Məhkəmə qərarları › İş №2(103)-5965/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5965/2023

16.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5965/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(008)-3041/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvandakı yerləşən 105.3 kv.m qeyri-yaşayış sahəsinin keçmiş mülkiyyətçisi Cavabdeh ilə BOKT "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlamış, aylıq icarə haqqı 6.395,35 manat razılaşdırılmaqla qeyri-yaşayış sahəsi 5 il müddətində Cavabdeh tərəfindən BOKT "xxxx" ASC-yə icarəyə verilmişdir.

2. İcarə müqaviləsi notariat qaydasında təsdiq olunsa da, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

3. Cavabdeh qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixdə X4, sonuncu isə xx.xx.2021-ci il tarixdə X1.

4. İddiaçı icarə haqqını mütəmadi olaraq ödəmiş, obyekt cavabdehin mülkiyyətindən çıxandan sonra 2021-ci ilin iyul ayının 5.500 manat (vergi çıxılmaqla) icarə haqqını Cavabdeh hesabına xx.xx.2021-ci il tarixdə ödəmiş, 2022-ci ilin fevral ayına qədər qeyri-yaşayış sahəsini boşaltmış, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay üçün 895,35 manat olmaqla, cəmi 6267,45 manat, ödəmə mənbəyindən vergini ödəmişdir.

5. BOKT "xxxx" ASC X6 qarşı iddia verərək, qeyri-yaşayış sahəsinin icarəsinə dair icarə müqaviləsənin eyni şərtlərlə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş 164.325,56 manat zərərin alınıb iddiaçıya ödənilməsini tələb etmişdir. X8 qarşılıqlı iddia verərək, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, "İnternational” QSC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 55.352,50 manat məbləğində maddə və 6000 manat mənəvi zərər olmaqla, ümumilikdə 61.325,50 manat məbləğində pulun BOKT "İnternational” QSC-dən tutulmasını tələb etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, X5 iddiası qismən təmin edilərək, dəymiş zərərin əvəzi 44.767,45 manat pul vəsaitinin "İnternational” ASC-dən alınıb X6 ödənilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" ASC tərəfindən ünvan 1 ünvandakı binanın birinci mərtəbəsində yerləşən 105,3 kv.m qeyri-yaşayış sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün aparılmış təmir işlərinə çəkilmiş 19.450 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Cavabdeh hesablanmış “Ödəmə mənbəyində tutulan vergi” üzrə dövlət büdcəsinə ödənilmiş 42.786,15 manat gəlirin məbləği üzrə hesablanmış 6.267,45 manat vergi məbləği, cavabdehin icarə obyektini iddiaçıya məlumat vermədən əldən çıxardığı dövr üzrə icarə müqaviləsi əsasında cavabdehə köçürmə yolu ilə ödənilmiş 5.500 manat maddi zərərin və 184 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ünvan 1 ünvandakı binanın birinci mərtəbəsində yerləşən 105.3 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh ilə Bakı şəhəri 44 saylı DNK-da bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2020- ci il tarixdən xx.xx.2025-ci il tarixədək icarəyə götürmüşdür. 2021-ci ilin iyul ayında X8 "İntemational” ASC-yə müraciət edərək, icarə sahəsini aldığını bildirmiş, icarəçidən sahənin boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Bundan sonra, dəfələrlə obyektə müdaxilə edilmiş, reklam yazıları cırılmış, qapının üzərinə müəsissənin bağlanmasına dair yazılar yapışdırılmışdır. Sonradan aydın olmuşdur ki, cavabdeh "xxxx" ASC-nin məlumatı olmadan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyriyaşayış sahəsini X2 və ona qeyd edilən qeyri-yaşayış sahəsinin üzərində hər-hansı məhdudiyyət və yükllilüyün olmadığını bildirmiş, icarə müqaviləsi barədə ona məlumat verməmişdir. Nəticədə iddiaçı ilə X8 arasında mübahisə yaranmış, iş məhkəmə qaydasında mübahisələndirilmişdir. Belə ki, obyekt əvvəlcədən uzun müddətli (5 il müddətinə) icarə müqaviləsi əsasında istifadəyə qəbul edildiyi üçün, biznes planı üzrə qeyri yaşayış sahəsində aparılacaq iş fəaliyyətinə uyğun olaraq istifadəyə yararlı hala salınması üçün cavabdehin şifahi razılığı əsasında mühüm yenidənqurma işləri aparılmışdır. Aparılmış təmir işlərinə 19.450 manat xərc çəkilmişdir ki, qeyri yaşayış sahəsinin istifadə hüququndan məhrum qalmış iddiaçı bu hissədə də zərərə uğramışdır. Cavabdeh aparılmış təmir işlərindən sonra dəyəri olduqca artmış qeyri yaşayış sahəsini iddiaçıya heç bir məlumat vermədən, icarə müqaviləsinin 8-ci maddəsinin tələblərini pozmaqla satmış, iddiaçının çəkdiyi xərclər sayəsində haqsız gəlir əldə edərək əsassız varlanmışdır. Təmir işlərinə çəkilmiş xərcin məbləği "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından müəyyən edilmişdir. Həmçinin, xx.xx.2023-cti il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin arayışına əsasən “Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixədək olan dövr ərzində Cavabdeh hesablanmış “Ödəmə mənbəyində tutulan vergi” üzrə dövlət büdcəsinə 42.786,15 manat gəlirin məbləği üzrə vəsait ödənilmişdir ki, bu gəlirdən hesablanmış vergi məbləği 6.267,45 manat təşkil etmişdir. Həmçinin sonradan da cavabdehə 5.500 manat köçürmə yolu ilə də icarə haqqı ödənmişdir ki, həmin tarixdə cavabdeh məlumat vermədən artıq icarə obyektini əlindən çıxarmışdır. Beləliklə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində "xxxx" ASC-yə ümumilikdə 31.215,45 manat maddi zərər dəymişdir.

8. Cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə qeyd edilən qeyri-yaşayış sahəsini beş il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlamışdır. Sonradan xx.xx.2021-ci il tarixdə onunla X7 arasında, daha sonra xx.xx.2021-ci il tarixdə sonuncu ilə X8 arasında həmin qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin qeyriyaşayış sahəsinin yeni mülkiyyətçisi kimi Mirvari Kazımova iddiaçıya müraciət edərək, obyekti aldığını bildirmiş və icarəçidən həmin obyekti xx.xx.2021-ci il tarixədək boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Lakin BOKT "xxxx" ASC mübahisəli qeyri-yaşayış sahəsini yalnız 2022-ci ilin fevral ayında tərk etmiş və əşyalarını çıxararaq başqa ünvana yerləşmişdir. Bundan sonra hər iki tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hər iki iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən X5 apellyasiya şikayəti qismən təmin edilmişdir. Hesab edir ki, iddiaçının iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, tərəflərin arasında bağlanmış icarə müqaviləsinin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmirtikinti işləri apara bilməz. Bununla bağlı cavabdehə iddiaçı tərəfindən heç bir məlumat verilməmişdir və onun razılığı alınmamışdır. 5.500 manat hissədə iddiaçının dedikləri qismən doğrudur, belə ki, "xxxx" QSC-nin Cavabdeh hesabına köçürdüyü iyun ayı üçün nəzərdə tutulmuş icarə haqqını (5.500 manat) makler vasitəsilə obyekti satdığı X4 vermişdir. Bunu təsdiq edəcək şahidin məhkəmə iclasında iştirakını təmin edilməsinə çalışacaqdır. Əlavə olaraq, tərəflər arasında bağlanmış icarə müqaviləsi notarial qaydada təqsdiq edilsə də, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və buna görə də həm Qurbanlı Kənan, həm də Mirvari Kazımova mübahisəli qeyri-yaşayış sahəsini alqı-satqı yolu ilə əldə edərkən həmin sahə üzərində hüquqi cəhətdən hər hansı məhdudiyyət və yüklülüyün qeydə alınması halı olmamışdır. Son olaraq hesab edir ki, cavabdeh 2021-ci ilin iyun ayında alqı-satqı müqaviləsi bağlayaraq icarə sahəsini artıq əlindən çıxartdığından iddiaçının həmin dövr üçün hesablanmış vergi məbləğini ondan tələb etməsi düzgün deyildir. Həmin qeyri-yaşayış sahəsinin yeni mülkiyyətçisi X8 olduğundan o dövr üzrə hesablanmış vergi gəlirini ondan tələb etməsi daha ağlabatandır. Ən azından iddiaçı icarə obyektindən istifadə edərkən cavabdehə hər hansı icarə haqqı ödəməsə də onlar arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olması görüntüsünü yaradaraq həmin icarə haqqından tutulmalı olan vergini vergi orqanının hesabına köçürməsinə görə mülki məsuliyyəti özü daşımalıdır.

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 3041/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə cavabdehin icarə obyektini iddiaçıya məlumat vermədən əldən çıxardığı dövr üzrə icarə müqaviləsi əsasında cavabdehə köçürmə yolu ilə ödənilmiş 5.500 manat maddi zərər və ödənilmiş 75 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, artıq mülkiyyətçi olmayan Cavabdeh buna hüququ olmadığı halda iddiaçı "İnternational” ASC-dən 2021-ci ilin iyul ayı üçün 5.500 manat icarə haqqını qəbul etmiş və bununla da o, əsassız varlanmışdır. Eyni zamanda, iddiaçı həmin məbləği təkrarən X6 ödəmiş və bununla ziyana düşmüşdür.

11. Məhkəmə hesab etmişdir ki, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, təmir işlərinə çəkilmiş 19.450 manata dair iddiaçı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddia xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 6.267,45 manat vergi məbləğinin tutulması hissəsində də rədd edilməlidir. Belə ki, əvvəla iyun ayı üçün ödənilmiş vergi məbləği iki dəfə ödənilməmiş, iddiaçı həmin ay üçün icarə haqqını da ödədiyinə görə vergi məbləğini də ödəməli idi. Lakin 6 ay ərzində, yəni iyul-dekabr ayları üzrə, iddiaçı 895,35 manat vergi məbləğini iki dəfə – könüllü vergi orqanına və qətnamə əsasında Kazımova Mirvariyə ödəmişdir. Ödəmə mənbəyindən tutulan vergi əldə edilmiş gəlirə görə ödənilir. İşin hallarından göründüyü kimi, cavabdeh həmin dövr üçün gəlir əldə etməmiş, icarə münasibətləri iddiaçı ilə cavadehin arasında formal mövcud olsa da, faktiki olmamış, cavabdeh yazılı xəbərdarlıq etmədən obyekti satmaqla müqavilə şərtlərini pozmuş, lakin iddiaçı artıq obyektin satıldığını bilmiş, icarə haqqının ödənilməsini dayandırmış, könüllü olaraq icarə obyektini tərk etməmiş və faktiki mövcud olmayan icarə müqaviləsi üzrə vergi məbləğini ödəməyə davam etmişdir. Qeyd edildiyi kimi, icarə müqaviləsinə əsasən verginin ödənilməsi vəzifəsini "xxxx" ASC öz üzərinə götürmüşdür.

13. Bundan başqa, qeyd edildiyi kimi, iddiaçı BOKT "xxxx" ASC X6 qarşı iddia verərək, icarə müqaviləsəni eyni şərtlərlə onunla bağlamaq istəmişdir. Həmin müqavilənin şərtlərindən biri verginin "xxxx" ASC tərəfindən ödənilməsidir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, həmin məbləğin cavabdehdən tutulması barədə iddia tələbinin hüquqi əsas mövcud deyil.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ödədiyi vergi məbləğinin onun tərəfindən ödənilməməli olduğu qənaətinə gələrsə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edə bilər.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, Vergi Məcəlləsinin 85.4, 124.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin çıxardığı qətnamədə qeyd edilmişdir ki, “2021-ci ilin iyul ayından 2022-ci ilin fevral ayına qədər 7 ay ərzində 6395,35 manat icarə haqqı (5500 manat icarə haqqı + 895,35 manat vergi) məhkəmə qətnaməsinə əsasən sonuncu mülkiyyətçiyə ödəmiş, yəni iddiaçı 6 ay ərzində faktiki olaraq 895,35 manat vergi məbləğini və iyul ayı üçün 5500 manatı iki dəfə ödəmişdir”. Göründüyü üzrə məhkəmə qeyd edərək iddiaçının iki dəfə icarə haqqı olaraq 5500 manat ödədiyini, beləliklə bu hissədə tək ona 10100 manat zərər dəydiyini özü qeyd etmiş, lakin bu hala qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin həmçinin, təqdim etdiyimiz cavabdehin razılığı əsasında aparılmış təmirbərpa işlərinə sərf edilmiş pulun məbləğini əks etdirən rəyə qiymət verməmişdir. Həmçinin, əsassız olaraq sübut və dəlillərə dayanmadan çıxardığı qətnaməyə münasibətdə işin obyektiv araşdırılması və qanuni qətnamə çıxarılması üçün əlavə sübut və dəlillər gətirməsini iddiaçıdan və cavabdehdən tələb etməyərək, vəsatətlərə münasibət bildirməmiş, eyni zamanda işin tam araşdırılması üçün məhkəmə tərəfindən özü ekspertiza təyin etmədən iddia tərəfinə münasibətdə çəkişmə prinsipini də pozmaqla iş üzrə yekun məhkəmə aktı çıxarmışdır. İşin hallarından aydın surətdə görünür ki, iddiaçı yaranmış vəziyyətdə zərərçəkən tərəf olmuşdur. Məhkəmənin qənaəti nəzərə alınaraq bildirilir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə iddiaçının iradəsindən asılı olmayan səbəblərdən pozulmuş, iddiaçının bundan məlumatı olmadan o, ödənişlər etmiş, vergi ödəmiş, həmçinin nəzərdə tutduğu faydanı əldə etmək üçün sərf etdiyi pul məbləğini (təmir bərpa işləri üçün çəkilmiş 19450 manat pul) sırf cavabdehin qüsurlu hərəkətləri nəticəsində itirmiş, nəticədə iddiaçıya xeyli miqdarda zərər dəymişdir. Cavabdeh müqavilə tərəfi olaraq vicdanlı davranmamış və məhkəmə bu amili də nəzərə almadan iddiaçının maraqlarına toxunan bir qətnamə çıxarmışdır. Odur ki, mübahisələndirilən qətnamə həm maddi, həm də prosessual qanunvericiliyin tələbləri pozulmaqla, məhkəmə təcrübələrinə, ədalətli və vicdanlı yanaşma prinsiplərinə zidd olaraq çıxarılmışdır. Cavabdeh iddiaçı ilə icarə müqaviləsi bağlamış və uzunmüddətli öhdəlik götürmüşdür. İddiaçı buna dayanaraq irəlidə gəlir əldə etmək məqsədi ilə maliyyə dövriyyəsinin bir qismini icarə götürdüyü obyektin vəziyyətinin yaxşılaşdırmasına sərf etmiş, cavabdehin vicdanlı olmayan və öhdəliklərinə zidd olaraq davranması nəticəsində həm təmir bərpa işlərinə sərf etdiyi pulunu itirmiş, bir aylıq icarə haqqını iki dəfə ödəmiş, ödəməli olmadığı halda vergilər ödəmiş və bütün bunlar cavabdehin əsassız varlanmasına gətirib çıxarmışdır. Çünki cavadeh əmlakını üçüncü şəxsə satmış o, da dördüncü şəxs ilə alqı-satqı müqaviləsi bağlamışdır. Sonuncu vicdanlı alıcı qarşısında məhkəmə mübahisəsi ilə müəyyən edilmiş olaraq iddiaçının borcu yaranmışdır. İş üzrə Cavabdeh qanunazidd davranışları nəticəsində iddiaçı xeyli miqdarda zərərə uğramış, yekunda isə gəlir əldə edən və faydalanan yeganə şəxs cavabdeh olmuşdur. Məhkəmə isə buna qiymət verməmiş, şəxsin əsassız varlanma halının sübuta yetmədiyi qənaətinə gəlmiş, sübut və dəlillərin əksinə, işin hallarına uyğun olmayan əsassız və ədalətsiz bir qətnamə çıxarmışdır.

18. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin “təmir işlərinə çəkilmiş 19450 manatın tələb olunması ” hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Məhz buna görə də aşağıda qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə öz qətnaməsində yalnız təmir işlərinə çəkilmiş 19.450 manata dair iddiaçı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etmədiyini qeyd etmişdir. Bununla bağlı məsələyə münasibətdə ilk öncə onu qeyd edirlər ki, tərəflər arasında olan icarə münasibətlərinə görə qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdən 2022-ci ilin fevral ayınadək BOKT "xxxx" ASC-nin istifadəsində olmuşdur. Hazırki iş üzrə iddiaçı peşəkar bazar iştirakçısıdır və daimi olaraq müştərilərə xidmət sahəsində fəaliyyət göstərir. Belə olan halda, iddiaçı tərəfindən müştərilərə keyfiyyətli xidmətin göstərilməsi və qeyri-yaşayış sahəsinin təmir etməsi birbaşa fəaliyyət sahəsinin tələbindən irəli gəlir. İcarədar isə öncədən bunlardan məlumatlı idi. Digər tərəfdən, hazırki dövrdə icarə bazarında formalaşmış işgüzar adətlər fərqli inkişaf etmişdir. Belə ki, icarə münasibətləri sahəsində təşəkkül tapan və geniş tətbiq edilən işgüzar adətlərə əsasən icarəçi icarə müqaviləsinin şərtlərindən asılı olmayaraq icarəyə götürdüyü obyekti təmir edərək buna xərc çəkir, icarədar məhz bundan xəbərdar olur və təmirlə bağlı icarəçiyə hər hansı yazılı razılığını təqdim etmir. Hazırkı halda da, icarəyəverən Cavabdeh icarə obyektinə dəfələrlə gəlmiş, icarə obyektində bas verən təmiri işləri görsə də, təmirin işlərin qadağan olunması və ya dayandırılması ilə hər hansı bir narazılığını, pretenziyasını iddiaçıya bildirməmişdir. Nəticədə, BOKT tərəfindən ünvan 2 ünvandakı binanın birinci mərtəbəsində yerləşən 105,3 kv.m qeyri-yaşayış sahəsini əsaslı təmir olunmuş və iddiaçı tərəfindən xeyli xərc çəkilmiş, lakin qeyri-yaşayış sahəsinin istifadə hüququndan məhrum qalmış, buna görə də zərərə uğramışdır. İddiaçı tərəfindən təmir işlərinə 19450 AZN məbləğində vəsaitin xərclənməsi isə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Qiymətləndirmə hesabatı ilə də öz təsdiqini tapır. Hətta, icarə obyektində təmirin aparılması təmiri həyata keçirən ustalar tərəfindən təsdiq edilə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, obyektin təmiri ilə bağlı yeganə sübut təqdim etdikləri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatıdır. Belə ki, obyekt onların istifadəsində olmadığından foto və ya video əldə edə bilmirlər.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, pandemiya dövrü maddi vəziyyəti yaxşı olmadığından və səhhətində problemlər olduğundan icarəyə vermiş obyekti satmışdır. İddiaçı onun icazəsi olmadan orada təmir işləri görə bilməzdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 15.1.4. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.... Maddə 124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Maddə 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Maddə 150.2. Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

27. Belə ki, iddiaçının cavabdehə icarə müqaviləsi əsasında ödənilmiş 5.500 manat məbləğində maddi zərər tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, cavabdeh isə qətnaməni həmin hissədə mübahisələndirməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün aparılmış təmir işlərinə çəkilmiş 19.450 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Cavabdeh hesablanmış “Ödəmə mənbəyində tutulan vergi” üzrə dövlət büdcəsinə ödənilmiş 42.786,15 manat gəlirin məbləği üzrə hesablanmış 6.267,45 manat vergi məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.

30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddia tələbi təmir işlərinə çəkilmiş 19.450 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməmişdir.

31. Belə ki, iddiaçı tərəfindən icarə obyektində təmir işlərinin nə vaxt və kim tərəfindən aparıldığı, təmir işlərinə xərcin çəkilməsi və mülkiyyətçinin (cavabdehin) buna razılığının olması barədə sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmişdir.

32. Kollegiya qeyd edir ki, iddiaçı hüquqi şəxsdir və vergitutma məqsədləri üçün onun gəlir və xərclərinin uçotu mühasibatlıq sənədlərində öz əksini tapmalıdır. Belə ki, hüquqi şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq bununla bağlı vergi orqanlarına müvafiq hesabatlar təqdim edirlər.

33. Bundan başqa, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 9-cu bəndinə əsasən iddiaçı cavabdehin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməzdi.

34. Məhkəmə kollegiyası iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlamış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən vergi daxil 6.395,35 manat məbləğində icarə haqqını icarəçiyə ödəməlidir.

35. Vergi qanunvericiliyin tələblərinə əsasən icarəyə verənin VÖEN-i olmadığı üçün həmin məbləğdən vergini tutmaq və dövlət büdcəsinə ödəmək hüquqi şəxs olan icarəçinin vəzifəsidir.

36. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının sorğusu əsasında verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı icarə obyektindən icarə müqaviləsi üzrə faktiki istifadə etdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində iddia ərizəsində tələb edilən 6.267,45 manat məbləğində deyil, 5.372,1 manat məbləğində dövlət büdcəsinə vergi ödəmişdir. Halbuki, 2021-ci ilin iyul ayında artıq mülkiyyətçinin X8 olduğunu bilmiş, lakin icarə obyektini tərk etməmişdir.

37. Sonradan isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(103)-4011/2022 nömrəli qətnaməsi ilə 2021-ci ilin iyul – 2022-ci ilin yanvar ayları üçün icarə müqaviləsində göstərilən məbləği vergi daxil olmaqla (6.395,35 manat x 7 ay) yeni mülkiyyətçiyə ödəməli olmuşdur.

38. Beləliklə, 2021-ci ilin iyun ayı üçün iddiaçı tərəfindən iki dəfə vergi məbləğinin ödənilməsi iş üzrə müəyyən edilmir. Digər aylar üzrə isə iddiaçı vergi orqanlarına müraciət etməklə 2021-ci ilin iyul – dekabr ayları üçün X6 məhkəmə qətnaməsi əsasında tutulmuş icarə haqqında da vergi məbləğinin olduğunu əsas gətirməklə artıq ödənilmiş verginin geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququndan istifadə edə bilər.

39. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin hər hansı təqsirli, hüquqazidd əməlinin olması müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, qeyd edilən hissədə də iddia tələbi təmin edilməməlidir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 3041/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar