Məhkəmə qərarları › İş №2(103)-5984/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5984/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5984/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2(006)-4670/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900152 saylı restrukturizasiya müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 27/12 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3040.1 manat məbləği restrukturizasiya olunmaqla borclu bu müqavilə üzrə müəyyən olunan şərtlərlə qalıq borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfin kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməməsinə istinad etməklə yaranmış borcun tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1670.4 manat əsas, 75.26 manat faiz borcu, 0.09 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 52.9 manat faiz borcu və 38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2019cu il tarixli LM101900152 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin 3040.10 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 27 may 2025-ci il tarixə kredit üzrə cəmi borcu 1798.65 manat təşkil edir. Bundan 1670.40 manat əsas borc, 75.26 manat faiz borcu, 0.09 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.90 manat faiz borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2(006)- 4670/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1670.4 manat əsas, 75.26 manat faiz borcun, 0.09 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 52.9 manat faiz borcu, cəmi 1798.65 manat borcun və 38 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, kredit alan kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmişdir. Onun iddiaçı qarşısında maliyyə arayışından göstərilən məbləğlərində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Qeyd olunan qətnamədən narazı cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə qanuna uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən, kredit müqaviləsi üzrə yaranmış borc düzgün hesablanmamışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsi iddianı təmin edərkən sübut kimi yalnız iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışın əsas götürmüşdür. Həqiqətən iddiaçı ilə onun arasrında bağlanmış 09 oktyabr 2019-cu il tarixli LM101900152 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin 3040.10 manat məbləğində kredit borcu 60 ay müddətinə ilik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Bundan başqa 06 oktyabr 2008-ci il tarixindən 15 fevral 2016-ci il tarixinədək İddiaçı ASC-də çalışmışdır. xx.xx.2016-cı il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İşdən azad olunan zaman ona 2015-ci il dekabr ayının, 2016-ci il yanvar ayının əmək haqqları və son haqq-hesab ödənilməmişdir. Ödənilməmiş 2015-ci ilin dekabr ayının əmək haqqı 2019-cu ilin noyabr-dekabr aylarında onun İddiaçı ASC-nə olan kredit borcuna silinsə də, 2016-cı ilin yanvar ayının əmək haqqı və işdən azad olması ilə bağlı son haqq-hesab bu günə qədər ödənilməmiş, nədə ki, İddiaçı ASC-nə olan kredit borcuna silinməmişdir. Qeyd olunanlarla bağlı bildirir ki, işdən azad olunduqdan sonra əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2(006)-3988/2016 saylı iddianın təmin olnmasına dair qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin təmin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 12 oktyabr 2016-cı il tarixli 2(103)- 7075/2016 saylı qərardadının 5-ci vərəqində apellyasiya şikayətinin əsaslandırıcı hissəsinin sonuncu cümləsində qeyd olunmuşdur ki, “Nəhayət qeyd olunmalıdır ki, Ləğv prosesində olan İddiaçı ASC-nin müflis qərarı çıxmamışdan qabaq əmək haqqlarını ala bilməyən digər işçilər kimi də iddiaçının (yəni onun) əmək haqqı tələbi onun özü müraciət etməsə də avtomatik “Banklar Haqqında” qanuna əsasən qeydə alınmışdır və növbəlilik əsasında bankın aktivləri kifayət edəcəksə, həmçinin iddiaçının bank qarşısında ödənməmiş kredit borcu olmayacaqsa, ona ödənilməyən əmək haqqı bankın aktivləri hesabına ödəniləcəkdir”. Həmin qərardadın 8-ci vərəqinin, 2-ci abzasının, 1-ci sətrində məhkəmə qeyd etmişdir ki, “İşin apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ödənilməmiş əmək haqqı cari hesablarda əks olunduğu üçün “Banklar haqqında” qanunun 77-ci maddəsinə uyğun olaraq mühasibat uçotu məlumatları əsasında qeydə alınmışdır, belə olan halda isə həmin tələblər bankın aktivləri formalaşdıqca, Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlik qaydasında ödənilməlidir”. Məlumat üçün bildirilir ki, yuxarıda qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin qərarından tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 2(102)-366/17 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının 12 oktyabr 2016-cı il tarixli 2(103)-7075/2016 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 2(102)-366/17 saylı Qərarında da yuxarıda göstərilən əsaslar qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı tərəf 2024-cü ilin may ayından müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə başlanılsa da, ona ödənilməli olan 2016-cı ilin yanvar ayının əmək haqqı və işdən azad olması ilə bağlı son haqq-hesab əsassız olaraq bu günə qədər ona ödənilməmiş, nə də ki, İddiaçı ASC-nə olan kredit borcuna silinməmişdir. Hesab edir ki, yuxarıda qeyd olunan əmək haqqı və son haqq-hesab İddiaçı ASC-nə olan kredit borcuna vaxtında silinsəydi borcu tam ödənilmiş hesab olunardı. Belə ki, İddiaçı ASC-də rəsmi əmək haqqı 1.500 (min beş yüz) manat təşkil edirdi. Hesab edir ki, yaranmış borcun düzgün hesablanması üçün iddiaçı tərəfindən onun cari, ssuda və faiz hesablarından çıxarışlar məhkəməyə təqdim edilməli, iş üzrə mühasibatlıq ekspertizası təyin edilməli və həmin ekspertizanın rəyi alınmaqla yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900152 saylı restrukturizasiya müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 27/12 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3040.1 manat məbləği restrukturizasiya olunmaqla borclu bu müqavilə üzrə müəyyən olunan şərtlərlə qalıq borcunu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə 1670.4 manat əsas, 75.26 manat faiz borcun, 0.09 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 52.9 manat faiz borcu, cəmi 1798.65 manat borcu vardır. İş materiallarında olan bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən yaranmış borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə qanunlara uyğun tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Bununla belə cavabdeh apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin cavabdeh iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməli olmasını bildirsə də işin fatiki halları ilə hesablanmış borcun ziddiyyətli olmasına eləcə də kredit müqaviləsi üzrə müəyyən edilmiş borc məbləğinə dair şübhələrin mövcud olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Bundan başqa cavabdeh qeyd etmişdir ki, iddiaçı tərəf 2024-cü ilin may ayından müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə başlanılsa da, ona ödənilməli olan 2016-cı ilin yanvar ayının əmək haqqı və işdən azad olması ilə bağlı son haqqhesab əsassız olaraq bu günə qədər ödənilməmiş, nədə ki, İddiaçı ASC-nə olan kredit borcuna silinməmişdir. Məhkəmə Kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, hazırda iddiaçı tərəfindən kredit borcuna cavabdehin istinad etdiyi əmək haqqının yönəldilməsi eyni zamanda iddiaçının belə bir öhdəlik götürməsi müəyyən edilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, işin faktiki halları ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4670/2025saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar