Məhkəmə qərarları › İş №2(103)-5978/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5978/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5978/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-2(007)- 1262/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan 01 ədəd vərəqdə “borc müqaviləsi” başlıqlı iltizamdan görünür ki, Cavabdeh həmin iltizamda “Mən Cavabdeh, doğulduğu yer Babək rayonunun Nehrəm kəndi. Mən İddiaçı xx.xx.2022. 126600$ ABŞ dolları (yüz iyirmi altı min altı yüz dolları) götürdüm. Məqsəd SPK mal vurub işlərim yaxşı getmədiyi üçün, pul tikintilərdə ilişdiyi üçün, pulu qaytara bilmədim. Mən söz verirəm ki, mart 2023-dən başlayacağam qaytarmağa. xx.xx.2022-ci il. X1.” məzmunlu ifadələri yazmaqla öz imzası ilə iltizamı təsdiq etmişdir;

2. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 451 (dörd yüz əlli bir) manat dövlət rüsumu ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı və X5 Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı münasibətdə 126.600 ABŞ dolları, digər iddiaçı X4 münasibətdə isə 21500 ABŞ dolları, eyni zamanda 12560 manat faiz pulun və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı X3 Cavabdeh qarşı «borc» tələbinə dair iddiası ayrıca icraata ayrılmışdır..

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh işə əlavə olunan əlyazmadan da göründüyü kimi şahidin də iştirakı ilə xx.xx.2022-ci il tarixdə 126600 (bir yüz iyirmi altı min altı yüz) ABŞ dolları məbləğində pulun onun tərəfindən alındığını, müəyyən işə yatırım edərək həmin işdən xeyir qazanacağını bildirmişdir. Beləliklə, ümumi şəkildə cavabdeh qeyd olunan sənədə əsasən İddiaçı münasibətdə 126600 ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Bununla bağlı bir sıra aidiyyəti qurumlara da tərəfindən müraciət edilməsinə baxmayaraq heç bir nəticə əldə etmək mümkün olmamışdır. Buna əsasən də, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı münasibətdə 126600 (bir yüz iyirmi altı min altı yüz) ABŞ dolları pulun və tərəfindən ödənilmiş dövlət rüsumunun geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e- 2(007)-1262/2024 nömrəli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 126600 (yüz iyirmi altı min altı yüz) ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 451 (dörd yüz əlli bir) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 329.2, 389.1, 442, 739.1, 740.1, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmamasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh, İddiaçı qarşısında 126.600 ABŞ dolları pulun ödənilməsi ilə əlaqədar öhdəlik götürməmişdir. Bu mübahisəli məbləğ olan 126.600 ABŞ dolları tələbin ödənilməsi ilə bağlı məsuliyyəti tərəflər arasındakı razılaşmaya əsasən istisna və ya məhdudlaşdırıla bilər. 126.600 ABŞ dolları pulun ödənilməsi öhdəliyi üzərinə götürməmiş Cavabdeh, İddiaçı ilə münasibətdə əsaslı və qanunu tələbi təmin etmək məhsuliyyəti daşımır. Hüquqi əsas olmadan borcun gecikdirilməsi o hallarda baş verir ki, bu cür gecikdirmə həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Beləliklə, Cavabdeh, İddiaçı ilə münasibətdə əsaslı və qanunu tələbi təmin etmək məhsuliyyəti daşımasa da, hüquqi əsas olmadan 126.600 ABŞ dollar borcun gecikdirilməsi Cavabdehdan asılı olmamış və İddiaçı bilərəkdən həmin borcun ödənilməsi üçün şərait yaratmamışdır. Birinci instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərini pozmaqla səhvə yol vermişdir. Məhkəmə prosesində bunlar protokolda da öz əksini tapmışdır ki, İddiaçı Cavabdehdan 85000 ABŞ dolları aldığını etiraf etmiş və bildirmişdir ki, bu 85000 ABŞ dolları guya onun Cavabdeh verdiyi 180000 ABŞ dolları borcun müqabilində baş vermişdir. Lakin məhkəmə prosesində İddiaçı, Cavabdeh haçansa 180000 ABŞ dolları borcun verdiyini sübut edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

16. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

17. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

18. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

19. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn).

21. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır;

22. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-2(007)-1262/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

35. Kollegiya qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh 126.600 ABŞ dolları borc pul vermişdir. Cavabdeh həmin pulu İddiaçı almış və bu borcunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin məbləğdə pul borcunun olmasını xx.xx.2022-ci il tarixdə əlyazması ilə iltizam yazaraq və imza edərək təsdiqləmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh borc məbləği qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 126.600 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh izahatında əsas borcunun 126.600 ABŞ dolları deyil, əslində 79.000 ABŞ dolları olmasını və əlavə olaraq həmin borcun üzərinə 3.5 faiz hesabı ilə 46.600 ABŞ dolları qalıq faiz borcu qaldığını, ümumilikdə 126.600 ABŞ dolları pulun məhz bu qaydada yarandığını, lakin 84.600 ABŞ dolları və 32.585 ABŞ dolları olmaqla hissəhissə bütün borcunu iddiaçıya qaytardığını qeyd etsə də, İddiaçı da bu halı təkzib etməmiş, əksinə izahatında 85.000 ABŞ dolları pul vəsaitinin ona qaytarıldığını təsdiq etmiş, lakin həmin pulun hazırda iddia tələbinə hər hansı bir aidiyyətinin olmadığını vurğulamışdır, cavabdeh isə bunun əksini təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və cavabdeh tərəfindən şəxsən imzalanmış iltizamdan isə görünür ki, o, iddiaçıya 126.600 ABŞ dolları borcunun olmasını etiraf etmiş, hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür, məhkəmə iclası zamanı isə həmin iltizamın şəxsən özü tərəfindən imzalanmasını təsdiq etmişdir. Belə olan halda, cavabdehin məhkəmə iclasında göstərdikləri xüsusatlar iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

37. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

39. Kollegiya bildirir ki, cavabdeh qeyd etdiyi hala dair heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi).

40. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-2(007)- 1262/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar