Məhkəmə qərarları › İş №2(103)-5937/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5937/2022

30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5937/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 Akif oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5937/2022 (Açar sözlər: pul tələbi) Bakı şəhəri 30 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-210/2022 saylı 04 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 12 avqust 2021-ci il tarixdə saat 18.00 radələrində «Audi» markalı, **-RY- *** dövlət nömrə nişanlı avtomaşını ilə Mərdəkan qəsəbəsi ərazisində «Xalça» restoranının yanında dənizkənarı istiqamətində hərəkət olarkən Cavabdeh1 idarə etdiyi «Opel» markalı OO-877-OX Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobili ilə iddiaçının avtomobilinin qabaq sağ tərəfindən vurmuşdur. Nəricədə iddiaçının avtomobilinə maddi ziyan dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 11350 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 avqust 2021-ci il tarixdə axşam saat 18.00 radələrində öz şəxsi «Audi» markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomaşını ilə Mərdəkan qəsəbəsi ərazisində «Xalça» restoranının yanında Dənizkənarı istiqamətində hərəkət edərkən «Opel» markalı OO-877-OX Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh1 onun avtomobilinin qabaq tərəfinin sağ tərəfindən vurmuş, nəticədə avtomobilinin qabaq buferi, kapotu, qabaq sağ qanadıvə qabaq sağ qapı buferi, nikel arxa bufer sol qanadı, arxa penaplast buferi və digər hissələri zədələnərək ona maddi ziyan dəymişdir. Qəza nəticəsində onun avtomobilinə ümumilikdə 11.350 manat ziyan dəymişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Hadisədən sonra cavabdeh ona bildirmişdir ki, narahat olmayın, avtomobilinizə dəymiş ziyanı tam ödəcəyəm. Lakin, sonra o, cavabdehdən maşınına dəymiş ziyanın ödənilməsini tələb etsə də cavabdeh ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-210/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Qaralov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 6768 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 6798 manat tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100 manat məbləğində pul Cavabdeh1 tutularaq ekspertiza mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, 1108.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobilinin 17 adda ehtiyat hissəsinə məhz toqquşma zamanı zərər dəydiyini sübut edə bilmir, qüsur aktında göstərilən 17 adda ehtiyat hissəsinin məhz toqquşma zamanı zədələnməsi iş materilları ilə təsdiq olunmur, qüsur aktının özü də toqquşma zamanı vurulmuş zərəri əks etdirmir, toqquşma zamanı yalnız 6 adda ehtiyat hissəinin zədələnməsi təsdiq olnur. Odur ki, iddiaçı iddia tələbini 17 adda ehtiyat hissəinin zədələnməsi ilə bağlı sübut edə bilmir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Eyni zamanda qeyd etmişdir ki, hadisədən uzun müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif vasitələrlə pulun ödənilməsinin gecikdirilməsi ilə məşquldur və ödəniş etmir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

16. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, iş materiallarında olan Xəzər RPİ–nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və toplanmış material üzrə “Opel” markalı OO-877-OX Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtiomobilin sürücüsü Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibinin yarandığından, Cavabdeh1 barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qərarın surətinin Xəzər DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

26. İş materiallarına əlavə olunmuş Avtomobillərin Texniki Xidmət mərkəzi tərəfindən verilən 25 avqust 2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, 2011-ci il buraxılışlı “Audi 6” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci cəmi 11350 manat təşkil edir.

27. xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur.

28. Məhkəmə Ekspertiza Mərkəzinin 9/8877 nömrəli xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, Texniki ekspertiza şöbəsi tərəfindən verilən avqust 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Audi 6” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8968,0 manat müəyyən edilir.

29. Apellyasiya instansiya məhkəməsində zərurət yarandığından ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 8/2889 nömrəli xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, “Audi A6” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin detalların zədələnməsini və təmirə (yaxud dəyişdirilməyə) ehtiyac olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün olmamışdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

31. İş materiallarından görünür ki, cavabdeh tərəfindən idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus avtomobilə maddi ziyan vurması işin mübahisəsiz halıdır. Yalnız iş üzrə vurulmuş maddi ziyanın məbləği cavabdeh tərəfindən mübahisələndirilir.

32. Apellyasiya instansiya məhkəməsində keçirilmiş ekspertiza nəticəsində iddiaçıya məxsus avtomobilin detalların zədələnməsini və təmirə (yaxud dəyişdirilməyə) ehtiyac olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün olmasa da, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza nəticəsində avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8968,00 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən isə hər hansı bir digər sübut məhkəməyə təqdim olunmamışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza rəyinin nəticəsi iş faktiki hallarına uyğundur və iş materialları ilə müqayisəli tədqiq edilərək əsaslı hesab oluna bilər.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-210/2022 saylı iş üzrə 04 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəzsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar