Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-594/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair 2(011)-6310/2021 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1241,99 manat əsas borc, 1130,35 manat faiz borcu, 1091,13 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 180,71 manat faiz borcu olmaqla cəmi 3644,18 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.07.2017-ci il tarixli, KM021T07170007S01 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 28% ödəmək şərtilə 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 21.06.2021-ci il tarixə banka 1241,99 manat əsas borc, 1130,35 manat faiz borcu, 1091,13 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 180,71 manat faiz borcu olmaqla cəmi 3644,18 manat borcu vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1241,99 manat əsas borcun, 1130,35 manat faiz borcunun, 91,13 manat cərimənin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 180,71 manat faiz borcu olmaqla cəmi 2644,18 (iki min altı yüz qırx dörd manat 18 qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun 21,60 (iyirmi bir manat 60 qəpik) manat hissəsinin iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh bankla arasında bağlanmış 24.07.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında icra etməklə aylıq ödəniş qrafikinə uyğun müəyyən olunmuş məbləğlər üzrə ödənişlər etmişdir. Lakin, Bank ləğv olduqdan sonra pulu hara və hansı qaydada ödəyəcəyini bilməmişdir. Bank iddia ərizəsində mövcud olan borcu həddindən artıq şişirtmişdir. Halbuki, bağlanan müqavilə 12 ay müddətinə nəzərdə tutulsa da, iddia ərizəsində isə borc nədənsə 21.06.2021-ci il tarixə hesablanmaqla fantastik rəqəmlər göstərilmişdir. Məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən, tələb olunan borcun məbləğini tam şəkildə araşdırımadan, iddia ərizəsində qeyd olunan məbləğdə əsas və faiz borcunu məndən tutulması barədə qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh verilmiş şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin müəyyən edilmiş hallarına əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.07.2017-ci il tarixli, KM021T07170007S01 saylı kredit müqaviləsi əsasında bank tərəfindən borc alana 12 ay müddətinə, illik 28% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. 36.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.07.2017-ci il tarixli KM021T07170007S01 saylı kredit müqaviləsi üzrə banka borcu 1241,99 manat əsas borc, 1130,35 manat faiz borcu, 1091,13 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 180,71 manat faiz borcu olmaqla cəmi 3644,18 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə cavabdehdən kredit borcunun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibtlıq ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12.01.2022-ci il tarixli rəyə əsasən, Cavabdeh oğunun müqavilə müddətinə, yəni 24.07.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 1363,73 manat, faiz borcu üzrə 78,49 manat təşkil edir. Həmin ekspert rəyi əsaslıdır və rəyi şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün əsas borcun məbləğinin artırılması yolverilməz olsa da, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 78,49 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şaxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki, və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyator tərəfindən iddiaçının xeyrinə tutulan əsas borcun, cərimənin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcunun həqiqətə uyğun olmamasını təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyi üçün həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulan faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəclləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(011)- 6310/2021 saylı qətnaməsi cavabdehdən tutulan faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 78,49 (yetmiş səkkiz manat 49 qəpik) manat faiz borcu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-594/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-594/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver