Məhkəmə qərarları › İş №2(103)-5967/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5967/2022

31.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5967/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1401/2022 saylı 07 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 8231 N saylı, 18 iyun 2020-ci il tarixli Aktın surətindən görünür ki, həmin aktda ünvan 1 ünvanında şəbəkəyə qeyri-qanuni qoşulma faktının aşkar edildiyi qeyd edilmişdir. Akt İddiaçı MMC-yə hüquqi xidmət göstərən hüquq firmasının əməkdaşları və İddiaçı MMC-nin əməkdaşları kimi qeyd edilmiş X4 – "xxxx" MMC; X1 - KATV-1 və X2 - Teleradio üzrə mütəxəssis tərəfindən imzalanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 365,64 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 546,04 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bir çox vətəndaşlar MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixdə Nəcəf Bağırov ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil "xxxx" xidmətlərinin göstərilməsi üçün kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2017-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2017-ci il tarixdə 32 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8231N saylı akt tərtib olunmuşdur. Qanunsuz qoşulmalar nəticəsində iddiaçıya maddi ziyan dəymişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyul 2022-ci il tarixli 2(009)-1401/2022 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilməmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində göstərilən halları təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən hallara dair təqdim edilmiş və iş materiallarında olan ünvan 2 ünvanında kabel televiziyası xidmətlərin göstərilməsinə xx.xx.2012-ci il tarixdən başlanılması barədə arayış, habelə qanunsuz qoşulmanın aşkar edilməsinə dair 8231N saylı, 18 iyun 2020-ci il tarixli Akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdir. Başqa sözlə, binaya kabel televiziyası xidmətinin göstərilməsini təsdiqləyən aidiyyəti dövlət orqanının məlumatı təqdim olunmamış və ya qanunsuz qoşulmanın aşkar edilməsinə dair aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Yəni, həmin sənədlərdə əks olunmuş məlumatlar qeyd edilən tərəfsiz qurumlar və ya şəxslər tərəfindən təsdiqlənmədiyi üçün onlar mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apelyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apelyasiya şikayətində göstərilmişdir ki, iddia tələbinin əsasını təşkil edən akt iddiaçının əməkdaşları, iddiaçıya hüquqi xidmət və qrafik üzrə nəzarət baxışını həyata keçirən MMC-nin əməkdaşları ilə yanaşı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin teleradio üzrə mütəxəssisi tərəfindən imza ilə təsdiqlənmişdir. Məhkəmə aktı mötəbər sübut kimi qəbul etməmişdir. Qanunsuz qoşulmanın icra edildiyi mənzil cavabdehə məxsus olduğundan iddia tələbi ona yönəlmişdir.

a) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

20. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbinin əsasını təşkil edən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilməsi barədə tərtib edilmiş 8231N saylı, 18 iyun 2020-ci il tarixli akt mötəbər sənəd kimi qəbul edilə bilməz. İddiaçının tələbi əsassızdır.

21. İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, aktı imzalayan şəxslərdən biri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin teleradio üzrə mütəxəssisidir. Lakin bu halı təsdiq edən, onun səlahiyyətlərini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir.

22. Məhkəmə tərəfindən də teleradio üzrə mütəxəssis kimi qeyd edilmiş şəxsin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində işləməsi müəyyən edilməmişdir.

23. Apelyasiya şikayətinin dəlili əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

24. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1401/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar