Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5958/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(004)- 205/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-205/21) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 946 (doqquz yüz qırx altı) manat 52 (əlli iki) qəpik, faiz borcu üzrə 69 (altmış doqquz) manat 16 (on altı) qəpik, cərimə borcu üzrə 90 (doxsan) manat, ümumilikdə 1105 (bir min yüz beş) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Hazırda Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və onun banka heç bir öhdəliyinin olmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22.01.2014-cü il tarixli 05L000004948 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.09.2014-cü il tarixli 05R000011721 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 05.05.2015-ci il tarixli 05R000011721S saylı, 22.12.2015-ci il tarixli 05R00001172İSA saylı, 22.06.2016-cı il tarixli 05R000011721SB saylı, 12.01.2017-ci il tarixli 05R000011721SC saylı, 23.10.2017-ci il tarixli 05R000011721SD saylı, 09.08.2018ci il tarixli 05R000011721SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.03.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5523.48 manat ödəmiş, onun 976.52 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21.04.2020-ci il tarixə 403 gün üçün hesablanmış faiz borcu 394.92 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 21.04.2020-ci il tarixə 403 gün üçün hesablanmış cərimə 784.95 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasım təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1. Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000011721 saylı kredit razılaşması və ona əlavə edilmiş əlavə sazişlər üzrə 976.52 manat məbləğində kredit borcu, 394.92 manat məbləğində faiz borcu və 784.95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2156 (iki min yüz əlli altı) manat 39 (otuz doqquz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2, 448.1, 465.2, 472.1-ci maddələrinə istinad edərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, bank ilə onun bağladığı müqavilə üzrə ümumiyytələ qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, bank ilə onun arasında bağlanmış 005L000004948 nömrəli, 22.01.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən ona 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində uzun müddətli kredit xətti açılmış, daha sonra 30.09.2014-cü il tarixli 05R000011721 saylı kredit razılaşmasına əsasən bank tərəfindən ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla 6500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə digər cavabdehlər zamin dayanmışdır. Daha sonra ödənişlərində gecikmələr olduğu üçün bank ilə arasında bağlanmış müqavilə üzrə müxtəlif vaxtlarda restrukturizasiya edilmiş və hər dəfəsində faiz və cərimə məbləği toplanılaraq şişirdilmişdir. O, banka olan 8466.38 manat məbləğində borcu qarşılığında 9408 manat məlbəğində ödəniş etmişdir. Bundan başqa o, kredit müqviləsinin qüvvədə olma müddəti bitdikdən sonra banka ümumilikdə 30 manat ödəniş etmişdir. Pandemiyadan zərərçəkmiş şəxs kimi isə ona dövlət tərəfindən 122 manat məbləğində ödəniş edilmiş və həmin ödənişi də, bank hesabından çıxartmışdır. Hesab edir ki, onun kredit müqaviləsi üzrə borcu qalmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2156,39 AZN borc tələb olunduğu halda, ekspert rəyində faktiki olaraq 1120,31 AZN borc olduğu göstərilmiş və cavabdeh tərəfindən əlavə olaraq 152 AZN ödənildiyi də müəyyən olunmuşdur. Lakin onların məhkəməyə təqdim etdikləri qəbzlərdən görünür ki, 8466,38 AZN pul qarşılığında 9408 AZN pul ödəmişdir. Bankın iddia tələbində qoyduğu məbləğ ekspertizanın rəyi ilə müqayisə etdikdə cərimə borcu nəzərə alınmasa belə yerdə qalan ümumi borcdan da çox tələb olunduğu açıq-aşkar görünür. Ekspertiza zamanı onun vəsatətində göstərdiyi xüsusatlar tam araşdırılmamışdır. Məhkəməyə əlavə ekspertizanın verilməsi ilə bağlı vəsatət təqdim etsə də, vəsatəti təmin olunmamışdır. Vəsatətin əsas məqsədi və ya ekspert qarşısında qoyulan sual ondan ibarətdir ki, onlarda olan ödəniş qəbzlərinə əsasən borcunu tam, artıqlaması ilə ödədiyi halda onu borclu kimi göstərməyinin mənbəyinin araşdırılaraq cavab verilməsi olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh1 teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı hər hansı sübut təqdim olunmadığını nəzərə alaraq və MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından məlum olur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 005L000004948 nömrəli, 22.01.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində uzun müddətli kredit xətti açılmış və həmin kredit xətti çərçivəsində 30.09.2014-cü il tarixli 05R000011721 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla 6500 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı QSC ilə 22.01.2014-cü il və 05.05.2015-ci il tarixlərdə zaminlik müqavilələri bağlayaraq borcalanın müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Tərəflərin imzaladıqları 05.05.2015-ci il tarixli 05R000011721S saylı, 22.12.2015-ci il tarixli 05R00001172İSA saylı, 22.06.2016-cı il tarixli 05R000011721SB saylı, 12.01.2017-ci il tarixli 05R000011721SC saylı, 23.10.2017-ci il tarixli 05R000011721SD saylı, 09.08.2018-ci il tarixli 05R000011721SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, kreditin son ödəniş tarixi 15.10.2019-cu il müəyyən edilmişdir. Müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən iddiaçı hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehdən 976.52 manat məbləğində əsas borc, 394.92 manat məbləğində faiz borcu və 784.95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2156 (iki min yüz əlli altı) manat 39 (otuz doqquz) qəpik məbləğində borcun tutulması barədədir. Məhkəmə Ekspertiza Mərkəzinin 03.03.2021-ci il tarixli, 9/5474 nömrəli rəyinə əsasən, Cavabdeh1 30.09.2014-cü il tarixli, 05R000011721 saylı kredit müqaviləsi üzrə 15.10.2019-cu il tarixə (kredit müqaviləsinin qüvvədə olma tarixinə) İddiaçı QSC-yə olan borcu cəmi 1120,31 manat təşkil edir ki, bunun da 1051,15 manatı əsas borc, 69.16 manatı isə faiz borcu üzrədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri həqiqətən də lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 424-cü və s. maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə apelyator borcu tam, artıqlaması ilə ödədiyi halda, ekspert onu borclu kimi göstərmişdir və ona görə də əlavə ekspertiza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ekspert rəyi ilə razılaşmaması həmin rəyin mötəbər olmaması anlamına gəlmir. Ekspert cavabdehin də təqdim etdiyi ödəniş qəbzləri əsasında tədqiqat aparmış, cavabdeh narazı qaldığı üçün yenidən ekspertiza keçirilməsini tələb etmişdir. Ekspertiza keçirilməsi üçün yeni hal müəyyən edilməmişdir. Belə olan halda vəsatətin təmin edilməməsi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdeh1 verdiyi apellyasiya şikayətinin dəlilləri hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Qətnamə üzrə cavabdehdən tutulan borcun məbləği cəmi 1120,31 manat təşkil edir ki, İddiaçı QSC da bunu apellyasiya qaydasında mübahisələndirməmişdir. Cavabdeh1 qətnaməni 1120,31 manat borcun tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq və MPM-nin 404-1-ci maddəsini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsinin qeyri-mümkün olduğunu qeyd edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Cavabdeh1 Kamallədin oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5958/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5958/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver