Məhkəmə qərarları › İş №2(103)-5968/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5968/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5968/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair 2(008)- 1433/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, İddiaçı 2013-cü ilin dekabr ayından faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilində yaşayır. Bu evdə övladları doğulmuşdur. İddiaçı Cavabdeh oğlu X5 ilə xx.xx.2013-cü ildə el adəti ilə toy edərək evlənmiş, cavabdehin adında olan hazırda yaşadığı mənzilə gəlin köçmüşdür. xx.xx.2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. xx.xx.2014-cü ildə İnci, xx.xx.2018-ci ildə Reyhan adlı uşaqları anadan olmuşdur. Cavabdeh iddiaçıya və oğluna qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda həmin iş apelyasiya məhkəməsinin icraatındadır. Cavabdehin oğlu ilə rəsmi nikahda olması iddiaçıya onu deməyə əsas verir ki, iddiaçının hazırda yaşadığı mənzilə istifadə hüququ var və bu hüquq tanınmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsinin əsasları kimi iki halı: 1-ci hal olaraq, iddiası üzrə cavabdehin düzgün qoyulmamasını və onun əsl cavabdehlə əvəz edilməsinə razı olmadığını, 2-ci hal kimi isə iddiası üzrə cavabdehin ailə üzvlüyünə xitamın verilməsini göstərmişdir. Birinci instansiya məhkəməsinin iddiası üzrə cavabdehin iddiasına cavab verən şəxs olmadığı üçün həmin cavabdehin əsl cavabdehlə əvəz olunmasına razılıq vermədiyini qətnaməsində əsas kimi göstərsə də, bunu təsdiq edən hər hansı hal yoxdur. Yəni iddiaçı əgər cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmamışdırsa, bu barədə məhkəmə protokoluna qeyd edilməklə iddiaçıdan buna dair yazılı ərizə alınmalı idi. Belə bir hal isə olmayıb və ona görə də iddiaçı bunu məhkəmənin ona münasibətdə qərəzli mövqeyi kimi, mübahisəli məsələnin vaxtında həll olunmasına mane olmaq kimi dəyərləndirmişdir. Birinci instansiya məhkəməsinin ikinci əsasına gəldikdə - iddiası üzrə cavabdehin ailə üzvülüyünə xitamın verildiyi əsasına gəldikdə burada da birinci instansiya məhkəməsinin düzgün olmadığı görünür. Belə ki, İddiaçı Cavabdeh oğlu X6 ilə 2013-cü ilin oktyabr ayının 26-da elə adəti ilə toyla evlənmiş və cavabdehin adında olan hazırda yaşadığı (mübahisəsi edilən bir hissəsi özbaşına tikili sayılan yaşayış sahəsinə) mənzilə gəlin köçürülmüşdür. 2014-cü ilin aprel ayının 02-də nikahlarını rəsmiləşdirmişlər. Bu evdə cavabdehin iki nəvəsi: xx xxxxxx 2014-cü il təvəllüdlü qızı X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü qızı X3 doğulmuşdur. Birinci instansiya məhkəməsinin istinad etdiyi normaya gəldikdə də düzgün istinad olunmur. Hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Həmin əsaslardan biri kimi də ailə üzvü ilə digər ailə üzvü kateqoriyasına aid olan arasında bağlanan rəsmi nikahının qüvvədə olmasıdır ki, iddiaçı ilə cavabdehin oğlu arasında bağlanmış nikahları qüvvədədir. İddiası üzrə cavabdeh istifadə hüquqlarının tanınmasını istədiyi yaşayış sahəsinin keçmiş mülkiyyətçisidir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinin tələbi baxımından iddiasını əsaslı sayır və bu maddənin norması baxımından da birinci instansiya məhkəməsinin qətnaməsi düzgün sayıla bilməz. Apelyasiya baxışı zamanı iddiaçı və vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apelyasiya baxışı zamanı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzili xx.xx.2006-cı il tarixdən tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə X9 arasında bağlanmış bağışlama müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzili qardaşı olan X4 mülkiyyətinə vermişdir. Həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci ildən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mülki işin tədqiq edilmiş hallarına əsasən, iddiaçının iştifadə hüqunun tanınmasını tələb etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilin mülkiyyətçisi olan X9 işdə iştirak etməyə cəlb olunmadan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə çıxarılmışdır. Bu hala əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına əsasən ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi buna cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Belə ki, iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci ildən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilini X4 mülkiyyətinə verdiyindən və həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci ildən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından iddia tələbi buna cavab verilməli olmayan şəxsə qarşı irəli sürüldüyünə görə rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mübahisəli mənzil Cavabdeh mülkiyyətində olduğu zaman da iddiaçının həmin mənzilə istifadə hüququ yaranmamışdır. İş materiallarına əsasən, X5 ilə X7 arasında xx.xx.2014-cü ildə rəsmi nikah bağlanmış, birgə nikahdan xx.xx.2018-ci ildə X3, xx.xx.2014-cü ildə X8 anadan olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5733/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh X1 və İddiaçı qarşı mənzilin boşaldılması tələbinə dair iddiası təmin edilmiş, onların üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin boşaldılması və Cavabdeh məxsus yaşayış evinin ona qaytarılması vəzifəsi qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri iddiaçının cavabdehin oğlu X5 ilə nikaha daxil olaraq mənzilə köçdüyü tarixdən başlanmışdır. Həmin tarix isə 2014-cü ilə təsadüf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilməlidir ki, hazırkı mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, İddiaçı mübahisəli mənzilin Cavabdeh mülkiyyətində olduğu zaman həmin daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı nə Mülki Məcəllənin 228-ci maddəsi baxımdan, nə də Mənzil Məcəlləsinin 30cu maddəsi anlamında mübahisəli mənzildən istifadə (istifadə etmək) hüququ mövcud olmamışdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Mübahisəli mənzil Cavabdeh mülkiyyətində olduğu zaman onun tərəfindən iddiaçıya notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verilməsinə dair sübutlar təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri çərçivəsində də həmin mənzildən istifadə etmək hüquqlarının olması müəyyən edilmir. Belə ki, Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. İddiaçının cavabdehin ailə üzvləri sırasına aid olmaması işin mübahisəsiz halıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İddiaçı bu şəxslər siyahısına da aid deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin qərarından göründüyü kimi, İddiaçı mübahisəli mənzilin Cavabdeh mülkiyyətində olduğu zaman həmin mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, iddia əsassız olduğundan da təmin edilə bilməz. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia əsassız olduğu üçün rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1433/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar