Məhkəmə qərarları › İş №2(103)-5939/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5939/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5939/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Gözəlov Rövşən Yaqub oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı “yeni müqavilənin bağlanması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-879/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Gözəlov Rövşən Yaqub oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 7.1 bəndinə əsasən bir tərəfdən kredit verən “xxxx'’ və digər tərəfdən kredit alan vətəndaş kimi onunla yeni müqavilənin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci il mart ayının 17-də “xxxx” ASC-nin Qərb filialından 48 ay müddətinə illik 28%-lə 2573 ABŞ dolları məbləğində kredit götürmüş, həmin kreditin müəyyən hissəsini ödəmişdir. Dolların məzənnəsi dəfələrlə qalxdığına görə ödəmədə müəyyən problemli kreditlərin genişləndiyi bir vaxtda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il fevral ayının 28-də fərman imzaladı. Həmin Fərmanın 6-cı bəndində göstərilir ki, Banklara tövsiyə edilsin ki, 6.1-ci bəndinə əsasən, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Bununla bağlı dəfələrlə “xxxx”a müraciət etsə də, onların konkret olaraq onunla yeni müqavilə bağlamaqdan imtina edirlər. Ona heç bir rəsmi rəqəm olmayan ağ müqavilə blankına qol çəkib imzalamağı təklif edirlər ki, sonra özləri istədikləri məbləği müqaviləyə əlavə etsinlər”. O isə bu təkliflə razılaşmır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-879/2021 saylı, 11 mart 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayıtini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Gözəlov Rövşən Yaqub oğlu ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 17.03.2015-ci il tarixli, 11-15-11-011224 saylı kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin 10.03.2021-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" ASCnin "Qərb" filialı ilə Gözəlov Rövşən Yaqub oğlu arasında bağlanmış sözügedən Kredit müqaviləsinə əsasən verilmiş 2573,00 ABŞ dolları məbləğində krediti üzrə aşağıdakı ödənişlər aparılmış, 16.04.2015-ci il tarixindən 14.06.2019-cu il tarixinə kimi əsas borc məbləği 1089,05 AZN, ödənilmiş məbləğ 2611,69 AZN və 1522,64 AZN faiz borcu təşkil edir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı Gözəlov Rövşən Yaqub oğlu cavabdeh "xxxx" ASC ilə irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi tərəfləri” müqavilə azadlığı” prinsipinə ziddir. Belə ki, Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər. Bu mənada nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli Plenumunun Qərarında qeyd olunur ki, müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı). Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Çünki tərəflər arasında bağlanmış kredit müqaviləsi mövcud olmuş, hazırda iddiaçının müəyyən etdiyi şərtlərlə yeni müqavilənin bağlanmasına cavabdehin məcbur edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icra müddəti 31.12.2019-cu il tarixdə bitmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-879/2021 saylı, 11 mart 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş döblət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar