Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5941/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Baki Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 mart 2016-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı Sığorta Şirkətinin nümayəndələri X7, X5 və cavabdehin vəkili (nümayəndəsi) X8 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən edilmiş siğorta ödənişinin əvəzinin ödənilməsi məqsədi ilə 5.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 31 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 28.06.2013-cü il tarixdə idarə etdiyi “VAZ 21154” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 18-in qarşısında yolun sağında dayanan piyada X6 vurmuş, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat etmiş, cavabdeh isə hadisə yerindən yayınmışdır. AT seriyalı ********** saylı sığorta müqaviləsinə və 010956 saylı sığorta aktına əsasən iddiaçı Sığorta Şirkəti tərəfindən mərhumun hüquq varisinə 5.000 manat məbləğində sığorta ödənişi edilmişdir. Cavabdeh hadisə yerindən yayındığından “xxxx” Qanuna əsasən ödənilmiş sığorta məbləği cavabdehdən Sığorta Şirkətinin xeyrinə tutulmalıdır. Həmin məbləğin ödənilməsi ilə əlaqədar Sığorta Şirkəti tərəfindən cavabdehə müraciət olunsa da, sonuncu həmin məbləği ödəməmişdir. Bu səbəbdən də, Sığorta Şirkəti hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, rüsumunun ödənilməsinə görə isə xidmət haqqı olaraq 1 manat ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.03.2016-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Sığorta Şirkəti zərərçəkənin hüquqi varisinə sığorta ödənişini ödəməkdən imtina etmişdir. Buna görə də cavabdehin atası 5.000 manat məbləğində pulu zərərçəkənin hüquqi varisinə ödəmişdir. Belə olan halda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi işin qeyd edilən bu hallarına əhəmiyyət verməmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, zərərçəkənin hüququ varisi onun arvadıdır. Rayon Məhkəməsi müəyyən etməmişdir ki, sığorta ödənişi kimə ödənilmişdir. Sığorta Şirkəti sığorta ödənişini X2 ödədiyini bildirir, lakin həmin şəxsin kimliyi məlum deyil. Sığorta ödənişi zərərçəkənin arvadına verilməli idi. İddiaçı Sığorta Şirkətinin nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, sığorta ödənişini təşkil edən 5.000 manat Sığorta Şirkəti tərəfindən mərhum zərərçəkənin hüquqi varisi olan arvadına – X3, sonuncunun səlahiyyətli nümayəndəsi olan və apellyasiya şikayətində adı qeyd edilən X1 vasitəsi ilə ödənilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15.10.2014-cü il tarixli, 010956 saylı sığorta aktından görünür ki, sığortalı olan cavabdehə məxsus VAZ 21154 markalı, **-LR-*** qeydiyyat nişanlı avtomobili 12.10.2012-ci il tarixdən 11.10.2013-cü il tarixədək iddiaçı Sığorta Şirkəti tərəfindən sığorta olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin 12.12.2013-cü il tarixli hökmündən (İş №1(010)- 184/2013) görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək son nəticədə 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ona görə ki, o, 28.06.2013-cü il tarixdə idarə etdiyi “VAZ 21154” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 18-in qarşısında hərəkətdə olarkən yol-hərəkət qaydalarını pozmuş və nəticədə onun idarə etdiyi avtomobil ilə yolun kənarında dayanan piyada X6 vurmuş, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat etmiş, cavabdeh isə hadisə yerindən qaçmışdır. AZ-İ seriyalı, 620995 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X15 28.06.2013-cü il tarixdə travmatik qanitirmədən ölmüşdür. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, mərhum Rafiq Seyidovun vərəsəsi X4r. Miras əmlak isə mərhumun adına iddiaçı Sığorta Şirkəti tərəfindən həyata keçirilmiş 5.000 manat məbləğində sığorta ödənişidir. İşin hallarından göründüyü kimi, sığorta hadisəsi baş vermiş, Sığorta Şirkəti sığorta ödənişini mərhum zərərçəkənin varisinə ödəmişdir. Şirkət ödədiyi məbləğin əvəzinin subroqasiya qaydasında ona ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh həmin məbləği Şirkətə ödəməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə görə, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən maddi hüquq normalarının tələbindən çıxış edən Məhkəmə hesab edir ki, törədilmiş hüquq pozuntusuna görə Cavabdeh subroqasiya qaydasında mülki məsuliyyət daşıyır. Apellyasiya şikayəti vermiş Cavabdeh bildirir ki, yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Rafiq Seyidovun hüquqi varisi onun arvadı Həqiqət Seyidovadır. Sığorta Şirkəti isə ödənişi Fəxrəddin Mirzəyevə etdiyini bildirir. Əslində Sığorta Şirkəti ödənişi Həqiqət Seyidovaya verməkdən imtina etmişdir, bu səbəbdən də cavabdehin atası cinayət işi üzrə zərərçəkənin hüquqi varisi olan (övladı) Rahib Seyidova ödəmişdir. Göstərilənlərə əsasən, Sığorta Şirkətinin tələbi təmin oluna bilməz. Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qənaətə gəlir: 1) Cavabdeh bildirir ki, o, 5.000 manat məbləğində pulu mərhum zərərçəkənin hüquqi varisi Rahib Seyidova ödəmişdir. Lakin mülki işdə olan sənədlərdən görünür ki, mərhum zərərçəkənin hüquqi varisi onun arvadı H.Seyidovadır. Cavabdeh tərəf də bu halı inkar etmir. Lakin buna baxmayaraq pulu R.Seyidova ödədiyini bildirir. Cavabdehdən fərqli olaraq iddiaçı Şirkət isə sığorta ödənişini zərərçəkənin hüquqi varisi H.Seyidovaya ödəmişdir. 2) Cavabdehin 5.000 manat məbləğində pulu mərhum zərərçəkənin övladı R.Seyidova ödəməsi təsdiq olunmur. Cavabdeh bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı Şirkət 5.000 manatın subroqasiya qaydasında ödənilməsi ilə bağlı 06.01.2016-cı il tarixdə Rayon Məhkəməsinə müraciət etmiş, cavabdeh həmin vaxtı cəzaçəkmə müəssisəsində olduğu üçün Rayon Məhkəməsinə 04.03.2016-cı il tarixli iddia tələbinə etiraz ərizəsi göndərərək, bildirmişdir ki, iddia olunan 5.000 manat dəyərində məbləğin ödənilməsindən məhrumdur, cəza çəkdiyi müddətdə həm ailəsi, həm də özü çox ciddi maddi çətinliklərlə üzləşib. Həmin ərizədə, cavabdeh, onun tərəfindən 5.000 manat məbləğində pulun mərhumun ailə üzvlərindən kiməsə ödəməsini bildirmir. O, iddianın rədd olunmasını yalnız özünün cəzaçəkmə müəssisəsində olması, ailəsinin və özünün maddi vəziyyətinin ağır olmasına əsaslandırmışdır. 3) İddiaçı Sığorta Şirkət tərəfindən heç bir ödənişin edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş H.Seyidova tərəfindən F.Mirzəyevə verilmiş notarial qaydada təsdiq edilmiş 03.10.2014-cü il tarixli etibarnamədən görünür ki, H.Seyidova F.Mirzəyevə sığorta ödənişinin alınması ilə bağlı etibarnamədə göstərilən hərəkətləri etməyi etibar etmişdir. İddiaçı Şirkət həmin etibarnamə əsasında hərəkət etmiş F.Mirzəyevə 5 000 manat dəyərində sığorta ödənişini həyata keçirmiş və 17.10.2014-cü il tarixli ödəniş tapşırığına əlavədən görünür ki, 5.000 manat F.Mirzəyevə ödənilmişdir. 4) Cavabdeh bildirir ki, zərərçəkənin ailəsinə maddi yardım etmişlər və Suraxanı Rayon Məhkəməsinin 12.12.2013-cü il tarixli (İş №1(010)-184/2013) hökmünün surətindən də görünür ki, zərərçəkənin oğlu R.Seyidov cavabdehə qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan məbləğ sığorta hadisəsinin baş verməsi ilə əlaqədar ödənilməli olan sığorta ödənişidir. Lakin həmin hökmün surətindən görünür ki, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş cavabdeh məhkəmə baxışı zamanı izahatında qohumlarının zərərçəkənin ailəsinə dəfn xərclərinə görə 5.000 manat xərclədiklərini bildirmişdir. Qeyd olunan işin faktiki hallarından və maddi hüquq normalarının tələbindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Baki Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 mart 2016-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5941/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5941/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver