanmamışdan əvvəl ödədiyi pulların bu müqavilə bağlanan zaman nəzərə alınmadığını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının 2015-2019-cu illər arasında müxtəlif tarixlərdə ödədiyi pul məbləğlərini hazırda mübahisələndirilən 831 ABŞ dollarının ödənilməsinə yönəltməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bundan başqa, iddiaçı onunla bank arasında borc məbləğinin restrukturizasiya edilməsinə dair 16 dekabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, həmin müqavilənin ləğvinə əsas ola biləcək qanunvericiliklə müəyyən edilmiş hər hansı əsas mövcud olmadığından, bu tələb də əsassızdır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi, müqaviləninin ləğvi barədə tələbin əsaslılığı bağlanmış müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində əmələ gəlmiş olur. İşin hallarından da görünür ki, problemli kreditlərin kompensasiyası haqqında 16.04.2019-cu il tarixli məlumatlarla İddiaçı 01 mart 2019-cu il tarixə əsas kredit borcu 3916,27 manat ekvivalentində təşkil etmiş, bu məbləğdən 1443.19 (min dörd yüz qırx üç manat on doqquz) manat məbləğində kompensassiya ödənildikdən sonra qalıq borcunun məbləği 2473, 08 manat təşkil etmişdir. Qalıq borc məbləği nəzərə alınmaqla Sözügedən Fərmandan irəli gələn tələblərin yerinə yetirilməsi qaydalarına uyğun olaraq, tərəflər arasında 16 dekabr 2019-cu il tarixli 00-19- 23-103937 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı bu müqavilə ilə razılaşaraq ona imza etmişdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Hazırkı işdə mübahisələndirilən müqavilə üzrə cavabdeh tərəfindən həmin müqavilə şərtlərinin pozulması ilə bağlı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, e-2(005)- 339/2021-029 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5936/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5936/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver