Məhkəmə qərarları › İş №2(103)-5970/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5970/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5970/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Sabunçu Rayon Məhkəməsinin 2(008)- 876/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8295,66 manat əsas, 3355,17 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 11680,83 manat pulun cavabdehdən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, “MKT-Ucar” filialı və cavabdeh arasında bağlanmış 2017-ci il mövsümü üzrə 17 *** **** saylı xam-pambığın alqı-satqısına dair müqaviləyə əsəsən cavabdeh 25.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 50,0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 17516,76 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi.Lakin nəticədə isə cavabdeh 8224,11 manat məbləğində 16448,21 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Qeyd etmək lazımdır ki, cavabdeh, təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 997,0 manat dəyərində vəsaitləri cəmiyyətə geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 8295,66 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən “MKT-Ucar” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2- ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam- pambığın 1 tonunun qiyməti 500 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 3355,17 manat təşkil edir.Müqavilə üzrə təhvil verilməli idi: 50,0 ton; Verilib: 16448,21 kqVerilməmişdir: (50,0 t- 16448,21 kq) x 500 manat = 16775,9 manat x 20% = 3355,17 manat. Beləliklə cavabdeh 8295,66 manat əsas borcdan əlavə 3355,17 manat cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 11650,83 manat təşkil edir.. Bakı şəhəri Yasamal Sabunçu Rayon Məhkəməsinin 2(008)- 876/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 8295 (səkkiz min iki yüz doxsan beş) manat, 66 (altmış altı) qəpik və 800 (səkkiz yüz) manat cərimə borcu olmaqla, cəmi 9095 (doqquz min doxsan beş) manat, 66 (altmış altı) qəpik məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə bağladıqdan sonra sözügedən torpaq sahəsində xam pambıq əkmişdir. Müqavilə şərtləri heç də onun təqsiri ucbatından baş verməmişdir. Belə ki, torpaq sahəsinin şoran olması, suvarmanın lazımi səviyyədə olmaması, verilmiş toxum və gübrənin keyfiyyətsiz olması səbəbindən istənilən miqdarda pambıq məhsulu əldə etmək mümkün olmamışdır. Müqavilə bağlayarkən o, bilə bilməzdi ki, torpaq sahəsi şoran olacaq, suvarma sistemi yararsız olacaq, gübrə və toxumlar keyfiyyətsiz olacaq. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh iddianın təmin olunan hissəsində mübahisələndirdiyi üçün hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir, başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsin hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 876/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017ci il tarixli 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilənin məzmunundan görünür ki, cavabdeh mülkiyyətində olan 3,62 ha torpaq sahəsini girov qoyaraq 25, 00 ha sahədə pambıq əkərək hər hektardan 20 sentnerdən az olmamaq və istehsal etdiyi xam pambığın bütünlükdə mövcüd satandartlara və xx xxxxxx 2007-ci il tarixli kənd təsərrüfatı nazirliyi tərəfindən təsdiq edilmiş Xampambığın yığılması və tədarükü üzrə təlimatın tələblərinə əsasən iddiaçının mülkiyyətinə verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan ********* saylı müqaviləyə dair hesabtdan görünür ki, 25 ha torpaq sahəsinin əkilməsi üçün zəruri olan aqrotexniki qulluq üçün nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Cavabdeh avans olaraq 17516,76 qəpik məbləğində pul verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fizikivə hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər iş materialları ilə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh şikayətində göstərdiklərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 876/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 876/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar