Məhkəmə qərarları › İş №2(103)-5963/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5963/2021

24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5963/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-ya qarşı «20000 manat ziyan və 1500 manat məbləğində əmək haqqı» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(103)- 5963/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulan ziyana görə 20000 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. 11.12.2020-ci il tarixdə iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək Cavabdeh MMC-dən onun sağlamlığına vurduğu ziyana görə 20000 manat, ödənilməmiş 1500 manat məbləğində əmək haqqını, ümumilikdə 21500 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə 17.04.2018-ci il tarixli NK-059/18 saylı Əmr əsasında, fəhlə vəzifəsində işə qəbul olmuşdur. Həmin şirkətdə bir ildən çox müddət işlədiyi zaman hər zaman nizam-intizamlı və heç bir zaman daxili qayda pozuntusuna onun tərəfindən yol verilməmişdir. 2019-cu ilin iyul ayında işlədiyi sahədə iş zamanı xəsarət almış və nəticədə belində və sol ayağında ağrılar şiddətlənmiş, qaməti əyrilərək, keylənmədən əziyyət çəkməyə başlamışdır. 15.07.2019-cu il tarixdə “Medikal” hospitalda fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyat üzərində icra edilmişdir. Bütün bu məsələlər barəsində müəssisəyə vaxtıvaxtında məlumat vermiş və 2020-ci ilin fevral ayına kimi ambulator kitabçadan çıxarışlarıda mövcuddur. Uzun müddət keçəndən sonra, yəni 2020-ci ilin iyun ayında işlədiyi müəssisəyə gedərək əmək kitabçasını geri istəyən zaman orda onun xəbəri olmadan, həmçinin onun tərəfindən imzalanmadan guya 30.12.2019-cu ildə öz xahişi əsasında işdən azad olmuşdur. Lakin bu həqiqəti əks etdirmir və burda hansısa bir əməkdaş tərəfindən saxtakarlıq vardır. Həmçinin uzun müddət qanunsuz olaraq onun əmək haqları ödənilmir, iş zamanı aldığı xəsarətin sığorta və işəgötürən tərəfindən kompensasiya edilməmiş və qanunsuz onu işdən çıxarmışlar. Bu səbəbdən onun sağlamlığına vurulan ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(103)-5963/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 5000 (beş min) manat pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Şəhla Süleymanova).

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rzayev X9 rayon Məhkəməsində sağlamlığına vurulan ziyana görə, 20000 (iyirmi min) manat pul vəsaitinin "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə iddia qaldırmışdır. İddiasını onunla əsaslandırmışdır ki, 2019-cu ilin iyul ayında işlədiyi sahədə iş zamanı xəsarət almış, nəticədə belində və sol ayağında ağrılar şiddətlənmiş,qaməti əyilərək keylənmədən əziyyət çəkməyə başlamışdır. Səbail rayon Məhkəməsi 09 mart 2021-ci il tarixli 2 (009)-357/2021 saylı qətnaməsi ilə iddianı qismən təmin etməklə, İddiaçı xeyrinə "xxxx" MMC - dən 5000 (beş min) tutulması barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan Bakı Medikal Hospitalın ******* saylı epikrizinə isnad edərək İddiaçı 15.07.2019-cu il tarixdə həmin hospitala belində ve sol ayağındakı ağrıdan, qamətinin əyilməsindən, həmçinin keylikdən müraciət etdiyini .həmin gün ona spinal anesteziya altında L 5 soldan hissəvi hemilaminoektomiyası, L5-Sl fəqərəarası disk yırtığının xaric edilməsi carrahi əməliyyatının icra olunduğunu əsas gətirərək,"xxxx" MMC- dən 5000 manat pulun müalicələrə sərf olunması vacibliyini lazım bilmişdir. İstinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin rnaddəlorindo işçinin sağlamlığının pozulması hallarında nəzərdə tutulmuş qaydalar da .ilk baxışdan iddiaçının xeyrinə pul ödənməsini zəruri etmiş kimi görünür. Lakin, birinci instansiya məhkəməsi araşdırmalara yalnız işçinin, yəni bu halda iddiaçının hüquqlarını xarakterizə edən qanunvericilik əsasları bazasında yekun vurmuşdur. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər bır sıra qanunvericilik aktlarının işəgötürənin hüquqlarını da müdafiə edən, eləcə də işçinin də məsuliyyət hədlərini çərçivələyən maddələri mövcuddur. Eyni zamanda, məhkəmə işin hallarını tədqiq edərkən, iddiaçının həqiqətənmi disk yırtığı xəstəliyinə tutulmasının istehsalatda bədbəxt hadisələr kateqoriyasına aid olub-olmadığım da diqqətə almamışdır. Disk yırtığına səbəb ola biləcək ağırlıq maksumumunu da.nəzərə almamışdır.Bu faktor ona görə ən önəmli hesab edilir ki, iddiaçı normativdən artıq yük daşıdığını xəstələnməsinə səbəb kimi göstərir. Faktlar isə, tamamilə əksini deyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdimatı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təsdiq etdiyi 3238 saylı 30.08.2006-cı il tarixli Vahid Tarif-ixtısas Sorğu Kitabçasının 1-ci fəslində bütün sahələr üzrə ümumi olan əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilməyən fəhlə peşələrinin 69 qrup üzrə izahlı siyahısı əks olunmuşdur. Həmin siyahının 38-ci bölməsi "yükdaşıyan" fəhlə peşəsi olan şəxslərin vəzifələrini müəyyən edir ki.digər heç bir fəhlə qrupuna iddiaçını aid etmək olmazdı.Həmin bölmədə ən aşağı dərəcəli yükdaşıyanın 50 kq-dək yük daşımalı olduğu, yükləri ham əl ilə, həm də nəqledici vasitələrlə daşıması aşkar şərtləndirilir. GORKMAZ GROUP MMC-nin İddiaçı ilə təmasda olan, hadisə şahidi olan və birinci instansiya məhkəməsində şahid kimi dindirilən 5 nəfər işçisi də, onun ağırlıq qaldırmaqdan xəstələnməsini təsdiq etmirlər. Onun özünün məhkəmədəkı danışıqlarında qaldırdığını iddia etdiyi yüklərin də çəkisinin maksimum 7-8 kq-dan artıq olmadığı aşkara çıxmışdır. İddiaçı iş yerində istehsalat travması almadığı, əslində həmin xəstəliyin onda bu işə qəbul olmamışdan əvvəl olması şübhəsi də ortadadır. Belə ki, disk yırtığının əmələ gəlməsinə iş yerində heç bir halın baş verməsi səbəb ola bilmədiyi üçün bu xəstəliyi iş zamanı istehsalat travmasma aid edərək, "xxxx" MMC-nin zərərinə hər hansı pul tutulması düzgün hesab oluna bilməz. Lakin məlum MMC-NİN rəhbərliyi, bütün bunlara rəğmən. İddiaçı Bakı Medikal Hospitalda müalicəsi ilə bağlı xərcləri özü ödəmişdir. İddiaçı, çəkdiyi əlavə xərclərlə bağlı birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər,sübut kimi qiymətləndirilə bilməzdi.Həmin sənədlərdə qeyd olunan xərclərin disk yırtığı ilə əlaqəsinin olubolmadığı sübut olunmamışdır. Hətta.sübut olunsaydı belə İddiaçı iş yerində istehsalat travması almamışdı. Həmin yanlış məntiqə qarşı "xxxx" MMC - nin rəhbərliyi də iddia edir ki, İddiaçı, məlum xəstəliyə işə girməmişdən əvvəl tutulmuşdu. O, birinci instansiya məhkəməsinə yazdığı kimi 17.04.2018-ci ildə deyil, 17.04.2019-cu ildə işə qəbul olmuş, cəmi iki ay sonra xəstəliyim bəyan etmişdir İşə girən zaman "sağlamlıq barədə arayış"da təqdim etməmışdır. Qaldırdığı yüklərin ağırlığının, yəni disk yırtığı adlanan xəstəliyin məlum iş yerində yaranma ehtimalı ola biləcək yeganə variantının, hətta qanunvericilik aktlarında yol verilən hədlərdən dəfələrlə aşağı olması, İddiaçı istehsalatda bədbəxt hadisə ilə üzləşməsi faktını rədd edir. İşə girəndən cəmi iki ay sonra, işəgötürənə xəstəliklə bağlı iddialar qaldırması isə onun əvvəldən yaranmış xəstəliyini işəgötürənin vəsaiti hesabına müalicə etdirmək xislətindən xəbər verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsində deyilir ki, "Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı( Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təsdiq edilmiş Vahid Tarif-ixtisas Sorğu Kitabçasına əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək göstərilir." Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin "ə" bəndinə əsasən.işəgötürənin şəxsiyyətini ləkələyən.şərəf və ləyaqətim alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar,yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş ziyan vurduqda.işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Q.Cəfərov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Qasımov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

9. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:

10. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 18.02.2021ci il tarixli iclasında iştirak edən şahid X4 izahat verərək bildirmişdir ki, iddiaçı kimi o da, Cavabdehndə çalışmışdır. 2019-cu ilin avqust ayının sonundan oktyabr ayının əvvəlinə kimi, təxmini ay yarım işləmişdir. Kran olmayanda sərəcəni (inşaat materialı) tək daşıyırdılar. 4 nəfərin daşımalı olduğu panolu (inşaat materialı) 2 nəfərə daşıdırdılar. Prosesdə iştirak etmə səbəbi, həddindən artıq ağır yükləri işçilərə daşıtdıqlarını məhkəmənin nəzərinə çatdırmaqdır.

11. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 18.02.2021-ci il tarixli iclasında iştirak edən şahid X5 izahat verərək bildirmişdir ki, Cavabdehndə təhlükəsizlikdə işləyir. Külək olanda işçiləri evə göndərirlər. Kran işləməyəndə 2-3 gün və ya 1-2 saat işləmədikləri olur, yaxud həmin zaman işçilərə yüngül işlər gördürürlər. İddiaçı fəhlə kimi işləyirdi. Xəstəxanaya da o aparmışdır. O başqa tikintidə idi, çağırdıqda gəlmişdir və həkimə aparaq demişdir. Qan və kəsik olmadığı üçün həkim çağırmamışlar. Bel ağrısı olduğunu dedilər, öncədən də beli ağrayırdı. İşə təzə gələn zaman bel ağrısından şikayətlənmirdi. Sağlamlıq barədə arayışı olmalıdır, işə götürülən zaman alırlar. İddiaçı işə götürülən zaman arayış alınıb-alınmadığını dəqiq bilmir. Müdiriyyət ona yönəltdikdən sonra, özəl xəstəxanaya aparmışdır. Yoxlanışlardan keçdikdə həkim yırtıq olduğunu dedi. Müdirlə danışdıqda, həkim nə deyirsə onu etməklərini bildirdi. Əməliyyat oldundu və bütün xərcləri şirkət qarşıladı, iynə-dərmanın da alıb vermişlər. Əməliyyatdan iki gün sonra taksi pulun verib evinə göndərmişdir. Mütəmadi telefon ilə əlaqə saxlayırdılar. 2 ay sonra problem olduğunu dedi və yenidən həkimə getmişlər. Həkim ayağa qalxmağını, gəzməyini dedi, əgər ağrıyırsa başqa səbəbi olduğunu bildirdi.

12. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən şahid X11 izahat verərək bildirmişdir ki, briqadir işləyir. Axşam gəldikdə ağrıdığını görmüşdür, dayısına zəng etmək istədiyini bildirdiyi üçün dayısına məlumat vermişlər. İşçilər işə götürülən zaman sağlamlıq arayışı alınır, bu işlərə o baxmadığı üçün iddiaçının arayışının olub-olmaması barədə məlumatlı deyil. Belə olan halda müdiriyyətə məlumat verilir. Ona aidiyyatı olmadığı üçün müdiriyyətə xəbər vermişdir, onlar əməliyyat və digər xərcləri qarşılamışlar.

13. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 18.02.2021-ci il tarixli iclasında iştirak edən şahid X7 izahat verərək bildirmişdir ki, briqadir işləyir. O iddiaçını ağır qaldırmaq üçün məcbur etməmişdir. 2-3 kilo ağırlığında taxta qaldırırlar. Süpürmək, zibilləri yığmaq kimi yüngül işlər görürlər. Məhkəmənin 18.02.2021-ci il tarixli iclasında iştirak edən şahid X8 izahat verərək bildirmişdir ki, briqadir işləmişdir. Hadisə olan günü orda olmuşdur, preparator gətirməyə göndərmişlər, o zaman beli tutmuşdur. Gecə vaxtı idi təcili tibbi yardım çağırmamışlar, dayısına zəng etmişlər, gəlib aparmışdır. Preparator təxmini 7 kiloqram olur, 2 metrlik sərəcə 50 kiloqramdan bir az artıq olur. Kran daşıyır, bəzən lazım olanda fəhlə də daşıyır. O sərəcə daşımağını görməmişdir. Sağlamlıq barədə arayışı yəqin ki olar.

14. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 18.02.2021-ci il tarixli iclasında iştirak edən şahid X6 izahat verərək bildirmişdir ki, xəsarət aldığını gözlə görməmişdir, panol daşıyan zaman olduğunu demişlər. İşçilər danışan zaman, sonrakı gün bilmişdir. Panol 30-40 kiloqram ağırlığında olur. 3 metr uzunluq, 90 sm eni olur. Valideynləri zəng edib pis olduğunu dedikdə rəhbərliyə bu barədə məlumat vermişdir. Sonradan Emil onu əməliyyata apardı.

15. İş materiallarında olan Səbail rayon prokurorunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə 14 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

16. İş materiallarında olan Medikal Hospitalın ******* sayı epikrizindən görünür ki, İddiaçı 15.07.2019-cu il tarixdə belində və sol ayağındakı ağrıdan, qamətin əyilməsindən və keylikdən müraciət etmişdir. 15.07.2019-cu il il tarixdə spinal anestiziya altında xəstəyə L5 soldan hissəvi hemilaminoektomiyası. L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra sol pəncənin parezi qalmaqdadır. Xəstə yaşayış yeri üzrə nervopatoloqun ambulator nəzarətinə yazılır. Fiziki gərginlikdən qorunmaq məsləhət görülmüşdür.

17. İş materiallarında olan Medikal Hospitalın Cavabdeh MMC təqdim edilməsi üçün 19.09.2019-cu il tarixdə arayış vermişdir.

18. İş materiallarında olan reseptlərdən görünür ki, nevropotoluq tərəfindən müalicələr almışdır. Hüquqi dəyərləndirmə:

19. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə - iddiaçının sağlamlığına vurulmuş ziyanın ödənilməsi hissəsində yoxlayır.

23. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

26. Həmin Məcəllənin 459.2-ci maddəsinə əsasən əgər bədən xəsarəti və ya sağlamlığa zərər vurulması nəticəsində zərərçəkən əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi ilə ödənilməlidir.

27. Həmin Məcəllənin 1125.1-ci maddəsinə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər.

28. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

29. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək belə qənaətə gəlmişdir ki, tapşırılan işin icrası zamanı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq iddiaçıya 5000 manat cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə mövqeyini qeyd edilən hüquq normaları və şahid ifadələri ilə əsaslandırmışdır.

30. Yuxarıda istinad olunmuş normaların məzmunundan da müəyyən olunur ki, müqavilə öhdəliklərinin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa ödənilir. Göründüyü kimi, həyat və sağlamlığa vurulmuş zərərin müqavilə öhdəliklərinin icrası zamanı yaranması vurulmuş zərərin əvəzinin ödənilməsini şərtləndirir.

31. İddiaçının sağlamlığına vurulmuş zərərin onun müqavilə öhdəliklərinin yerinə yetirilməsi zamanı baş verməsi halının araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı qoyulmuş disk yırtığı diaqnozunun onun 17.04.2018-ci ildən 30.12.2019-cu il tarixinədək işlədiyi Cavabdeh MMC–dəki əmək fəaliyyəti nəticəsində yarana bilibbilinməməsi sualı qoyulmuşdur.

32. Məhkəmə-Tibbi Ekspertiza və X1 02.11.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 03.06.2019-cu il tarixdə “Baku Clinic”də bel-oma MR müayinəsində olmuş və onda “L5-S1 disk məsafəsində sol paramedian yırtıq” aşkar edilmişdir. 15.07.2019-cu il tarixdə “Medikal Hospital”da cərrahiyyə əməliyyatına məruz qalmışdır. Daha sonra, müxtəlif tibb müəssisəsində və “Kürdəmir Mərkəzi Rayon Xəstəxanası”nın Poliklinika şöbəsində ambulator nəzarətdə olmuşdur. Beləliklə, iddiaçıda 03.06.2019-cu il tarixdə disk yırtığı aşkar edilmiş, 29.12.2019-cu il tarixədək və bundan sonrakı tarixlərdə müayinə və müalicələrdə olmuşdur. Qeyd olunan patoloji halının yaranmasına səbəb fiziki yüklənmə, artıq çəki, genetik faktor, zərərli vərdişlər və s. aid edilir, konkret olaraq hansı amilin həlledici olması haqqında fikir söylənilməsi mümkün deyildir.

33. Məhkmə kollegiyası işin hallarına, ekspert rəyinə əsasən qeyd edir ki, iddiaçının səhhətində yaranmış patoloji halın onun əmək funksiyalarının icrası nəticəsində yaranması və iddia ərizəsində qeyd etdiyi kimi həqiqətən də onun əmək prosesində ağır yük qaldırması səbəbindən yaranması, başqa sözlə, iddiaçının səhhətində yaranmış patoloji halla yerinə yetirdiyi əmək funksiyaları arasında səbəbli əlaqənin mövcudluğu iş materialları, ekspert rəyi ilə öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır.

34. Həmçinin iddiaçı iddia tələbində əmək funksiyalarında nəzərdə tutulduğundan daha artıq yük qaldırmağa məcbur edilməsini qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübut iş materiallarında aşkar edilməmişdir. Hətta birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən Məmmədov Emil, Acar Dursun, Abbasov Natiq, Ağayev Dövlət iddiaçının daha əvvəl da bel ağrılarından şikayətləndiyini, ağır yük qaldırmadığını bildirmişlər.

35. Qeyd edilənlərə əsasən kollegiya vurğulayır ki, iddiaçı həmin səbəbli əlaqənin olmasını, yəni səhhətinə dəymiş zərərin əmək funksiyalarının icrası zamanı yarandığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

36. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Birinci instansiya məhkəməsində yalnız bir şahid - Salmanov Röyal iddiaçının həddindən artıq ağır yük daşımasını bildirmişdir. Lakin, yalnız bir nəfər şahidin iddiaçının həddindən artıq yük daşımasını bildirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iş materiallarını və digər 4 nəfər şahidin ifadəsini nəzərə almamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi şahid ifadələri arasında ziddiyyəti araşdırmamış, onları digər yanakı sübutlarla dəyərləndirməmiş və nəyə görə 4 nəfər şahidin deyil, bir nəfər şahidin ifadəsinə əsaslanmaqla qətnamə qəbul etməsini əsaslandırmamışdır.

40. Sadalanan xüsusatlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının əmək funksiyaları ilə sağlamlığına dəymiş zərər arasında səbəbli əlaqənin olması və iddiaçının həqiqətən də əmək funksiyalarında nəzərdə tutulduğundan daha ağır yük daşıması iş materialları ilə öz təsdiqini tapmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

43. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

44. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

45. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

46. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(103)-5963/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar