Məhkəmə qərarları › İş №2(103)-5955/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5955/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5955/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh Yəhya oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1336/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Yəhya oğluna qarşı "vurulmuş zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, cavabdehdən vurulmuş zərərə görə 135.000 manat pulun iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18.04.2008-ci il tarixdə Cavabdeh Yəhya oğlu atası X3 ilə əlbir olub, İddiaçı1 gizli olaraq yeganə yaşayış yerləri olan Novxanı qəsəbəsində yerləşən, sahəsi 36,48 kv.m-dən ibarət 2 otaqlı 1106 “D” saylı bağ evinə dair Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamışlar. Bu müqaviləyə əsasən X2 Zərri ilə birgə əmlakları olan bağ evini real qiymətindən dəfələrlə aşağı, 48000 manata Cavabdeh Yəhya oğluna satmış, pulun hamısını özünə götürüb, ailəni tərk edərək Qazaxstan Respublikasına qaçmışdır. Satılan bağ evi sənədlə 2 otaqlı 36,48 kv.m qeyd edilsə də, həqiqətdə yaşayış sahəsi dəfələrlə böyük bir villadır. Bu bağ evində iddiaçılar birlikdə yaşayırdı. Biznesində bankrot olan Məmmədov Məhərrəmdən bağ evini qiymətindən dəfələrlə aşağı məbləğə alan Cavabdeh məhkəmə icraçılarının vasitəsilə onları yaşadıqları bağ evindən çıxarıb küçəyə atmışdır. Böyük yaşayış sahəsi olan bağ evindən qanunsuz çıxarıldıqdan sonra bütün ailə 10 il ərzində kirayə tutulmuş evlərdə yaşamağa, 200-300 manat kirayə pulu vermək məcburiyyətində qalmışdır. Nəticədə 10 il ərzində ən azı 70000 manat zərər çəkmişdir. Bundan əlavə evdən qanunsuz çıxarılmaqla bağlı 8-9 il ərzində çoxsaylı məhkəmə baxışlarında iştirak etmək məcburiyyətində qalmış, bununla bağlı vəkil və digər hüquqi xidmətlərə 5000 manat vəsait vermək məcburiyyətində olmuşlar. Nəhayət, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.01.2019-cu il tarixli qərarı ilə 18.04.2008-ci il tarixli alqı-satqı müqaviləsi qanunsuz hesab edilmişdir. Yəni Cavabdeh tərəfindən pozulmuş mülki hüquqları bərpa edilmişdir. Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 23.07.2019-cu il tarixli qərardadı ilə qanunsuz çıxarıldıqları Novxanı qəsəbəsində olan bağ evinin 11 ildən sonra qaytarılmasını tələb etmişdir. Bu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Kirayə evlərdə yaşadıqları və məhkəmələrdə mübahisə apardıqları illərdə Cavabdeh Yəhya oğlu hüquq pozuntusu ilə aldığı bağ evindən özü üçün mənfəət götürmüşdür. O, 10 il ərzində bağ evini kimlərəsə kirayə vermişdir. Nəticədə yaxşı təmirli bağ evi tamamilə dağıdılmış, yaşamaq üçün yararsız vəziyyətə gətirilmişdir. Hazırki vaxt bağ evinin ilkin vəziyyətinə gətirilməsi üçün 60000 manat vəsait tələb olunur. Beləliklə, Cavabdeh Yəhya oğlu qanunsuz olaraq 10 il müddətində onları kirayə evlərdə yaşamağa məcbur etdiyi, bağ evini tamamilə dağıtdığı və çoxsaylı məhkəmə xərcləri çəkilməsinə məcbur etdiyi səbəbdən ailələrinə 135000 manat zərər vurmuşdur. Göstərilənlərə əsasəni, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1336/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Yəhya oğluna qarşı "vurulmuş zərərin ödənilməsi tələbinə dair" iddiaları təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini iddia ərizəsində göstərilənlərlə əsaslandırmışlar. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1336/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıların iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh Yəhya oğlunun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1336/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçılar apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3cü, 1096.1, 1096.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.06.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı bağ evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv olunması və əvvəlki qeydiyyatın bərpası tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 09.12.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 16.05.2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19.09.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.06.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın 22.02.2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19.09.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Z.lsmixanova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 22.02.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu İddiaçı1 Cavabdeh qarşı bağ evinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv olunması və əvvəlki qeydiyyatın bərpası tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 22.02.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsini, işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmasını qərara almışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 23.07.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən, yaşayış sahəsi 36,48 kv.m-dən ibarət 2 otaqlı 1106 D saylı bağ evinə dair İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış 18.04.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki qeyd bərpa edilməklə çıxarışın ləğv edilməsi, mənzilə görə ödənilmiş 48.000 manat pulun İddiaçı3 alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 26.11.2019cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Kollegiya qeyd edir ki, hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia edir ki, Cavabdeh Yəhya oğlunun qanunsuz hərəkətləri nəticəsində uzun müddət kirayədə qalmaqla və cavabdeh tərəfindən onlara məxsus bağ evinin yararsız hala gətirilməsi nəticəsində onlara 135000 manat məbləğində maddi zərər vurulmuşdur. Halbuki, iş materiallarında olan məhkəmə aktlarından da göründüyü kimi, Cavabdeh Yəhya oğlu ilə X3 arasında Novxanı qəsəbəsində yerləşən, sahəsi 36,48 kv.m-dən ibarət 2 otaqlı 1106 “D” saylı bağ evinə dair 18.04.2008-ci il tarixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi, İddiaçı1 tərəfindən X1 verilmiş etibarnamənin müddətinin bitməsi olmuş, Cavabdeh Yəhya oğlunun müqavilənin etibarsızlığı üzrə heç bir qanunsuz hərəkəti müəyyən olunmamışdır. Eləcə də, iddiaçılara məxsus bağ evinin cavabdeh tərəfindən kirayəyə verilməsi, bu səbəbdən də, dağılaraq yararsız vəziyyətə gətirilməsi barədə iddiaçıların mülahizələri öz təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, məhkəməyə iddiaçılar tərəfindən tələblərini təsdiq edə biləcək əsaslı və mötəbər sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayətində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1336/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1336/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar