Məhkəmə qərarları › İş №2(103)-5987/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5987/2021

16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5987/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh Səlimov Kamal Baxış oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə ilkin, Səlimov Kamal Baxış oğlunun «Azəriqaz» İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-685/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «Azəriqaz» İB cavabdeh Səlimov Kamal Baxış oğluna qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2645.30 manat məbləğində əsas borcun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2675.30 manat məbləğində borcun cavabdeh Səlimov Kamal Baxış oğlundan tutularaq «Azəriqaz» İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «Azəriqaz» İB iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB ilə abonent Səlimov Kamal Baxış oğlu arasında 10.03.2020-ci il tarixində 03-707 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında ‘Azəriqaz” İB abonent Səlimov Kamal Baxış oğluna məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Azəriqaz İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********30000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1 **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 799,20 manat; 30.11.2019-cu il tarixli ******* saylı akt əsasında 399,60manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 187,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat;təminatı dayandırılıb (bu barədə kəsim aktları tərtib olunub), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinədə ziyan vurur). Cavabdehin “Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 2645,30 manat təşkil etməkdədir. “Azəriqaz” İB-nın nümayəndələri tərəfindən cavabdehə 2645,30 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Səlimov Kamal Baxış oğlu «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən ona əsassız hesablanmış 2645.30 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 2645.30 manat borcun tutulmasını xahiş etmişdir. “Azəriqaz” İB tərəfindən ona məxsus ünvana əsassız olaraq aktlar tərtib edilmişdir. Sözügedən aktların heç birindən xəbəri olmamışdır və aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum olub ki, «Azəriqaz» İB tərəfindən tərtib edilmiş akt əsasında qeyri-qanuni təbii qazdan istifadə etməyi aşkar edilmişdir. Sözügedən aktlar əsasında 2645.30 manat məbləğində qaz borcu hesablanmışdır. O, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmiş və heç vaxt qaz sayğacına tərəfindən müdaxilə edilməmişdir. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı və niyyəti olmamışdır. Buna baxmayaraq, “Azəriqaz” İB tərəfindən əsassız olaraq 2645.30 manat məbləğində borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-685/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi qismən təmin edilərək, Səlimov Kamal Baxış oğlundan «Azəriqaz» İB-nin xeyrinə 182.9 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 10 manat məbləğində pul vəsaitinin tutulması, «Azəriqaz» İB tərəfindən Səlimov Kamal Baxış oğluna əsassız hesablanmış 2462.40 manat borcun silinməsi qət edilmişdir. Qətnamədən “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu, iddiaçının kənar qaz xəttindən istifafdə etdiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olamadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinin təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni qarşılıqlı iddia üzrə iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, ilkin iddia üzrə iddiaçı isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması ilə bağlı hissədə dəyişdirilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, cavabdeh Səlimov Kamal Baxış oğluna verilən qaz xətti üzrə abonent kodu **********30000 sayla qeydiyyata alınmışdır. İddia tələbindən, iş materiallarına əlavə edilmiş itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktların surətindən və abonent saldosundan görünür ki, abonent kodu **********30000 sayla qeydiyyata alınmış ünvanda qaz sayğacına müdaxilə edilməsi əsası ilə tərtib edilmiş akt əsasında cəmi 2462.40 manat dəymiş ziyan hesablanmışdır. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə “Azəriqaz” İB iddiaçının evində kənar xəttdən istifadə edildiyini təsdiq edən və buna görə də, aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuş, onlarda göstərilən hal isə sübuta yetirilməmişdir; buna görə də sözügedən aktlar mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləğləri qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-685/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar