Məhkəmə qərarları › İş №2(103)-5946/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5946/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5946/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundanvə Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə,Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1631/20 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə(hakim S.Talıbov, iş № 2(008)-1631/20) iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 ilə Cavabdeharasında bağlanmış xx.xx.2010-cu il tarixli, ******************** saylı kredit müqaviləsinə əsasən cavabdehə 84 (səksən dörd) ay müddətinə, illik 15% (on beş faiz) ödənilmək şərtilə 3300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 3291,10 (üç min iki yüz doxsan bir manat, 10 qəpik) manat əsas, 288,32 (iki yüz səksən səkkiz manat, 32 qəpik) manat faiz, 1278,08 (min iki yüz yetmiş səkkiz manat, 8 qəpik) manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 493,58 (dörd yüz doxsan üç manat, 58 qəpik) manat faiz məbləği olmaqla, cəmi 5351,08 (beş min üç yüz əlli bir manat, 8 qəpik) manat borcu mövcuddur. İddiaçı borcun məbləği barədə xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışı təqdim etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti qətnamənin qanunsuz və əsassız olması ilə əsaslandırılmışdır. Apelyatorun qənaətinə görə məhkəmə iddianı əsassız olaraq təmin etməmişdir.Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasında cavabdehi xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə xəbərdar etmiş və cavabdeh tərəfindən müqavilə mübahisələndirilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasənapelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ciil tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədədir. İddiaçı bu tələbinin faktiki əsası kimi xx.xx.2010-cu il tarixli, ******************** saylı kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqavilənin surətini məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin təqdim edilməməsini və bununla da tərəflər arasında kredit müqaviləsinin bağlanmasının, iddia tələbinin əsası kimi istinad olunan halların sübuta yetirilmədiyini əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Azərbaycan RespublikasıMülki Məcəlləsinin 739.1, 740, 385.1, 442-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri iləəsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında hüquq və vəzifələrin, öhdəliklərin yaranma əsası kimi yazılı müqaviləyə istinad olunduğundan iddiaçı ilk növbədə həmin müqavilənin surətini işə baxan məhkəməyə təqdim etməlidir. Lakin iddiaçı həmin müqavilənin surətini nə birinci, nə də apelyasiya instansiyası məhkəməsində işə baxılarkən təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübutetmə vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında kredit borcunun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini cavabdehin iddiaçı qarşısında yuxarıda adı çəkilən əsaslar üzrə öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Bu isə yalnız müqavilə əsasında müəyyən oluna bilər ki, həmin müqavilə də işə baxan məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə cavabdehin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apelyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də qətnamə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri SabunçuRayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar