Məhkəmə qərarları › İş №2(103)-5951/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5951/2022

05.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5951/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Ziya qızının və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı Ziya qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı Ziya qızı Cavabdeh arasında 2011-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Birgə nikahdan 2013-cü il təvəllüdlü Xəlilova Sona və 2015-ci il təvəllüdlü Xəlilova İnci adlı uşaqları vardır. Hazırda münasibətləri pozulmuş və ayrı yaşayırlar.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Ziya qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları 2013-cü il təvəllüdlü Xəlilova Sona, 2015ci il təvəllüdlü Xəlilova İnci yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli № 2(011)-5346/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləği miqdarının təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.Tələbdə göstərir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5346/2020 saylı, 15 oktyabr 2010-cu il tarixli qətnaməsinə əsasən, övladlarının yetkinlik yaşına çatanadək saxlamaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit məbləğdə aliment tutulması qət edilmişdir. Hal-hazırda o və cavabdeh ayrıayrı ünvanlarda qalmaqla ayrı təsərrüfat aparırlar. Övladları da iddiaçı ilə birlikdə qalmaqla onun himayəsindədir.

3. İddiaçı Cavabdeh İddiaçı Ziya qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları 2013ci il təvəllüdlü Sona Xəlilovanın və 2015-ci il təvəllüdlü İnci Xəlilovanın saxlanması üçün alimentin pulunu azaldaraq hər uşağın birinə 150 manat hesablanaraq cəmi 300 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddiada göstərilir ki, o, uzun müddətdir ki, 2 azyaşlı uşaqların alimentini vaxtı-vaxtında ödəyir. Halbuki, o, uzun müddətdir ki, iş axtarmasına baxmayaraq, iş tapa bilmədiyindən heç bir yerdə işləmir. Bununla bağlı o, rəsmi müraciət etdiyi qurum: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Aqentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən № **********9 xx.xx.2022-ci il tarixdə rəsmi qaydada arayış almışdır. Onun valideynləri təqaüdçüdürlər və o, hal-hazırda onların himayəsində olaraq yaşayır. Onun valideynləri öz təqaüd pullarından onun əvəzinə iddiaçıya uşaqların saxlanması üçün ona hər ay vaxtlı-vaxtında aliment pulu ödəyirlər. Valideynləri öz pensiya haqlarından hər ay ona 340 manat pulu ödəyirlər . Hesab edir ki, cavabdehin ondan 30-40 manat əlavə pula ehtiyacı yoxdur, cavabdeh yalnız onunla qərəzli olduğundan məhz cavabdehin mənəvi cəhətdən ona zərbə vurmaq məqsədi ilə onun məhkəmələrdə sürünməsini bilərəkdən edir. O, valideynlərindən utanır ki, onlar öz təqaüd pullarını özlərinin dərman və digər xərclərindən kəsərək, iddiaçının tələbinə məruz qalmışlar. Hal-hazırda nə dövlət tərəfindən, nə də onun özü faktiki iş axtardığı müddətində işlə təmin olunmadığından, valideynlərinin təqaüdündən iddiaçıya məcbur olaraq ödədiyi vəsait, yaşlı valideynlərinin özlərinə sərf etdiyi dərman və digər zəruri tələblərinə xərclədiyi pullarının istifadə etdiyi üçün müvvəqəti olaraq alimentin azadılması barədə qərara gəlmişdir. O, özü də çalışır ki, işləsin və öz uşaqlarının xərclərini ödəməsini artıqlaması ilə ödəsin. Lakin hal-hazırda Respublikada işlə bağlı iş yerlərində işin məhdud olması onu çətin duruma salmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi (hakim İlahə Abbasova) ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, tərəflər arasında alimentlə bağlı mübahisəni həll etmiş məhkəmə aktının qüvvəyə mindiyi tarixdən keçən qısa müddət ərzində tərəflərin ailə və ya maddi vəziyətində müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsinə əsas ola biləcək dəyişikliyin baş verməsi mülki işdə olan mötəbər sübutlarla təsdiq edilmədiyindən ilkin və qarşılıqlı iddialar əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı Ziya qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilkin iddia tələbinin təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, övladları onun himayəsində olmaqla onunla yaşayırlar. Müəyyən olunan yaşayış minimumu miqdarı onların bütün tələbatlarını ödəməyə kifayət etmir. O, övladları məktəbə, hazırlıqlara gedib gəldiyi üçün, onları aparıb-gətirmək lazım olduğu üçün işləyə bilmir. Əgər işləsə, onları aparıbgətirməyə və s. əlavə pul məbləği lazımdır. Ona görə də o, özü bunları edir və ona görə də qazanc əldə edə bilmir. Cavabdehin verdıyi məbləğ isə uşaqların hazırlıqları, yeməyi, paltarı və s. üçün kifayət etmir. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri.

8. Cavabdeh apellyasiya şikayətinə qarşı təqdim etdiyi etirazda qeyd edir ki, iddiacı İddiaçı Ziya qızı apellayasiya şikayətində yalnız Mülki Prosessual Məcəllənin maddələrini köçürməklə kifayətlənmiş, şikayətində hansı maddi və prosessual hüquq normalarının pozulmasından bir kəlmə də bəhs etməmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi o, hal-hazırda Azərbayjan Respublikasının Əmək və Əhalinın Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Aqentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən № **********9, xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qeydiyyatda olsa da, ona işlə bağlı heç bir təklif və məlumat gəlməmişdir. Bu səbəbdən onun yaşlı valideyinləri öz təqaüd pullarından onun əvəzinə iddiaçıya uşaqların saxlanması üçün hər ay vaxtı-vaxtında aliment pulu ödəyirlər. Lakin iddiaçı Bakı Dövlət Universtetini məzunu olmasına baxmayaraq işləmək arzusunda olmamış və işləmək üçün heç bir vaxt cəhd göstərməmişdir. Onun valideyinləri isə ona kömək edərək dərman pularını uşaqların alimentinə ödəyirlər. O, xəcalət çəkir ki, işsizlikdən o, valideynlərinin təqaüd vəsaitlərini uşaqlarına ödəyir, lakin iddiaçı ali savadı olmasına baxmayaraq işləmək arzusunda deyil. Hesab edir ki, iddiaçının onun verəcəyi 30-40 manat əlavə pula ehtiyacı yoxdur, iddiaçı yalnız onunla qərəzli olduğundan məhz ona mənəvi cəhətdən zərbə vurmaq məqsədi ilə onu məhkəmələrdə süründürür. Hal-hazırda işlə təmin olunmadığından valideyinlərinin təqaüdündən iddiaçıya məcbur olaraq ödədiyi vəsait, yaşlı valideyinlərinin özlərinə sərf etdiyi dərman və diqər zəruri tələblərinə xərclədiyi pularının istifadə etdiyi üçün müvəqqəti olaraq alimentin azadılması barədə qərara gəlmişdi, lakin Xətai Rayon Məhkəməsi onun qarşılıqlı tələbini rədd etmişdir. O da Xətai Rayon Məhkəməsinin qərarına hörmətlə yanaşaraq apellyasiya şikayətini verməmişdir. O, özü də çalışır ki, işləsin və öz uşaqlarının xərclərini ödəsin. Lakin hal-hazırda Respublikada işlə bağlı iş yerlərində işin məhdud olması onu çətin duruma salmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı Ziya qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi hüquq normaları:

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanunu.

«Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin məzmunundan və iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatdan görünür ki, şikayətin obyektini əslində, qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işlə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından ilk iddia haqlı sayılmır.

22. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir.

23. Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir.

24. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər. 25.Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən(artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur. 26.Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər.

27. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur. 28.Hazırki işdədə iddiaçı tərəfindən cavabdehin qazancının arnmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmiş, eləcə də iddiaçı alimenti cavabdehin qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində istəmişdir. 29.Əlbətdə ki, iddiaçının cavabdehin daha artıq qazancının və digər gəlirlərinin olması barədə mötəbər sübut əldə edərsə sabit pul məbləğində yaxud da aylıq qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi yenidən məhkəməyə müraciət etməyə hansısa maneə mövcud deyildir.

30. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı Ziya qızının apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar