Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5969/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı4, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçılar bir ailənin üzvlərdir: İddiaçı4 və İddiaçı1 ər-arvad, İddiaçı2 və İddiaçı3 onların övladlarıdır. Cavabdeh isə İddiaçı4 qardaşı arvadıdır. Tərəflərin arasındakı mübahisə Bakı şəhəri, Səbail rayonu, Çernyaxovski küçəsi, ev № 8-də yerləşən 15 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil dövlət mənzil fonduna aiddir, Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Mənzilin kiaryəçisi X1. Hazırkı işdə tərəflərdən 2 nəfər – İddiaçı4 və Cavabdeh mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Tələb və onun həlli: İddia ərzəsində tələb olunub ki, iddiaçıların mənzilə istifadə hüququ tanınsın və onlar mənzilə köçürülsün. İddiaçı4 iddia edir ki, o, 1989-cu ildə 5.000 rubl ödəməklə mənzili X2 (kirayəçinin qızından) alıb, həmin şəxslə nikaha daxil olub, 1989-cu iln avqust ayından 1990-cı ilin yanvar ayının 10-na kimi mənzildə yaşayıb və mənzilə qeydiyyata düşüb. Lyubov Əliyeva ilə birlikdə 6 ay mənzildə yaşayıb. 1990-cı ilin dekabr ayında Lyubov Əliyeva Azərbaycan Respublikasından çıxıb gedib. Bundan sonra qardaşı və qardaşı arvadı Cavabdeh yaşamağa yerləri olmadığına görə onları mənzilə gətirib və bir yerdə yaşayıblar. 1990-cı il yanvar ayının 10-da mənzili müvəqqəti tərk edib, əvvəlcə Şəmkir rayonuna, oradan isə RF-na gedib. 1994-cü ildə Lyubov Əliyevadan boşanıb, 2005-ci ildə İddiaçı1 ilə nikaha daxil olub, bu nikahdan iki uşaqları doğulub. Hazırda Cavabdeh onları mənzilə buraxmır. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçılardan biri – İddiaçı4 mənzilə istifadə hüququ tanınsın və o, mənzilə köçürülsün, iddianın qalan hissəsi rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və iddia həmin hissədə rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçılar İddiaçı1 və İddiaçı4 isə apellyasiya şikaytinin əsassız olduğunu bildirdilər. Digər iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamənin iddianın təmin edilməsinə aid olan hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmışdır. Mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə tələb ona cavab verməli olan şəxsə (səlahiyyətli şəxsə) qarşı irəli sürülməlidir. Cavabdeh mənzildə qeydiyyatda olması və İddiaçı4 mənzildə yaşamasına maneçilik törətməsi onun səlahiyyətli şəxs sayılmasına əsas vermir. Çünki qeydiyyat öz-özlüyündə mənzilə səlahiyyət yaratmır. Dövlət mənzil fonduna aid olan mənzillərə münasibətdə belə tələb kirayə müqaviləsinin tərəflərinə qarşı irəli sürülə bilər. Həmin tərəflər bunlardır: 1) dövlət mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən); 2) kirayəçi. Cavabdeh onların heç birinə aid deyil. Ona görə də məhkəmə əvvəlki Mənzil Məcəlləsinin 5, 51, 53 və 54-cü maddələrinin və hazırkı Mənzil Məcəlləsinin 7, 8, 59, 66, 68-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, İddiaçı4 Cavabdeh qarşı irəli sürdüyü “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə” tələbi əsassızdır. Birinci instansiya məhkəməsi həmin tələbi təmin etməklə maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və tələb rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində, yəni İddiaçı4 Bakı şəhəri, Səbail rayonu, Çernyaxovski küçəsi, ev № 8-də yerləşən 15 №-li mənzilə istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi hisəsində ləğv edilsin və həmin tələb rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5969/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5969/2021
09.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver