Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5943/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-4344/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən törətdikləri cinayət əsasında ona dəymiş maddi ziyan şəklində 47125 manat, əldə çıxmış fayda kimi 96000 manat, cəmi 143125 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə Yasamal RPİ-yə ərizə ilə müraciət edərək bir neçə şəxs tərəfindən ona məxsus olan külli miqdar dəyərində olan kariyer avadanlıqlarının dələduzluq yolu ilə keçirilməsi barədə məlumat vermişdir. Cavabdehlər barəsində cinayət işi başlanmış, Cavabdeh1 məsuliyyətə cəlb edilərək barəsində olan cinayət işi məhkəməyə göndərilmiş, nəticə ittiham hökmü çıxarılmış, digər Cavabdeh2 isə uzun müddət axtarışda olmuş, sonda barəsində isə cinayət işinə Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan, yəni müddətin keçməsinə görə xitam verilmişdir. İstintaq vaxtı müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən iddiaçı barəsində dələduzluq cinayəti törədilmiş, ona məxsus daş karxanasında istifadə olunan müəyyən avadanlıqlar ələ keçirilmiş, nəticədə ona 47125 manat maddi ziyan vurulmuşdur. Ziyanın məbləği ilə bağlı ekspertiza rəyi də mövcuddur. Bununla yanaşı, ona əldə çıxmış fayda kimi 96000 manat ziyan da dəymişdir. Çünki, o həmin avadanlıqları digər şəxslərə icarəyə verirdi və keçən müddət ərzində gəlirlərindən də məhrum olmuşdur. Cavabdehlərin ona qarşı hüquqazidd hərəkətləri cinayət təqibi zamanı tam sübuta yetirilmiş, lakin ona dəymiş ziyan tam ödənilməmişdir.Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1523/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı iddiası təmin olunmamışdır. Eyni zamanda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1523/2023 nömrəli 12 may 2023-cü il tarixli qərardadı ilə mülki işin icraatına İddiaçı Cavabdeh1 qarşı iddia tələbi üzrə hissədə xitam verilmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1523/2023 nömrəli qərardadından şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4344/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1523/2023 nömrəli qərardadı ləğv edilərək mülki iş üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(004)- 1523/2023 saylı əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzi olaraq 47.125 (qırx yeddi min yüz iyirmi beş) manat və əldən çıxmış fayda kimi 96.000 (doxsan altı min) manat olmaqla, ümumilikdə 143.125 (yüz qırx üç min yüz iyirmi beş) manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(004)-1523/2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehlərin qanunsuz və cinayət əməlləri nəticəsində ona ziyan vurulması, cinayət təqibi üzrə qəbul edilmiş preyudisial əhəmiyyətə malik olan qərarların nəzərə alınmaması, sübutlara hüquqi qiymət verilməməsi, iş üzrə tam və ətraflı araşdırmanın aparılmaması, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilməsi, Cavabdeh1 cinayət məsuliyyətinə cəlb еdilərək barəsində ittiham hökmünün qəbul edilməsi, cinayət işinin digər fiqurantı olan Cavabdeh2 barəsində isə ********* saylı cinayət işinin ayrılması, o, istintaqdan qaçıb gizləndiyi üçün barəsində aхtarış еlan olunması, 13 noyabr 2019-cu ildə tutularaq istintaqa təhvil vеrilməsi, ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham еlan еdilməsi, barəsində həbs qətimkan tədbirinin sеçilməsi, 13 aprеl 2020-ci il tariхdə COVİD-19 pandеmiyası ilə əlaqədar sonuncunun həbsdə saхlanması məqsədə müvafiq olmamış və o, həbsdən azad еdilərək, barəsində polisin nəzarəti altına vеrilməsi qətimkan tədbiri sеçilməsi, daha sonra iş üzrə icraatın dəfələrlə əsassız olaraq dayandırılması, şikayətləri əsasında iş üzrə icraatın təzələnməsi, sonda cinayət işinə bəraətvеrici əsaslar olmadan, yəni müddətin keçməsi əsası ilə Azərbaycan Rеspublikası CPM-nin 39.1.3-cü maddəsi ilə хitam vеrilməsi, beləliklə onun təqsirliliyinin sübuta yetirilməsi və s. göstərilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, yalnız iddianın Cavabdeh2 qarşı rədd olunması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1523/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Belə ki, digər Cavabdeh1 ilə qarşılıqlı qazılaşmalarına görə, sonuncu ona dəymiş ziyanın bir hissəsini ödəməyi öhdəsinə götürmüş, lakin Cavabdeh2 maddi ziyanın ödənilməsi istiqamətində onunla danışığa gəlməmişdir. Cavabdehlər tərəfindən, ümumilikdə, ona 47125 manat ziyan vurulmuş, həmin məbləğin 17000 manat hissəsini Cavabdeh1 ödəməyi öhdəsinə götürmüş və hissə-hissə ödəməkdə davam edir. Belə olan halda qalan 30000 manat ziyanı Cavabdeh2 ödəməlidir. Cavabdehlər ona qarşı birlikdə cinayət əməlini törətmişlər və o hər bir cavabdehdən dəymiş ziyanın tamamilə ödənilməsini tələb edə bilər. Cavabdeh2 istintaq vaxtı ona 2500 manat ödədiyindən, hazırda Cavabdeh2 27500 manat tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, iddiaçıya birbaşa ziyan vurmamış, digər şəxslər iddiaçının əmlakını ələ keçirmişlər, onun təqsiri yoxdur. Lakin, ona da ibtidai istintaq vaxtı ittiham verilmiş, hətta bir müddət həbsdə qalmışdır. Sonda barəsində olan cinayət işinə müddətin keçməsinə görə xitam verilmişdir. İstintaq vaxtı iddiaçıya 2500 manat ödəmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 isə apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq, özünə aid hissədə iddiaçı ilə razılığa gəlməsini, müəyyən olunmuş məbləği hissə-hissə iddiaçıya ödədiyini bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən hər bir cavabdehə qarşı ayrılıqda qətnamələr qəbul edilmiş, iddiaçı yalnız iddianın Cavabdeh2 qarşı rədd olunması ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1523/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayətləri həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan cinayət təqibi üzrə qəbul edilmiş çoxsaylı qərarlardan müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı barəsində dələduzluq cinayəti törətməsi ilə bağlı cinayət təqibi başlanmış, Cavabdeh1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, lakin ibtidai istintaq vaxtı, yəni 16 yanvar 2019-cu il tarixdə həmin cinayət işindən Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işin ayrıca icraata ayrılmışdır. Həmçinin müəyyən olunur ki, Cavabdeh2 17 aprel 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 19 aprel 2018-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, lakin sonuncu qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayındığından 18 iyul 2018-ci il tarixdə axtarışa verilmiş, 13 noyabr 2019-cu il tarixdə tutulmuş, 15 noyabr 2019-cu il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 13 aprel 2020-ci il tarixdə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sonradan cinayət təqibi üzrə icraat bir neçə dəfə dayandırılmış, Qaradağ rayon Pİnin İstintaq Şöbəsinin 10 avqust 2021-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə - İddiaçı 47125 manat dəyərində əmlakının dələduzluq yolu ilə talanması faktı sübut olunmadığından həmin xüsusat üzrə cinayət təqibinin rədd edilməsi, İddiaçı zərərçəkmiş şəxs statusuna xitam verilməsi və s. qərara alınmışdır. İddiaçının qeyd edilən qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət sonda Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı ilə təmin olunmuş, Qaradağ rayon Pİ-nin İstintaq Şöbəsinin 10 avqust 2021-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarı - Cavabdeh2 barəsində cinayət işinin başlanmasının rədd olunması və İddiaçı zərərçəkmiş şəxs prosessual statusuna xitam verilməsi hissələrində qanunsuz hesab edilərək ləğv olunmuş və cinayət işi materiallarının araşdırmanın davam etdirilməsi üçün Qaradağ rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Qaradağ rayon Pİ-nin İstintaq Şöbəsinin 29 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuş (ona görə ki “2013-cü ildə iddiaçının əmlakını ələ keçirmək niyyəti ilə daş karxanasında olan avadanlıqları satmaq imkanına malik olması barədə qəsdən yalan məlumat verib aldadaraq sonuncunun etibarından sui-istifadə edib ümumilikdə 47125 manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmişdir”), iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, Nəhayət, Qaradağ rayon Pİ-nin İstintaq Şöbəsinin 19 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarı ilə - Cavabdeh2 cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir. Qeyd edilən qərarla müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı dələduzluq edib, əmlaklarını ələ keçirməsi faktına görə sonuncuya 47125 manat dəyərində maddi ziyan dəymişdir. İstintaq zamanı Cavabdeh2 ərizə ilə müraciət edərək bildirmişdir ki, 2011-ci ildə Novruz Rzayev və İddiaçı məxsus daş karxanasını satmağa söz vermiş, sonra həmin ilin yayında daş karxanasının kombaynını və relslərini əvvəlcə Nəriman adlı şəxsin daş karxanasına gətirib, daha sonra satıb ehtiyacı olduğu üçün pulu ehtiyaclarına xərcləmişdir. Əməlinin cinayət olmasını və mahiyyətini dərk edir, əməlindən peşmandır. Həmin hadisənin üstündən 10 ildən çox vaxt keçmişdir. Odur ki, müddətin keçməsini nəzərə alıb, barəsində istintaq olunan cinayət işinə bəraətverici əsaslar olmadan müddətin keçməsi ilə xitam verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddəlrinə istinad etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Lakin, həmin şərtlərin heç biri ödənilmir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda sadalanan cinayət təqibi orqanların qərarları ilə - Cavabdeh2 İddiaçı qarşı dələduzluq cinayət əməlini törətməsi, nəticədə sonuncunun əmlaklarını ələ keçirməsi faktına görə ona 47125 manat dəyərində maddi ziyan dəyməsi açıq-aşkar öz təsdiqi tapmışdır. Bu hal digər sübutlarla (izahatlar və s.) yanaşı, cinayət təqibinin başa çatması ilə bağlı qəbul edilmiş Qaradağ rayon Pİ-nin İstintaq Şöbəsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə birmənalı təsdiq olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsinin cavabdehin iddiaçıya münasibətdə qanunsuz, hüquqazidd hərəkətinin olmaması, ona ziyan vurulmaması barədə mövqeyi anlaşılmaz olmaqla, ümumiyyətlə, əsaslandırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də qətnamə apellyasiya şikayətinə əsasən tam ləğv olunmalı, həmçinin aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları, həmçinin başqa şəxsə zərər vurulmasından, fiziki və hüquqi şəxslərin digər hərəkətlərindən əmələ gəlir. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. MM-nin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehin hərəkətləri qanuni əsaslara söykənməmiş, aldatma yolu ilə iddiaçının əmlakları mülkiyyətində çıxmış, nəticədə ona ziyan vurulmuşdur. Cavabdehin barəsidə olan cinayət işinin icraatına xitam verilməsi yalnız cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olmuşdur, çünki sonuncu özü bu barədə müvafiq ərizə ilə istintaq orqanına müraciət etmişdir (yuxarıda bu barədə ətraflı qeyd olunmuşdur). Cavabdehin iddiaçıya qarşı hərəkətlərində həmçinin mülki hüquqi məsuliyyətin yaranması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri şərtlər mövcuddur. Belə olan halda, cavabdeh iddiaçıya vurulmuş zərərə görə mülki hüquqi məsuliyyət daşımaqla, onu ödəmək vəzifəsini həyata keçirməlidir. Cavabdehin qanunsuz, hüquqazidd əməlləri nəticəsində iddiaçıya dəymiş maddi zərər məbləği (47125 manat) də ibtidai araşdırma zamanı müvafiq sübutlarla (ekspertiza rəyi və s.) müəyyən olunmuş, cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Bununla yanaşı, apellyasiya baxışı zamanı iddiaçı yazılı ərizə verərək, zərərin bir hissəsinin ödənilməsi ilə bağlı digər Cavabdeh1la razılaşdığını, bu səbəbdən də Cavabdeh2 dəymiş zərərin qalan 27500 manat hissəsini tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin iddiaçı qarşısında öhdəliyi bilavasitə cinayət hüquqi xarakterli zərərvurmadan yaranmışdır. Yuxarıda da qeyd edildiyi kimi, öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurmadır (MM-nin 386.1-ci mad.). Belə olan halda iddiaçı qarşısında mülki hüququ anlamda dəymiş zərərin ödənilməsi öhdəliyi yaranmış olur və təqsirkar şəxslər birgə borclu kimi çıxış edirlər. MM-nin 501-ci maddəsinə görə isə kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. MM-nin 505-ci maddəsinə əsasən birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir. Göründüyü kimi, iddiaçının Cavabdeh1 ilə zərərin bir hissəsi barədə razılığa gəlməsi, zərərin qalan hissəsinin digər Cavabdeh2 tələb etmək hüququnu aradan qaldırmır. Həmçinin, iddiaçının ona dəymiş zərəri cavabdehlərdən fərqli məbləğlərdə tələb etməsi də vəziyyəti dəyişdirmir (yuxarıda da qeyd edildiyi kimi - kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər). Burada diqqət edilməli əsas məqam cavabdehlərin hər birindən tələb olunan pul vəsaitlərinin ümumi məbləğinin ümumi zərər məbləğini aşmamasıdır ki, hazırki işdə də belə bir hal müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddia dəymiş maddi zərərin cavabdehdən tutulması ilə bağlı 27500 manat hissədə təmin olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia əldən çıxmış fayda hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əldən çıxmış faydanı tələb etdiyi halda bu halı sübut etmək yükünü daşıyır. İşin hallarından isə görünür ki, iddiaçı keçən müddət ərzində müvafiq əmlaklarla bağlı iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini, lakin həmin gəlirlərdən məhrum olmasını və s. bu istiqamətdə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı həmin hissədə tələbinin əsası kimi sübut qismində məhkəməyə xx.xx.2012ci il tarixli İcarə müqaviləsini təqdim etsə də, həmin müqavilədən görünür ki, əmlakları icarəyə verən qismində iddiaçı deyil, hüquqi şəxs kimi “Abşeron layihə” Kooperativi göstərilmişdir (iddiaçı hüquqi şəxsin direktoru kimi müqailəni imzalamışdır). Belə olan halda, həmin müqavilə məhz iddiaçının özü tərəfindən müvafiq əmlakların icarəyə verilərək şəxsi gəlir əldə etməsi kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, iddiaçı birinci instansiya məhkəməsində izahatında (bax: 12 may 2023-cü il tarixli məhkəmə iclas protokolu) bildirmişdir ki, həmin müqavilə 2023-cü ilin aprel ayının əvvəlində tərtib edilərək imzalanmışdır. Buna səbəb, müqavilənin ilkin versiyası mövcud olmamasıdır. Göründüyü kimi, iddiaçı məhkəməyə müvafiq əmlakların hadisə baş verməmişdən əvvəl real olaraq icarə verməsi və icarə haqqı almasına və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rəsmi gəlir əldə etməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Belə olan halda isə, iddia qeyd edilən hissədə əsassız olmaqla, işdə olan sübutlarla təsdiq olunmur. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, Cavabdeh2 iddiaçının xeyrinə 27500 manat pul tutulmalı, iddia həmin cavabdehə qarşı qalan hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-4344/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-4344/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. Cavabdeh2 İddiaçı xeyrinə 27500 (iyirmi yeddi min beş yüz) manat pul vəsaiti tutulsun, iddia həmin cavabdehə qarşı qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5943/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5943/2023
01.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver