Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5957/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 79,662 ABŞ dolları məbləğində vəsaitin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 nömrəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 125, mənzil 1 və Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən 125 nömrəli qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(005)- 2778/2020 saylı qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 nömrəli qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən 125 nömrəli qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Qeyd edilən qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9680/2020 saylı 28 dekabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 09.03.2021-ci il tarixdə ərizə təqdim edərək mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(005)- 244/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair Cavabdeh vəsatəti təmin edilmiş və mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3313/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-244/2021 saylı, 10 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 08 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2020 saylı, 02 noyabr 2020-ci il tarixli və 10 mart 2021-ci il tarixli qərardadlardan şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2020 saylı, 20 may 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi artıq Cavabdeh şikayətinin dəlilləri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(005)-244/2021 saylı qərardadı və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9680/2020 saylı 28 dekabr 2020-ci il tarixli yekun qərardadı qəbul edildiyindən Cavabdeh şikayətinə baxılması qeyrimümkün hesab edilməli və apelyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh tərəfindən qeyd olunan əsaslarla iş vaxtının itirilməsi üçün yenidən müraciət olunacağı halda məhkəmə tərəfindən cərimələnmə məsələsi də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin baxılması qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilsin. Şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5957/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5957/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver