Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5976/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 Dayandur oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 Dayandur oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrəiş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(007)- 1525/2024 nömrəli qətnaməsindən Cavabdeh3 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 21 sentyabr 2022-ci il tarixli, MK/08620/88/28 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik 24% olmaqla, 28000 manat məbləğində kredit verilmiş, sonuncu 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC ilə zaminlər Cavabdeh2 Dayandur oğlu və Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2 Dayandur oğlu və Cavabdeh1 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
3. 21 sentyabr 2022-ci il tarixli məxaric qəbzindən görünür ki, həmin tarixli kredit müqaviləsi üzrə 27999 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh3 hesabına köçürülmüşdür.
4. İddiaçı ASC tərəfindən Cavabdeh3 ünvanlanmış 11 fevral 2024-cü il tarixli bildirişdə qeyd olunmuşdur ki, sonuncunun banka 24736,86 manat əsas, 3729 manat faiz və 1095,81 manat cərimə borcu vardır, borcun ödənilməsi gecikdirildiyindən kredit müqaviləsi birtərəfli qaydada ləğv edilir və borcun dərhal ödənilməsi tələb olunur.
5. 12 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 İddiaçı ASC-yə 24736,86 manat əsas, 4257 manat faiz və 1095,81 manat cərimə borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC iddia ərizəsi məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 24736,86 manat məbləğində əsas borc, 4257 manat məbləğində faiz borcu, 1095,81 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 30089,67 manat borcun və 181 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia işin yuxarıda göstərilən halları ilə əsaslandırılmışdır.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(007)- 1525/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh3, Cavabdeh2 Dayandur oğlundan və Cavabdeh1 müştərək qaydada 24736,86 manat əsas borc, 4257 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 29043,86 manat borc və 181 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
9. Qətnamənin əsaslarına görə cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərilərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 470.1, 472.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, qanuni və əsaslı qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, kredit müqaviləsi üzrə ödənişlər onun tərəfindən mütəmadi ödənilmiş. sonradan müəyyən edilmişdir ki, bank ona pul məbləğinin ödəyərkən sənədlərdə səhvə yol vermiş, kredit müqaviləsi üzrə qanunsuz vergi borcu yaradılmış, bununla bağlı banka bu qanunsuz məsələnin həll edilməsi xahişi olunduğundan gözləmiş, bu üzrə ödənişlər tərəfimdən dayandırılmışdır. Bank tərəfindən problem həll olunmadığından mübahisə yaranmışdır. Müqavilə üzrə mübahisə artıq həm məbləğin əsas, həm də faiz hissəsində yarandığından məhkəmədə bu hissələr üzrə məbləğlərin düzgün hesablanmasını həyata kecirmədən qanunsuz qətnaməni qəbul etmişdir. Məhkəmə bu iş üzrə qətnamənin düzgün cıxarılmasının təmini üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Qeyd olunan bütün xüsusatlar məhkəmə tərəfindən diqqətə alınmamış, əsassız olaraq iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh3 apellyasiya şikayəti ilə eyni məzmunlu ifadə verərək təmin olunmasını məhkəmədən xahiş etdi.
15. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
Apellyasiya baxışının hədləri
19. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğv olunması, qanuni və əsaslı qətnamə çıxarılması xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, borcun məbləği mübahisələndirildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya şikayətinin dəlillərindən birini kimi ona istinad olunur ki, kredit müqaviləsi üzrə ödənişlər onun tərəfindən mütəmadi ödənilmiş, sonradan müəyyən edilmişdir ki, bank ona pul məbləğinin ödəyərkən sənədlərdə səhvə yol vermiş, kredit müqaviləsi üzrə qanunsuz vergi borcu yaradılmış, bununla bağlı banka bu qanunsuz məsələnin həll edilməsi xahişi olunduğundan gözləmiş, bu üzrə ödənişlər dayandırılmışdır.
21. Lakin iş materiallarından belə bir hal müəyyən olunmur və cavabdeh tərəfindən də məhkəməyə bununla bağl heç bir sübut təqdim olunmamışdır.
22. Şikayətin digər dəlilində qeyd olunur ki, müqavilə üzrə mübahisə artıq həm məbləğin əsas, həm də faiz hissəsində yarandığından məhkəmədə bu hissələr üzrə məbləğlərin düzgün hesablanmasını həyata kecirmədən qanunsuz qətnaməni qəbul etmişdir, məhkəmə bu iş üzrə qətnamənin düzgün cıxarılmasının təmini üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi.
23. Qeyd olunan xüsusatlar əsaslandırılmadığından və borcun düzgün hesablanmaması ilə bağlı hər hansı bir sübut (ödəniş qəbzi, artıq hesablanma barədə sənəd və s.) təqdim olunmadığından məhkəmə kollegiyası bu istiqamətdə hər hansı bir araşdırma aparmağa və ya ekspertiza təyin olunmasına da zərurət görmür.
24. Lakin işin hallarını qətnamənin 17-ci bəndində qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarının məzmunu baxımından qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 ünvanlanmış 11 fevral 2024-cü il tarixli bildirişdə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi qeyd olunur və həmin tarixə faiz borcunun məbləği 3729 manat faiz göstərilir. Yəni, qərardakı hüquqi mövqe əsas götürülməklə müqaviləyə həmin tarixdə xitam verildiyindən faiz borcunun məbləği 12 mart 2024-cü il tarixli maliyyə arayışında göstərilən faiz məbləği – 4257 manat deyil, müqavtilənin ləğvi barədə bildirişin göndərildiyi vaxt hesablanmış - 3729 manat müəyyən olunmalı, qətnamə bu hissədə dəyişdirilməlidir.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faiz borcunun məbləği hissəsində düzgün olmamışdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin yoxlanılan hissədə yuxarıda göstərilən məzmunda dəyişdirilməsinə əsas verir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(007)- 1525/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(007)- 1525/2024 nömrəli qətnaməsi “Cavabdeh3, Cavabdeh2 Dayandur oğlundan və Cavabdeh1 müştərək qaydada 4257 manat faiz borcunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsində dəyişdirilsin və tutulmalı olan faiz borcunun məbləği 3729 manat müəyyən olunsun. Cavabdeh3, Cavabdeh2 Dayandur oğlundan və Cavabdeh1 müştərək qaydada 24736,86 manat əsas borc, 3729 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 28565,86 manat borc və 181 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev