Məhkəmə qərarları › İş №2(103)-5981/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5981/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5981/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 , Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1500/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı “əsassız varlanma, dəymiş zərərin ödənilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.3 kv.metr olan qeyri-yaşayış sahəsinə görə 979.416 manat məbləğində dəymiş ziyanın və əldən çıxmış fayda olaraq 500.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1500/2020 saylı, xx xxxxxx 2020ci il qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, cavabdehin təqsiri üzündüən o, xüsusi mülkiyyətindən məhrum olmuş, ona külli miqdarda ziyan dəymişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Z.Niftəliyev apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, əmlak barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır, həmin məhkəmə aktları bu iş üzrə preyudisial əhəmiyyətə malikdir, bundan əlavə nümayəndə qeyd etdi ki, bazar iqtisadiyyatında qiymətlərin sonradan dəyişməsi, artıb azalması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 60,3 kv.metr olan qeyriyaşayış sahəsi (23 saylı mağaza) üzərində mülkiyyət hüququ xx xxxxxxxx 2013-cü il tarixdə ********** nömrə ilə iddiaçının adına qeydiyyata alınmışdır; Satıcı Cavabdehlə alıcı “xxxxx” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarili, ******* nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 41,2 kv.metr olan qeyri-yaşayış sahəsini 669.187 manata alıcıya satmışdır; Satıcı Cavabdeh ilə alıcı “xxxxx” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarili, ******* nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 41,6 kv.metr olan qeyri-yaşayış sahəsini 675.684 manata alıcıya satmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-398/2018 saylı qərarından müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 73 ünvanında yerləşən birmərtəbəli tikili olan qeyri-yaşayış sahəsinin (23 saylı mağaza) 15 gün ərzində əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 2014-cü ilin yanvar ayından hesablanmaqla məhkəmə qətnaməsi icra olunan tarixədək aylıq 20.000 manat hesablanmaqla ona vurulmuş zərərin əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçının adına dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, iddiaçının 23 saylı mağazanın mülkiyyətinə alınmasına dair alqı-satqı müqaviləsi əsasında satıcıya ödədiyi qeyd edilən əmlakın dəyərinin müəyyən edilərək kompensasiya olaraq həmin məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(001)-649/2015 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 40.702 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 73 ünvanında yerləşən, ümumi sahəsi 60,3 kv.metr olan qeyri-yaşayış sahəsinə (23 saylı mağaza) olan mülkiyyət hüququna xitam verilməsi və adına DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nişanlı, xx xxxxxxxx 2013-cü il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 40.702 manat kompensasiya ödənilməsi təmin edildikdən sonra çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi qismən dəyişdirilərək iddiaçıya ödəniləcək kompensasiya 90.450 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamə kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan həmçinin müəyyən olunur ki, iddiaçı əldən çıxmış faydanı əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə aparılan hazırlıq işləri barədə hər hansı sübut təqdim etməmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 73 ünvanında yerləşən, ümumi sahəsi 60,3 kv.metr olan qeyri-yaşayış sahəsinin (23 saylı mağaza) əvvəlki vəziyyətinin cavabdeh tərəfindən bərpa edilməsi və ona vurulmuş zərərin ödənilməsi ilə bağlı mübahisəyə məhkəmə qaydasında baxılmış, iddiaçıya dəymiş maddi zərərin məbləği 90.450 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş və bununla bağlı məhkəmə aktı qanuni qüvvəyə minmişdir. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1500/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar