Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5966/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair 2(009)-1172/2022 saylı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014cü il təvəllüdlü X6 adlı uşaqları var.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-863/2021 saylı qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqların anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-863/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşaqların saxlanılması üçün yetərli deyil.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1172/2022 saylı mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(009)-863/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X1)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Qanunla 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edildiyindən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbi qismən təmin edilməli, cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən 2021-ci ildə alimentin məbləği məhkəmə tərəfindən 100 manat məbləğində müəyyən edilərkən iddiaçının həmin məbləğlə razılaşmasını və cavabdehin 2-ci qrup əlil olmasını nəzərə almışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən artırılan alimentin məbləği uşaqlarının saxlanılması, artan tələbatlarının qarşılanması üçün yetərli deyildir. Cavabdehin isə alimenti vaxtında ödəməməsi onun uşaqlarının ehtiyaclarını təmin etməkdə çətinlik yaradır. Buna görə də iddia tələbinin tam təmin edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi X9 isə şikayətin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 78. Uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə.
Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı apellyasiya şikayətində qətnamənin iddia tələbinin tam təmin olunması xahiş olunduğundan, qətnamə iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
15. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
16. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh ikinci dərəcəli əlillik təyin olunmuşdur. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları”.
17. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını 120 manat müəyyən etməklə düzgün qərar vermişdir. Belə ki, alimentin məbləğinin müəyyən edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən və qüvvəyə minməsindən ötən müddət ərzində cavabdehin ailə və ya maddi vəziyyətində hər ay hər uşağa görə 193 manat məbləğində aliment ödəməyə imkan verəcək dərəcədə dəyişikliklərin olması barədə İddiaçı məhkəməyə tutarlı sübut təqdim etməmişdir.
18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
19. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (193- 120)x12=876 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1172/2022 saylı mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.