Məhkəmə qərarları › İş №2(103)-594/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-594/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-594/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1789/2019 saylı iş üzrə qəbul etdiyi 19 mart 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3 61 K/11 nömrəli, 01 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 01 noyabr 2018-ci il tarixə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 28812,83 manat, faiz borcu üzrə 20802,45 manat, cərimə borcu üzrə 6987,65 manat, cəmi 56602,93 manat və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 61K/11 nömrəli 01.11.2011-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC-yə illik 14%lə 30740 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə Cavabdeh2 Mürüvvət oğlu ilə 61ZAa/11 nömrəli və X1 ilə 61ZAb/11 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borclu kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar həll etmək məqsədilə cavabdeh “xxxx” MMC-yə borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. İddiaçı ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 61K/11 nömrəli 01.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə 01.11.2018-ci il tarixə cavabdehin 28812,83 manat əsas borcu, 20802,45 manat faiz borcu və 6987,65 manat cərimə borcu olmaqla, cəmi 56602,93 manat borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1789/2019 saylı iş üzrə qəbul etdiyi 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 01.11.2011-ci il tarixli, 61K/11 saylı kredit müqaviləsi üzrə 28812,83 manat əsas borc, 12892,05 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 41804,88 (qırx bir min səkkiz yüz dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 22 (iyirmi iki) manat məbləğində dövlət rüsumu cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3 tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə onların işirakı olmadan baxmış, qəbul etdiyi qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə əsasən onların verdiyi izahatlarda, sənədlərlə əsaslandırmamışdır. Bankdan 30740 AZN məbləğində heç bir kredit götürülməmiş, bank iddia ərizəsində açıq-aşkar saxtakarlıq edərək heç bir əsası olmayan əsas borc, faiz borcu və cərimə məbləğləri göstərərək məhkəməni aldadıbdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlmədiklərinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehlərin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İşdən müəyyən olunur ki, İddiaçı ASC ilə borcalan “xxxx” MMC arasında 01 noyabr 2011-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə borcalan bankdan 14 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 30740 manat məbləğində kredit almış və kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu olaraq zaminlər Cavabdeh2, Cavabdeh3 kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Lakin borclu müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçı təşkilata kredit üzrə əsas borca görə 28812,83 manat, faiz borcuna görə 20802,45 manat, cərimə borcu 6987,65 manat olmaqla, ümumilikdə 56602,93 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda müəyyən olundu ki, kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitdiyi tarixə, yəni 01 noyabr 2016-cı il tarixə “xxxx” MMC-nin 12892,05 manat faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. İddiaçı kredit müqaviləsi üzrə yaranmış borcu tələb etməkdə haqlıdır, cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsinin bitmə tarixinə uyğun tutulmalı, iddianın cərimənin ödənilməsi hissəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin 28812,83 manat əsas borc və 100 manat cərimə borcu hissəsi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 həmin qətnamədən verdikləri apellyasiya şikayətlərini bir sıra digər dəlillərlə yanaşı, kredit müqaviləsi üzrə borc məbləğlərinin düzgün hesablanmadığı arqumenti ilə də əsaslandırmışlar. Məhkəmənin 05.10.2020-ci il tarixli qərardadı ilə mübahisənin obyektiv həlli üçün məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında 01.11.2011-ci il tarixli 61K/11 saylı kredit müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddətinin başa çatdığı 01.11.2016-cı il tarixinə “xxxx” MMC-nin əsas və faiz borcunun hansı məbləğdə olması, qeyd edilən kredit müqaviləsi üzrə 19.03.2019cu il tarixə əsas borcun nə qədər məbləğ təşkil etməsi kimi suallar qoyulmuşdur. Məhkəmə kollegiyasınə təqdim edilmiş 27 aprel 2021-ci il tarixli 9/990 №li ekspert rəyinin nəticə hissəsindən görünür ki, 01.11.2011-ci il tarixli 61K/11 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə, hesabdan çıxarış məlumatlarına əsasən 01.11.2016-cı il tarixinə “xxxx” MMC-nin əsas borcu 29.457,42 manat, faiz borcu isə 11.638 manat, 19.03.2019-cu il tarixə müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla əsas borcu 29.457,42 manat, faiz borcu isə 15.148 manat müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, əsas və cərimə borcu ilə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri bu hissədə formal mülahizələrdən ibarət olduğundan buna görə də şikayət həmin hissədə təmin edilməməklə, birinci instansiya məhkəməsinin qətnaməsi də həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Lakin kollegiya rayon məhkəməsinin gəldiyi nəticənin faiz məbləği hissəsi ilə razılaşmır və işin hallarını, eləcə də, ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz məbləğinin tutulması hissəsində dəyişdirilməlidir. Beləliklə də, yuxarıda şərh olunanlara əsasən və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi 01.11.2011-ci il tarixli, 61K/11 saylı kredit müqaviləsi üzrə faiz borcu və cəmi borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3 11.638 manat faiz borcu, cəmi 40551,07 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, ekspertiza xərci 150 manat tərəflərdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1789/2019 saylı iş üzrə qəbul etdiyi 19 mart 2019-cu il tarixli qətnaməsi faiz borcunun və cəmi məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilsin. 01.11.2011-ci il tarixli, 61K/11 saylı kredit müqaviləsi üzrə 11638 manat faiz borcu olmaqla, cəmi 40551,07 manat məbləğində pul cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3 tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh2, Cavabdeh3 aid edilsin. Ekspertiza xərci 150 manat iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən və cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3 dövlət büdcəsinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar