Məhkəmə qərarları › İş №2(103)-5944/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5944/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5944/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Sona Qasımovanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan qanunsuz istifadəyə görə zərərin əvəzinin və təbii qazdan istifadəyə görə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində ümumilikdə 5.940,40 manat tələb olunub. Bura təbii qazdan qanunsuz istifadə nəticəsində vurulmuş zərərin əvəzi və qazdan istifadəyə görə qalıq borc daxildir. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İşdə 2 tələb var. 1-ci tələb, yəni qazdan qanunsuz istifadə ilə bağlı tələb ona əsaslanıb ki, cavabdeh (məişət abonenti) yaşadığı, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsində yerləşən evdə qaz xəttinə qanunsuz qoşulmaqla qazdan qanunsuz istifadə edib, yəni qazı talayıb. Talanan qazın dəyəri 5.745,90 manat təşkil edir. Bu tələb əsassızdır. Belə ki, iddiaçı qanunsuz qoşulma ilə bağlı 19 ədəd akt tərtib edib. Aktların tarixi və nömrəsi Binəqədi RM-nin qətnaməsində göstərilib: 1-ci akt 28.11.2016-cı il tarixdə, sonuncu akt isə 29.06.2020-ci il tarixdə tərtib edilib. Bu aktlar özözlüyündə qanunsuz qoşulma faktını və bunun məhz cavabdeh tərəfindən edildiyini təsdiq etmir. Belə ki, 1-ci, aktlar cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib edilib. Aktlarda qeyd olunub ki, cavabdeh aktı imzalamaqdan imtina edib, lakin imtina faktı lazımi qaydada təsdiq olnmur. Məhkəmə iddiaçının əməkdaşları tərəfindən yazılmış “imtina etdi” qeydinə əsaslanaraq belə qənaətə gələ bilməz ki, həmin aktlar cavabdehin iştirakı ilə tərtib olunub, lakin cavabdeh aktlarını hamısını imzalamaqdan imtina edib. 2-ci, aktlara foto və ya video çəkiliş əlavə edilməyib, halbuki, iddiaçının əməkdaşlarının foto və video çəkiliş etməyə imkanı olub. İddiaçı bir neçə fotoşəkil təqdim etsə də bu fotoların cavabdehin evinə aid olduğunu müəyyənləşdirmək mümkün deyil. 3-cü, Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı qanunsuz qoşulma ilə bağlı ilk halın 2016-ci ilə aid olduğunu bildirsə də ötən 4 il ərzində dəymiş zərərin ödənilməsi tələbini nəzərdə tutan hər hansı sənədi (bildirişi və s.) cavabdehə təqdim etməyib. Belə ki, bunu təsdiq edən heç bir sübut yoxdur. 5.745,90 manat məişət abonenti üçün böyük məbləğdir. Abonentin bu məbləğdə qazı taladığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi üçün mötəbər sübutlar olmalıdır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanunsuz qoşulma ilə bağlı tələbi rədd etməklə düzgün nəticəyə gəlib. 2-ci tələb, yənin qazdan istifadəyə görə qalıq borcun ödənilməsi barədə tələb onunla əsaslandırılıb ki, 2017-ci ilin oktyabr ayına qazdan istifadəyə görə cavabdehin 181,50 manat qalıq borcu qalıb Bu tələb əsassızıdır. Belə ki, 181,50 manat borc “Gasrep” adlı arayışda (iş v. 18) 2017-ci ilin oktyabr ayına aid qrafada göstərilsə də hesablama dövrü 2012-ci ildən başlayır. İddia ərizəsində bu borc “2017-ci ilin oktyabr ayına qədər” olan borc kimi təqdim olunur, bu, qeyri-müəyyəndir. Borcun 5 ilin daxilində qazdan istifadə ilə bağlı yarandığını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunu sübut edə bilmir, ona görə də qeyri-müəyyənlik iddiaçının əleyhinə şərh olunmalı, hesab olunmalıdır ki, borc 5 ildən əvvələ aiddir. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Ona görə də məhkəmə hesab edir ki, 181,50 manat borcun ödənilməsi barədə tələb qüvvəsini itirib, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar