Məhkəmə qərarları › İş №2(103)-5954/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5954/2020

24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5954/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs "Cavabdeh" ASC) "kredit müqaviləsinin həqiqiliyinə dair məhkəmə ekspertizasının təyin edilməsi və devalvasiya pulunun ödənilməsi" tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından ərizəçi x1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı «kredit müqaviləsinin həqiqiliyinə dair məhkəmə ekspertizasının təyin edilməsi və devalvasiya pulunun ödənilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində Cavabdeh ASC-ni maraqlı şəxs kimi göstərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.Səmədov, iş № 2(006)-3095/20) ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılmış, ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ərizəçi İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, onun iddia tələbi birbaşa Prezident sərəncamının icrasını təmin etməyən Cavabdeh ASC-yə qarşı yönəldilmiş, üzərinə düşən vəzifəni icra etməyərək icraat haqqında qanunun tələblərini pozaraq onun adını devalvasiya ilə bağlı kompensasiya alanların siyahısına daxil etməyən cavabdehə qarşı yönəldilmişdir. Ərizələrinə cavabdeh tərəfindən heç bir əsaslandırılmış cavab verilməmiş, yeganə cavab Mərkəzi Bank tərəfindən ona təqdim olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin məzmununda dəyişiklik olunmasını, iddia tələminin təmin edilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Şikayəti “İnzibati icraat haqqında” Qanunun 20, 22.1, 24-cü maddələri ilə əsaslandırmışdır. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi H.Baxşıyev məhkəmə kollegiyasının iclasında izahat verərkən şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, ərizəçinin izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən göstərmişdir ki, göstərilən tələb xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 149-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşdən göründüyü kimi, ərizə sadələşdirilmiş icraat qaydasında verilmiş və xüsusi icraat qaydalarına uyğun tərtib olunmuşdur. Yəni, ərizə qarışıq bir formada tərtib olunmuş, konkret tələb və tələbə cavab verməli şəxs (cavabdeh) qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməli olduğu halda, ərizədə konkret tələb və həmin tələbin əsaslandırıldığı hallar göstərilməmişdir. Ərizənin məzmunundan göründüyü kimi, ərizədə Cavabdeh ASC maraqlı şəxs kimi göstərilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən maraqlı şəxslər xüsusi icraat qaydasında işlər üzrə işdə iştirak edən şəxslər sayılır. Ərizəçinin tələbi isə mahiyyət etibarilə iddia icraatı qaydasında baxılan tələbdir. O, tələbinə cavab verməli konkret şəxsi, yaxud şəxsləri müəyyən etməli və həmin şəxsə (şəxslərə) qarşı konkret tələb irəli sürməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuş, qərardad qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Ərizəçi tərəfindən şikayətdə MPM-nin 53-cü maddəsinə əsasən tələbin məzmununa dəyişiklik edilməsi xahişinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ərizə ayrıca qərardadla icraata qəbul edilmədiyindən ona edilmiş hər hansı dəyişiklik də məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, qanunvericilikdə iddia ərizəsinə dəyişiklik edilməsi hüququ iddia ərizəsinin icraata qəbulundan sonra işin sonrakı mərhələlərində nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar