Məhkəmə qərarları › İş №2(103)-5959/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5959/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5959/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iş materiallarının aidiyyat üzrə göndərilməsi ilə bağlı vəsatət rədd edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2819/2025 saylı, 24 sentyabr 2025ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 saylı notariat ofisinin 26 dekabr 2024-cü il tarixli İcra qeydinin ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək, zəruri səbəbdən, hazırda iddia tələbinə aidiyyəti üzrə iddiaçının qeydiyyatda olduğu yer üzrə Ağdam rayon Məhkəməsində baxılmalı olduğunu bildirmiş, 2(005)- 2819/2025 saylı işi aidiyyəti üzrə Ağdam rayon Məhkəmənə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2819/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatət təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi icra qeydinin ləğv edilməsi barədədir. Cavabdehlərin hər ikisi – Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 227D, Cavabdeh1 isə ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. İddia ərizəsi qanunvericiliklə müəyyən olunmuş aidiyyat qaydalarına uyğun olaraq cavabdehlərin ünvanı üzrə məhkəməyə, yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmiş və sonuncu tərəfindən icraata qəbul edilmişdir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2819/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət həmin məhkəmənin 03 oktyabr 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, zəruri səbəbdən, hazırda iddia tələbinə aidiyyəti üzrə iddiaçının qeydiyyatda olduğu yer üzrə Ağdam rayon Məhkəməsində baxılmalıdır, Belə ki, tərəfindən verilmiş iddia tələbi üzrə məhkəmə iclaslarında iştirak edə bilmir, Qeyd edir ki, illərdir ki, Ağdam rayonunda yaşayır və Ağdam rayonunda təsərrüfat aparır. Qeyd olunan hallara əsasən hesab edir ki, hazırki iddia tələbi mahiyyəti üzrə Ağdam Rayon məhkəməsində baxılması daha məqsədəmüvafiqdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Maddə 6.4. Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Maddə 36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Maddə 36.7. Qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Maddə 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Maddə 36.12. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 saylı notariat ofisinin 26 dekabr 2024-cü il tarixli İcra qeydinin ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

12. İş materiallarından müəyyən olunur ki, cavabdehlər – Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 227D, Cavabdeh1 isə ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır.

13. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosesual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

14. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

15. İddia ərizəsinin iddiaçının olduğu yer üzrə məhkəməyə göndərilməsini tələb edən iddiaçının uzun müddət Ağdam rayonunda yaşaması və təsərrüfat aparması ilə bağlı şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, sadalanan hallar iddia ərizəsinin iddiaçının olduğu yer üzrə məhkəmədə baxılması üçün əsas təşkil etməməklə prosessual qanunvericiliyin istinad olunan normarının tələblərinə ziddir.

16. Belə ki, Mülki Prosesual Məcəllənin “İddiaçının seçməsinə görə aidiyyət” adlanan 36cı maddəsində iddia ərizəsinin iddiaçının yaşadığı yerə görə verilə bildiyi hallar konkret olaraq göstərilmiş və hazırkı işdə qeyd olunan hallar müəyyən olunmur.

17. Belə olan halda məhkəmə kollegası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə hazırki mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət əsassızdır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iş materiallarının Ağdam Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2819/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar