Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5939/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı körpələr evi-uşaq bağçası MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı Körpələr evi-uşaq bağçası MMC-nin qanuni təmsilçisi X1 və nümayəndəsivəkili Vəkil1, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı körpələr evi-uşaq bağçası MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 1 ünvanda yerləşən mənzil Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2014-cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
2. xx.xx.2019-cu il tarixli Cavabdeh ilə İddiaçı Körpələr eviuşaq bağçası MMC arasında bağlanan icarə müqaviləsinə əsasən “İcarəyə verən” Cavabdeh ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 89 ünvanında yerləşən ümumi sahəsi 238,88 kv.m olan 4 saylı mənzili “İcarəçi” İddiaçı Körpələr evi-uşaq bağçası adından X2 icarəyə vermişdir. İcarə müqaviləsinin 1.6-cı maddəsinə görə icarəçi apardığı təmir və yenidən qurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra İcarəçi həmin dəyişiklikləri aradan qaldırmağa, İcarəyə verən isə onların dəyərini İcarəçiyə ödəməyə borclu deyil. Müqavilənin 10.3.1-ci bəndinə görə, əgər müqavilənin qüvvədə olduğu ilk beş il müddət başa çatanadək icarəyə verənin təşəbbüsü və ya təqsiri nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə və sahə satılarsa icarəyə verən icarəçinin icarə obyektinin təmiri və yenidən qurulması üçün çəkdiyi xərclərin iki mislini (64.000 manat) icarəçiyə kompensasiya şəklində ödəyir. İcarə müqaviləsinin 10.3.2-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu ilk 5 il başa çatanadək icarəçinin təşəbbüsü və ya təqsiri üzündən vaxtından əvvəl pozularsa, obyektin təmiri və yenidən qurulması üçün çəkdiyi xərcləri icarəyə verəndən tələb edə bilməz.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-4035/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı Körpələr evi-uşaq bağçası MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən 5440 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1249/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edimiş, iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)-4035/2021 saylı qətnaməsi icarə haqqının qismən təmin edilən hissəsində dəyişdirilməsi, icarə haqqı 6800 manat müəyyən edilməsi; qətnamə gecikməyə görə 5 faiz pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi; cavabdeh İddiaçı Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Cavabdeh xeyrinə 141 manat pul tutulması, iddia 5 faizlə pulun tutulması ilə bağlı qalan hissədə təmin olunmaması və qətnamənin icarə haqqı ilə bağlı qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3898/2022 saylıi ş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, Cavabdeh İddiaçı Körpələr evi-uşaq bağçasına qarşı “müqavilənin ləğvi, obyektin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı Körpələr EviUşaq Bağçası MMC ilə Cavabdeh arasında 5 saylı Notariat ofisində reyestrdə 3M-623 nömrə ilə qeydə alınaraq bağlanmış xx.xx.2019cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən icarə obyektinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi; İcarə haqları üzrə yaranmış 10.880 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Körpələr Evi-uşaq bağçası MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin təmiri üçün çəkilmiş 83.300 manat, invertar və avadanlıqlarının qiyməti isə 66.000 manat olmaqla, ümumilikdə 149.300 manat pul vəsaitinin, 440 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, X3 İddiaçı Körpələr Evi-uşaq bağçası MMC adından Cavabdeh arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanılmışdır. Müqavilə 5 il müddətinə bağlanılmışdır və xx.xx.2019-cu il tarixindən qüvvəyə minmişdir. Bu müqavilənin 1.1, 1.2, 1.3-cü bəndlərinə əsasən Cavabdeh ona məxsus ümumi sahəsi 238,88 kv.m olan ünvan 1 ünvanında yerləşən sahəni X2 icarəyə verməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində X3 mülahizəsinə görə istənilən vaxt Cavabdeh şifahi razılığı ilə öz hesabına uşaq bağçasının fəaliyyəti ilə bağlı ünvan 1 ünvanında struktur dəyişiklikləri ( o cümlədən, kompüter, elektrik və s. sistemlərin avadanlıqların quraşdırılması ilə bağlı), təmir və yenidənqurma işləri apara bilər. Müqavilənin 3.1.3.-cü bəndinə əasən, bu müqavilənin qüvvədə olduğu müddətdə (istənilən uzadılma müddəti də daxil olmaqla) X3 heç bir fasilə və ya əngəllər olmadan ünvan 1 sahəsindən istifadə etmək hüququna malikdir. Müqavilənin 4.2-ci bəndinə müvafiq olaraq, icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən, başlanılacaq və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərtilə X3 tərəfindən Cavabdeh müvafiq bank hesabına köçürmə yolu ilə və ya nağd şəklində (razılaşmaya əsasən) ödəməlidir. İddiaçı qeyd edir ki, icarəyə götürülən obyekt yaşayış evi olaraq inşa edilmişdir, tam təmirsiz idi (podmayak). Obyekt Cavabdeh tərəfindən qeyri-yaşayış obyekti təyinatlı istifadə ediləcəyini bilərək X2 verilmişdir. Bu obyekt X3 tərəfindən təmir edilmiş, yaşayış sahəsini qeyri-yaşayış obyektinə çevirmiş, xüsusilə uşaq bağçası kimi fəaliyyət göstərməsi üçün külli miqdarda vəsait qoyaraq təmir etdirmişdir. Eyni zamanda yaşayış sahəsinin həyəti xam torpaqdan ibarət idi. Uşaqların həyətdə gəzmələri, oynamaları üçün uşaq bağçası təssərüfatına uyğun olaraq təmir edilmişdir. Bu müqavilənin 1.5-ci maddəsinə əsasən, icarə obyektinin normal fəaliyyətinin bərpası üçün tələb olunan ilkin vəsaitin məbləği 32.000 manat məbləğində müəyyənləşdirilmişdir və bu təmir xərcləri X1 öz vəsaiti hesabına olmuşdur. Təmirin bir hissəsi müqavilə bağlanan tarixədək aparılmış və müqavilədə ilkin xərclər 32.000 manat müəyyən edilmişdir. X3 müqavilə bağlandıqdan sonra külli miqdarda vəsait qoyaraq təmir işlərini yekunlaşdırıb bağçanı işə salmışdır. Bağça işə düşəndən bir müddət sonra pandemiya şərtlərinə əsasən fəaliyyətini dayndırmalı olmuşdur. Həmçinin, Əmlak Qiymətləndirmə Mərkəzinə müraciət edilərək qiymətləndirmə rəyi hazırlanmışdır. Rəydə ünvan 1 ünvanında yerləşən yaşayış evinə sıfırdan çəkilən təmir xərcləri, həmçinin invetar və avadanlıqları ilə birlikdə bu günə olan dəyəri 149.300 manat təşikl edir. Belə ki, müvafiq ünvanda inşa edilmiş 238 kv.m-lik, 2 mərtəbədən ibarət binanın sıfırdan təmiri 1 kv.m-i üçün 350 manat olmaqla 83.300 manat civarında, invertar və avadanlqılarının qiyməti isə 66.000 manat təşkil edir. İddiaçı bağçanı işə saldıqdan sonra cavabdehin qızı bağçaya gəlmiş və bağçanı təmirli və işlək görəndən sonra bağçanı işlətmək həvəsinə düşərək müxtəlif bəhanələrlə müqavilənin ləğvinə nail olmağa çalışmışdır. Müqavilənin qüvvədə olduğu ilk 5 il müddət başa çatanadək Cavabdeh təşəbbüsü və ya təqsiri nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə və ümumi sahəsi 238,88 kv.m olan ünvan 1 ərazisi satılarsa cavabdeh iddiaçının icarə obyektinin təmiri və yenidənqurulması üçün çəkdiyi xərclərin 2 mislini (64.000) manat iddiaçıya kompensasiya şəklində ödəniləcək. İddiaçı bildirir ki, cavabdeh onların mövcud obyektdə fəaliyyət göstərməsini istəmir. Belə ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli müvafiq icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin ona geri təhvil verilməsi, icarə haqları üzrə yaranmış 10.880 manat pulun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 4035/2021 nömrəli qətnaməsi ilə 5440 manat pul vəsaiti Cavabdeh xeyrinə tutularaq qismən təmin edilmişdir. Daha sonra müvafiq qətnamədən X3 tərəfindən apellyasiya şikayəti verilmidir. İcarə müqaviləsinin 8-ci maddəsinə əsasən, bu müqavilənin müddəalarının pozulmasına görə və müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
8. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddianın hüquqi əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə istinad edərək müqavilə öhdəliklərinin cavabdehin, yəni icarədarın təqsiri üzündən pozulduğunu əsas gətirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 10.3.2-ci bəndinə görə əgər bu müqavilə qüvvədə olduğu ilk 5 il başa çatanadək icarəçinin təşəbbüsü və ya təqsiri üzündən vaxtından əvvəl pozularsa, obyektin təmiri və yenidən qurulması üçün çəkdiyi xərcləri icarəyə verəndən tələb edə bilməz. Həmin müqavilənin 1.6-cı bəndin görə icarəçi apardığı təmir və yenidən qurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra icarəçi həmin dəyişiklikləri aradan qaldırmağa, icarəyə verən isə onların dəyərini icarəçiyə ödəməyə borclu deyil. İlk olaraq işin hallarından da göründüyü kimi müqavilə şərtləri icarəçinin təqsiri nəticəsində (məhkəmə aktları ilə, yəni qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan qətnamələrlə təsdiq olunur) pozulmuş və pozulmaqda davam edir. Belə ki, həmin icarə müqaviləsinin 4.2-ci maddəsinə görə icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılır və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərti ilə “İcarəçi” tərəfindən “İcarəyə verənin” bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilməlidir. Müqavilənin 7.1.2-ci bəndində isə “İcarəçi” icarə haqqını vaxtlı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə, icarə müqaviləsi icarəçinin təqsiri səbəbindən pozulmuş sayılır. Bununla bağlı, yəni icarə haqlarının ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)4035/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən 5.440 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Daha sonra qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1249/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)-4035/2021 saylı qətnaməsi icarə haqqının qismən təmin edilən hissəsində dəyişdirilərək icarə haqqı 6.800 manat müəyyən edilmiş, qətnamə gecikməyə görə 5 faiz pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə cavabdeh İddiaçı Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Cavabdeh xeyrinə 141 manat pul tutulmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Nəticə etibarı ilə cavabdehin icarə haqqlarını ödəməməsi, yəni müqavilə üzrə öz öhdəliyini kobud şəkildə pozması, müqavilə şərtlərinin icarəçinin təqsiri üzündən pozulması qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur. Qeyd olunur ki, X3 vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, intizamsız şəkildə məhkəmə məhkəmə qərarı ilə tutulan pulu və bundan sonrakı aylar üzrə də ödəməli olduğu iddia predmetindən kənar növbəti icarə haqqlarını ödəməyərək müqavilə şərtlərini pozmaqda davam etmişdir. Bu səbəbdən də Cavabdeh tərəfindən müqavilənin ləğvi və icarə haqqlarının tutulması ilə bağlı iddia qaldırılmış və Yasamal Rayon Məhkəməsinin 2(004)-3898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC ilə iddiaçı Cavabdeh arasında 5 saylı Notariat ofisində reyestrdə 3M-623 nömrə ilə qeydə alınaraq bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən icarə obyektinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, icarə haqları üzrə yaranmış 10.880 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Hər iki instansiya məhkəməsinin qətnaməsi ilə müqavilə öhdəliklərinin İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC tərəfindən pozulması faktı sübut olunmuş və buna əsas kimi artıq qanuni qüvvəsini almış məhkəmə aklarına istinad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində xüsusi ilə vurğulanmışdır ki, “cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi, icarə haqlarını gecikdirdiyi işin mübahisəsiz haldır. Cavabdehin öz öhdəliyini yerinə yetirməyə hazır olduğu, öhdəliyin iddiaçının təqsiri ucbatından icra edilməməsi də iş materialları ilə müəyyən edilmir. Bunun əksini təsdiq edən məhkəmə aktları da mövcuddur.” Daha sonra iddiaçı vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək hazırki iddia üzrə təmir xərclərindən əlavə avadanlıqların dəyərini tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı bağça kimi fəaliyyət göstərir və aldığı avadanlıqlar bağçanın təyinatı üzrə alınmış və bu bağçanın öz fəaliyyətini davam etdirməsi üçün çəkməli olduqları zəruri istismar xərclərdir. Məsələn, uşaqların yataqları, stol, stullar, oyuncaqlar, mətbəx əşyaları, musiqi alətləri, kitab və dəftər ləvazimatları, gimnastika üçün ləvazimatlar, divarların uşaqlara uyğun boyanması, divar kağızları, həyətdə nəzərdə tutulmuş yellənçəklər, sürüşkənlər və s. avadanlıqlar məhz obyektin bağça kimi işləməsi üçün nəzərdə tutulmuşdur və ayrıla bilən avadanlıqlardır. Həmçinin həmin avadanlıqlar təmir xərcləri ilə birlikdə vahid təyinat üçün nəzərdə tutulmuş mürəkkəb əşya sayılmaqla yalnız icarəçinin mənafeyinə uyğun gəlir. Çünki icarəçi həmin işləri öz gəlirləri, mənafeləri üçün görür və məqsədi həmin istismar xərclərindən bəhrələnməkdir. Qeyd edilir ki, bu səbəbdən də həmin xərclər icarəçinin özünə aid zəruri istismar xərcləridir ki, həmin xərcləri tələb etməkdə iddiaçı bir daha haqlı olmamışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2023 saylı 23 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilənin 10.3.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu ilk 5 il müddət başa çatanadək “İcarəyə verən”in təşəbbüsü və ya təqsiri nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə və “Sahə” sattılarsa “İcarəyə verən” “icarəçinin” icarə oyektinin təmiri və yenidənqurulması üçün çəkdiyi xərclərin iki mislini 64.000 manat) “İcarəçi”yə kompensasiya şəklində ödəyir. Həmin müqavilənin 10.3.2-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu ilk 5 il başa çatanadək “İcarə” çinin təşəbbüsü və ya təqsiri üzündən vaxtından əvvəl pozularsa obyektin təmiri və ya yenidən qulurulması üçün çəkdiyi xərcləri “İcarəyə verən” dən tələb edə bilməz.
11. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1249/2022 saylı, 09 fevral 2022-ci il tarixli və 2(103)-1482/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnamələri ilə tərəflərin arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, obyektin təhvil verilməsi və icarə haqqlarının tutulması qət edilmişdir. Həmin qətnamələrdə İddiaçı MMC tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilmədiyi, icarə haqlarını gecikdirdiyi işin mübahisəsiz halı kimi təsbit edilmişdir. Belə olan halda, hazırki iş üzrə də tərəflərin arasında bağlanmış icarə müqaviləsinin iddiaçının təqsiri ucbatından pozulması mübahisəsiz hal kimi qəbul edilməlidir. Buna baxmayaraq, iddiaçı tərəfindən məhkəmə qətnamələrinin icra edilmədiyi də tərəflərin izahatı ilə müəyyən edilir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, müqavilə icarəçinin təqsirindən pozulduğu halda təmir və yenidən qurma xərclərin icarəyə verəndən tələb edə bilməməsi barədə şərti razılaşdırmışlar. Müqavilənin etibarlılığı, o cümlədən həmin şərt iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı cavabdehdən tərəflərin razılığına əsasən ayrılması mümkün olmayan inventar və avadanlıqların dəyərini tələb etməkdə haqlı olmamışdır. Digər tərəfdən ayrıla bilən avadanlıqlarla da bağlı cavabdehin hər hansı bir tələbi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 6.2, 390.1, 417.3, 442, 448.1, 680.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı Körpələr evi-uşaq bağçası MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2023 saylı 23 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 5 illik olmaqla xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində X3 mülahizəsinə görə istənilən vaxt Cavabdeh şifahi razılığı ilə öz hesabına uşaq bağçasının fəaliyyəti ilə bağlı ünvan 1 ünvanında struktur dəyişiklikləri ( o cümlədən, kompüter, elektrik və s. sistemlərin avadanlıqların quraşdırılması ilə bağlı), təmir və yenidənqurma işləri apara bilər. Bu müqavilənin 1.5-ci maddəsinə əsasən, icarə obyektinin normal fəaliyyətinin bərpası üçün tələb olunan ilkin vəsaitin məbləği 32.000 manat məbləğində müəyyənləşdirilmişdir və bu təmir xərcləri X1 öz vəsaiti hesabına olmuşdur. Təmirin bir hissəsi müqavilə bağlanan tarixədək aparılmış və müqavilədə ilkin xərclər 32.000 manat müəyyən edilmişdir. Müqavilənin 10.3.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu ilk 5 il müddət başa çatanadək “İcarəyə verən”in təşəbbüsü və ya təqsiri nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə və “Sahə” satılarsa “İcarəyə verən” “icarəçinin” icarə oyektinin təmiri və yenidən qurulması üçün çəkdiyi xərclərin iki mislini 64.000 manat) “İcarəçi”yə kompensasiya şəklində ödəyir. Müqavilənin 6.1.3-cü maddəsinə əsasən qanunvericiliklə üzərinə düşən vəzifələri icra etmək icarəyə verənin vəzifəsidir. 1. Müqaviləyə xitam verilməsi icarəyə verənin təşəbbüsüdür. Məhkəmə yalnış olaraq “təşəbbüsü” ifadəsini deyil, “təqsiri nəticəsində” ifadəsinə əsaslanmışdır. 2. İcarəyə verən üzərinə düşən vəzifələri icra etməmişdir. Belə ki, icarəyə verən bilirdi ki, obyekt təmir edilərək uşaq bağçası kimi istifadə ediləcəkdir. Lakin icarəyə verən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq suyun, qazın, işığın sayğaclarını yaşayışdan qeyri-yaşayışa çevirmədiyindən su, qaz, işıq kəsilmişdir. Fəaliyyət dayandırılmışdır. İcarəyə götürən mülkiyyətçi adından mülkiyyətə dair sərəncam vermək hüququna malik deyildir. 3. Məhkəmə icarə haqqının ödənilməməsi ilə bağlı məhkəmə aktına istinad edərək hesab edir ki, müqavilə şərtləri iddiaçı tərəfindən pozulmuşdur. İddiaçı dəfələrlə cavabdehə bank hesabı açıb iddiaçıya təqdim etməsini tələb etsə də cavabdeh bank hesabı açmadığından icarə haqları ödənilməmişdir. İddiaçı dəfələrlə obyektin fəaliyyət göstərməsi üçün sayğacların dəyişdirilməsini tələb etsə də sayğaclar dəyişilmədiyindən iddiaçı pul vəsaitlərini ödəmək istəməmişdir. Müqavilənin 10.3.1-ci bəndində müqaviləyə vaxtından əvvəl xitam verilməni tərəflərin təqsiri ilə yanaşı, təşəbbüsünü də müəyyən etmişdir. Müqaviləyə xitam verilməsi barədə iddiaçı deyil, cavabdeh təşəbbüs göstərmişdir. 4. Əmlak Qiymətləndirmə Mərkəzinin rəyinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evinə sıfırdan çəkilən təmir xərcləri, həmçinin invetar və avadanlıqları ilə birlikdə bu günə olan dəyəri 149.300 (yüz qırx doqquz min üç yüz) manat təşikl edir. İcarəyə verən qanunvericiliklə müəyyən edilmiş qaydada su, işıq, qaz sayğaclarını qeyri-yaşayışa çevirməməklə (bilərəkdən) mübahisə yaranmasına nail olmuş və iddiaçının 149.300 manat dəyərində vəsaitini qanunsuz olaraq ələ keçirməyə çalışmışdır. İddiaçı evi təmir edib bağça halına saldıqdan sonra icarəyə verənin qızı bağçaya gəlmiş və bağçadan çox xoşu gəldiyini açıqca bildirmişdir. Mülkiyyətçinin qızının bağçaya gəlişindən sonra söz verilən sayğacların dəyişdirilməsi dayandırılmışdır. İddiaçı narazı salınmağa başladılmışdır. İddiaçı hər dəfə su, qaz, işıqla bağlı dövlət qurumlarının işçilərinə yalvararaq, söz verərək obyektin kommunal xətlərinin kəsilməməsinə nail olmağa çalışması, cavabdehə tez-tez müraciətlər etməsi və nəticələr əldə edə bilməməsi işin faktiki halıdı. Məhkəmə işi tam araşdırmadan icarəyə verənin öhdəliklərinə diqqət yetirmədən, icarəyəverənin əsassız, zəhmətsiz 149.300 manat gəlir əldə etməsinə qiymət vermədən icarəyə götürənin hansı əsaslara görə narahat olmasına, xüsusilə su, qaz, işıq sayğaclarının quraşdırmamasına hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Körpələr evi-uşaq bağçası MMC-nin nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur, müqavilə bağlayaraq 149.000 manat pul xərcləyir. Cavabdeh obyektin təyinatını dəyişmiş, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevirmiş, lakin 3 sayğacı qeyri-yaşayış sayğacına çevirməmişdir. Azərenerji, Azərqaz və Azərsu gələrək xətləri kəsir. Cavabdeh bilə-bilə həmin xərci çəkdirib. Cavabdeh tərəf hər dəfə bildirir ki, iddiaçı tərəf fəaliyyət göstərir, lakin belə olan halda iddiaçı necə fəaliyyət göstərə bilər? İşıq, su kəsilir, iddiaçı onu bərpa elətdirir və hər dəfəsində cavabdeh bildirir ki, sayğacları dəyişdirəcək, lakin dəyişdirmir, iddiaçı cavabdehin təqsirinə görə fəaliyyət göstərə bilmir. Bununla bağlı məhkəməyə müraciət etməmişlər, çünki hər dəfəsində cavabdeh tərəf sayğacı dəyişdirəcəyinə dair vədlər vermiş, lakin etməmişdir. İcarə müqaviləsinə görə bağçaya çəkilən xərclər iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsində qeyd edilən avadanlıqların içərisində götürülə bilən avadanlıqlar mövcuddur. Orada təmir işləri getmişdir, qarşı tərəf də bunu qəbul edir. Cavabdeh tərəf buna razılıq vermişdir. Hazırda müqavilənin müddəti bitməmişdir. İcarə müqaviləsi bağlanan zaman tərəflər razılaşmışlar ki, icarə obyekti bütün problemlərdən azad şəkildə verilir, lakin qarşı tərəf mülkiyyəti tam formada verməmişdir. Onlar cavabdehi qabaqcadan xəbərdar etmişlər. Müqavilənin 10.3.1-ci maddəsinə əsasən bu şərt bir növ cavabdehin üzərinə cərimə tətbiq edilməsi şərti kimi qoyulmuşdur. Məhkəmə daha çox bu bəndə istinad edir. Qarşı tərəf evin qeyriyaşayış sahəsinə çevrilməsini qəbul edir. Qarşı tərəf istinad edir ki, məhz iddiaçının təqsirinə görə müqaviləyə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edilir ki, icarəyə təhvil verilməsi ilə bağlı sayğacların istehlak və ya qeyri-əhali qrupunda olması ilə bağlı mübahisə hazırkı mübahisənin predmetinə daxil deyildir. Cavabdeh tərəfə avadanlıqlardan ayrıla bilənləri götürə biləcəyinə dair təklif vermişlər. Ayrılmayan avadanlıqların pulunun verilməsini istəyirlər. 66.000 manat ayrıla bilən avadanlıqlardır.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Körpələr evi-uşaq bağçası MMC-nin qanuni təmsilçisi X3 bildirmişdir ki, bağçanı icarəyə götürüb təmir etdirmiş, 150.000 manat xərc çəkmişdir. O, bağçanı təmir etdirdiyi müddətdə bağçanı etibarnamə ilə götürən şəxs bildirmişdir ki, həmin sahənin təmir olunduğu müddətdə 5 il müddətinə icarə müqaviləsi bağlasınlar, daha sonra isə təmir bitdikdən sonra təmir xərcləri hesablanar. O, 10 il müddətinə icarə müqaviləsi bağlamaq istəyirdi. Təmir bitdikdən sonra orada cəmi 8 ay işləyə bildi, daha sonra pandemiya dövrü başladı. Pandemiya 2 il çəkdi və onun 5 illik icarə müqaviləsinin 3 ili qalırdı, iki ili pandemiya dövrünə düşmüşdü. Orada qaz, işıq və su qeyri-əhali olmalı idi, lakin cavabdeh onların heç birini qeyri-əhali etmədi. Daha sonra o, qarşı tərəfi çağıraraq müddətin pandemiyaya düşdüyünü, hər şeyə sıfırdan başladığını, köməklik etməklərini bildirdi. O, 150.000 manatı bankdan kredit götürərək oranı təmir etdirmişdi. Qarşı tərəf buna razılaşmadı. Bir müddət keçməsinə baxmayaraq qarşı tərəfdən hər hansı məlumat daxil olmadı. O, dəfələrlə müraciət etdi ki, fəaliyyətə başlamaq istəyir, bağçaya 150.000 manat pul qoyub. Qarşı tərəf gəlmədi və 3 ay sonra onu məhkəməyə verdilər. Onlara bildirdi ki, icarə haqqının yarısını ödəsin və o, sıfırdan başlayar, uşaqları yığana qədər işləsin. Daha sonra onların qazını, suyunu və işığını kəsdilər, o, işləyə bilmədi, uşaq yığa bilmədi. Qarşı tərəfə dəfələrlə zəng vuraraq bildirdi ki, bu məsələni həll etsinlər, lakin yaxın duran olmadı. Hətta yoldaşı bildirdi ki, bağca icarəyə verilən zaman özü xəstəxanada olmuşdur, bağçanı özü işlətmək istəyir. O, cavabında problem olmadığını, bağçaya çəkdiyi xərci vermələrini istədi. Hal-hazırda bağçanın qazı, işığı və suyu yoxdur. Uşaq bağçası hazırda fəaliyyət göstərir, lakin uşaq yoxdur. Qaz, işıq və su olmadığına görə bağçanı işlədə bilmədilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq öz məsuliyyətləri və öhdəliklərinin həcmi barədə razılığa gəliblər. İcarəçinin təqsiri üzündən pozulması təkcə hüquqi fakt olaraq gecikmədə öz əksini tapmışdır. Eyni zamanda bununla bağlı qanuni qüvvəyə minmiş 5 dənə məhkəmə aktı vardır. Sırf iddiaçı icarə haqqını gecikdirdiyinə görə məhkəməyə müraciət etmişlər, heç bir zaman müqavilənin ləğvini irəli sürməmişlər. Məhkəmə qərarı qanuni qüvvəsini alsa da, iddiaçı gecikdirməyə görə icarə haqlarını ödəməmiş və ödəməməyə də davam etmişdir. Artıq mülki dövriyyənin sabitliyi pozulur. Müqavilənin icarəçinin təqsiri üzündən pozulması məhkəmə aktları ilə artıq sübut olunmuşdur. Eyni tərəflər arasında mübahisə olduğuna görə həmin hallar artıq sübuta yetirilmir və yenidən mübahisələndirilmir. Ali Məhkəmənin də bununla bağlı yekun qərarı vardır. İddiaçı halhazırda da oradan bağça kimi istifadə edir. Həmin avadanlıqlar cavabdehə lazım da deyildir. Müqavilə 2019-cu il tarixindən bağlanmış, iddiaçı 4 il orada fəaliyyət göstərmişdir. Lakin bugünə qədər heç bir problem olmamışdır. Hal-hazırda da orada fəaliyyət göstərirlər. Sayğacların dəyişdirilməsi ilə bağlı hər hansı dövlət orqanının pretenziyası olmamışdır. Obyektin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğunu bilirdi. İcarəçi qeyri-intizamlıdır, icarə haqqını vaxtlı-vaxtında ödəməmişdir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24.21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 25.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 26.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 27.152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 28.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 29.157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 30.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 31.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 32.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 33.443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 34.445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 35.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 36.448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 37.700.1 və 700.3-ci maddələrinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görəkirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəligəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 38.705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçiicarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
39. “İcarə haqqında” Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə sənədidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. 40.9.5-ci maddəsinə əsasən, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. 41.9.7-ci maddəsinə əsasən, icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
42.14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 43.82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi tərəflər arasında icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, həmin müqaviləyə görə cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı müvafiq haqq müqabilində iddiaçıya icarəyə vermiş, müqavilənin müddəti 5 iyul 2019-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı mübahisəli sahədə uşaq bağçası təşkil etmiş, icarəyə götürdüyü sahəni məşğul olduğu fəaliyyətə uyğun şəkildə öz vəsaiti hesabına təmir etdirmiş və müvafiq avadanlıqlar ilə təmin etmişdir.
46. İcarə müqaviləsinə əsasən icarəyə verən icarə predmetindən istifadəni icarəçiyə vermək öhdəliyi daşıyır, sonuncu isə bunun müqabilində ona əvəz ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi də bağlandığı andan etibarən tərəflərin bu müqavilə üzrə hüquq və öhdəlikləri yaranmış olur. İcarə müqaviləsinin bağlanmasından yaranan öhdəlik hüquq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin qaydalarının tətbiqinə yol verilir.
47. İş materiallarından göründüyü kimi icarəçi istifadəsinə götürdüyü əmlak müqabilində müqavilə ilə müəyynləşdirilmiş qaydada icarə haqqı ödəmədiyindən, yəni üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlərini faktiki pozduğundan cavabdehin, şərtləri pozulmuş 5 iyul 2019-cu il tarixli icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək üzrə hüququ yaranmışdır. İddiaçı Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə birtərəfli qaydada müqaviləni ləğv etmək niyyəti barədə iradə ifadəsini qarşı tərəfə bildirmiş, ödənilməmiş icarə haqqının tutulması, müqaviləyə xitam verilməsi və s. tələbləri ilə müvafiq qaydada məhkəməyə müraciət etmişdir.
48. İcarə müqaviləsinə xitam verilməsi iddiaçı tərəfindən müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində baş verdiyi iddiaçının və cavabdehin tərəf olduqları mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 5 noyabr 2022-ci il tarixli, 2(004)-3898/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir və hazırki iş çərçivəsində bu halların müzakirə edilməsi istisna olunur.
49. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
50. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.
51. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata - ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni – res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur.
52. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir
53. Hazırda isə iddiaçı icarə müqaviləsinin 10.3.1-ci bəndinə istinad edərək qeyd edir ki, müqavilə, qüvvədə olduğu ilk beş il başa çatanadək icarəyə verənin (cavabdehin) təşəbbüsü nəticəsində vaxtından əvvəl ləğv edildiyindən onun icarə obyektinin təmiri və yenidən qurulması üçün çəkdiyi xərclərin iki mislini MMC-yə kompensasiya şəklində ödənilməsini tələb etmək üzrə hüququ yaranmışdır. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müqaviləyə xitam verilməsinə əsas olmuş hallar məhz icarəçinin-iddiaçının icarə müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi ilə əlaqədar olmuşdur. Yuxarıda vurğulandığı kimi bu hallar da hazırki icraatda mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
54. Belə olan halda müqaviləyə xitam verilməsinin nəticələri icarə müqaviləsinin 10.3.2ci bəndinə əsasən tənzimlənməlidir, həmin bəndin məzmunundan da göründüyü kimi müqavilə, qüvvədə olduğu ilk 5 il başa çatanadək icarəçinin təşəbbüsü və ya təqsiri üzündən vaxtından əvvəl pozularsa, o, obyektin təmiri və yenidən qurulması üçün çəkdiyi xərcləri icarəyə verəndən tələb edə bilməz.
55. Qeyd edilməlidir ki, “İcarə haqqında” Qanuna əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində tərəflər arasında yaranan öhdəlik hüquq münasibətlərinin, o cümlədən müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsinin tənzimlənməsi qaydası hər iki tərəfin maraqlarına uyğun şəkildə seçilir, müqavilə ilə tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsi qoyulur. Kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdehin tərəf olduqları icarə müqaviləsinin 10.3.1-ci və 10.3.2-ci bəndləri qanuna, həmçinin mülki hüquq prinsiplərinə tam uyğun olmuşdur, həmin bəndlərə əsasən hər iki tərəfin qarşılıqlı maraqları bərabər şəkildə nəzərə alınmışdır. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin tələb edilən təmir xərclərinin qaytarılmalı olmaması barədə mövqeyi ilə razılaşır.
56. Kollegiya həmçinin iddianın “invertar və avadanlıqların qiyməti olaraq 66.000 manat məbləğində pulun ödənilməsi” hissəsinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, mülki qanunvericilikdə, həmçinin tərəflər arasında bağlanmış icarə müqaviləsində müqaviləyə xitam verildikdən sonra icarəçinin icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini imperativ şəkildə tələb etmək hüququnun yaranması nəzərdə tutulmayıb. İddiaçının müvafiq əşyaları Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən tələb etmədən, birbaşa dəyərini tələb etməsi qanunaziddir, çünki natura şəklində alınmalı əmlakın qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə, cavabdehdən alınmalı əmlakın dəyərinin tutulması mümkündür.
57. Bundan başqa qeyd edilməlidir ki, hazırda müvafiq avadanlıqların iddiaçıya qaytarılması ilə bağlı tərəflər arasında hər hansı mübahisənin mövcud olması, cavabdehin həmin əmlakı iddiaçıya qaytarmaqdan imtina etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Tərəflərin apellyasiya icraatı qaydasında işə baxılan zaman verdikləri izahatlardan göründüyü kimi iddiaçı icarə müqaviləsinin predmeti olan sahəni hələ də tərk etməmişdir, dəyərini tələb etdiyi əmlaklar da cavabdehin yox, onun sahibliyindədir. Müəyyən edilmiş bu hal da hazırki mübahisəyə hətta Mülki Məcəllənin 157.2-ci maddəsinin tətbiqini də istisna edir.
58. Apellyasiya şikayətindəki obyektin sayğaclarını qeyri-əhali istehlak qrupuna keçirilmədən, əhali qrupunda icarəçiyə təhvil verilməsi ilə bağlı dəlillərə münasibətdə kollegiya qeyd edir ki, bu hal hazırki mübahisənin həllinə təsir edən hallardan deyildir və bu səbəbdən də hazırki icraat qaydasında həmin halın araşdırılmasına zərurət yoxdur. İddiaçının, icarə müqaviləsi qüvvədə olduğu zaman istifadəsi üçün yararlı vəziyyətdə icarə predmetindən istifadəni icarəçiyə-ona vermək öhdəliyini müqavilədə nəzərdə tutulan qaydada icra etməsini icarəyə verəndən tələb etmək hüququ var idi. Yəni, iddiaçı icarəyə verilən əşyanın onun istifadəsi üçün yararlı vəziyyətdə olmadığına, cavabdehin müqavilə şərtlərini faktiki pozduğuna istinadən 23 avqust 2019-cu il tarixli icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etməklə əvvəl cavabdehə, mübahisə yarandığı təqdirdə isə - məhkəməyə müraciət edə bilərdi. Halbuki hazırki işin materiallarına əsasən iddiaçının müqavilənin qüvvədə olduğu zaman yaranması ehtimal edilən bu hüquqdan istifadə etdiyi müəyyən edilmir.
59. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
60. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2023 saylı 23 iyun 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı körpələr evi-uşaq bağçası MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova