Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5981/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1953/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, bank sonuncuya illik 20 faiz dərəcəsi hesablanmaqla 36 ay müddətinə ödəmək şərti ilə 10.000 manat məbləğində kredit vermişdir. Kreditin təminatı olaraq iddiaçı bank ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır.
2. Kredit müqaviləsindən irəli gələn öhdəliklər Cavabdeh2 tərəfindən icra edilmədiyindən bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixə onun banka 8.208,53 manat məbləğində əsas, 567,45 manat məbləğində faiz, 294,05 manat məbləğində cərimə borcu yaranmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.208,53 manat məbləğində əsas, 567,45 manat məbləğində faiz borcunun, cərimə borcunun 50 faizi miqdarını, yəni 147,03 manatın, habelə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 109,23 manat məbləğində pul vəsaitinin tutulması, habelə kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, bank Cavabdeh2 illik 20 faiz dərəcəsi hesablanmaqla 36 ay müddətinə ödəmək şərti ilə 10.000 manat məbləğində kredit vermişdir. Kreditin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh2 xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi şərtlərini pozmuş, borc öhdəliklərini icra etməkdən boyun qaçırmışdır.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1953/2023 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8.208,53 manat məbləğində əsas, 567,45 manat məbləğində faiz, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8.875,45 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 105 manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir.
7. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 əsas və faiz borcunu vaxtında ödəmədiyindən iddia ona münasibətdə əsas və faiz borcu üzrə iddia tələbinə uyğun təmin edilməlidir.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 8208,53 manat məbləğində əsas borca 147,03 cərimə borcunun hesablanmasını əsaslı hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh1 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə iddia həm əsas borcluya, həm də zaminə münasibətdə qismən təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 427.3, 442.1, 462.1, 463.1, 465.2, 467, 470.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, tam, hərtərəfli və obyektiv araşdırılaraq faktiki borc üzrə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxan zaman yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında işi araşdırmış və qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə müqavilə üzrə yaranmış borcu yalnız iddiaçının məhkəməyə təqdim etmiş olduğu sənədlər əsasında müəyyən etmişdir. Halbuki, iddiaçı tərəfindən borc məbləğini özündə əks etdirən sənədlər həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh2 tərəfindən iddiaçı banka müvafiq ödənişlər edilmiş, lakin bank həmin ödənişləri faiz borcuna hesablamışdır. Bundan əlavə, iddiaçı bank tərəfindən Cavabdeh2 etdiyi ödənişlərə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar birtərəfli və qərəzli sübutlar olduğundan hesab edir ki, iş üzrə məhkəmə- mühasibatlıq ekspertizası təyin edilməsi zərurət təşkil edir. Ekspertizanın təyin edilməsinin tələb edilməsində məqsəd banka edilmiş ödənişlərin müvafiq borc üzrə hesablanmamasıdır. Yəni, bank tərəfindən edilmiş ödənişlər barədə məlumatlar məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, iddiaçı bank tərəfindən təqdim edilmiş sənədlər onun mənafeyinə və iddianın təmin edilməsinə xidmət etdiyindən və işin tam hərtərəfli və obyektiv şəkildə araşdırılaraq düzgün nəticənin əldə edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası keçirilməlidir. İşə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehin iştirak təmin edilmədiyi üçün o, banka ödədiyi pullara dair sübutlarını məhkəməyə təqdim edə bilməmiş, bank isə həmin ödənişlər barədə məhkəməyə düzgün məlumat verməmişdir. Halbuki, apelyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, kredit borcundan ödənişlər etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsini mübahisələndirdiyindən qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank Cavabdeh2 illik 20 faiz dərəcəsi hesablanmaqla 36 ay müddətinə ödəmək şərti ilə 10.000 manat məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə Cavabdeh2 müqavilə üzrə öhdəlikləri pozduğu təqdirdə cərimə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Kreditin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin etdiyi ödənişlərin araşdırılmaması, onun məhkəmə iclasında iştirakının təmin olunmadan qətnamənin qəbul edilməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına (həmin ünvan apellyasiya şikayətində də yazışmaların aparılmasının istənildiyi ünvan kimi qeyd olunmuşdur) məhkəmə iclasları ilə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, göndərişə dair reyestrlər iş materiallarına əlavə edilmişdir.
22. Həmçinin apellyasiya şikayətində Cavabdeh2 qeyd etmişdir ki, kredit borcundan ödənişlər etmişdir.
23. Apellyasiya şikayətinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə cəmi altı dəfə gecikmələrlə ödənişlər həyata keçirilmiş, ödənilən məbləğlərin bir qismi bank tərəfindən gecikmiş faiz üzrə borca və dəbbə puluna yönəldilmişdir. Kollegiya hesab edir ki, belə olan halda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1953/2023 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: