Məhkəmə qərarları › İş №2(103)-5987/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5987/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5987/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı «Bank VTB ( Azərbaycan)» ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2(008)-4295/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixə mövcud olan 16302,41 manat məbləğində əsas borc, 874,03 manat məbləğində faiz borcu, 220,20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17396,64 manat pul vəsaitinin, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş 142,19 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə illik 15 faiz hesablanması şərti ilə 59 ay müddətinə 17330 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 17396,64 manat məbləğində borcu qalmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını (“Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 11.1.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, Həmin şərtlərin 11.1-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2(008)- 4295/2024 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia qismən təmin olunmuş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeharasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən 371995-CNS-46199 №-li, xx.xx.2023-cü il tarixli “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 16302,41 manat məbləğində əsas borc, 874,03 manat məbləğində faiz borcu, 11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17187,44 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 141,56 manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, 0,63 manat dövlət rüsumunun İddiaçı ASC-yə aid edilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iştirakının təmin olunmaması, kredit müqaviləsinin formal olaraq onun adına rəsmiləşdirilməsi, kredit məbləğinin isə qızı ilə ailə həyatı qurmaq niyyəti ilə onu aldatmış X4 adlı şəxsin götürməsi, həmin şəxs tərəfindən digər banklardan da onun adına kreditlərin götürülərək dələduzluq yolu ilə pullarının mənimsənilməsi, həmin şəxsin bank əməkdaşları ilə əlaqəyə girməsi, nəticədə aldadılaraq külli miqdarda ziyana düşməsi, həmin şəxsdən hüquq mühafizə orqanlarına şikayətlər etməsi, bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən kredit borcunun dəqiqləşdirilməsi üçün ekspertizanın təyin olunmaması, əsas və faiz borclarının şişirdilməsi və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehlə bank arasında həqiqətən qeyd edilən kredit müqaviləsi bağlanmışdır. Belə ki, cavabdehin qızı ilə nişanlı olan X4 həmin krediti özü bağlayacağına yalandan vəd verərək cavabdehi buna inandırmış və onun adına bir gündə bir neçə bankdan kredit götürmüşdür. X4 hazırki kredit müqaviləsi üzrə təqribən 5 ay ödənişlər etmiş, lakin sonradan yoxa çıxmışdır. Cavabdeh məcbur olub 2024-cü ilin fevral-aprel aylarında qismən ödənişlər etmişdir. Hesab edir ki, X3 bankın işçiləri ilə əlbirliyi olmuşdur. Belə ki, iddiaçının adına eyni gündə, yəni 22 iyun 2023-cü il tarixdə bir neçə bankdan kredit rəsmiləşdirilmiş, lakin bank bu halı bilə-bilə cavabdehə hazırki krediti vermişdir. Adətən bir şəxsin krediti olduğu halda ona digər banklar kredit vermirlər. X1 barəsində hüquq mühafizə orqanlarına şikayətlər edilmişdir, onun barəsində cinayət işin açılması gözlənilir. Bu səbəbdən də hazırki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Bununla yanaşı, hesab edir ki, kredit borcu düzgün hesablanmamış, şişirdilmişdir. Bu səbəbdən də ekspertiza vasitəsilə borcun dəqiqləşdirilməsinə zərurət vardır. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Cavabdeh apellyasiya şikayətində borcun artıq hesablanmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, cavabdehin bütün ödənişləri nəzərə alınmışdır. Bununla yanaşı, cavabdehin bank tərəfindən aldadılması və s. bu kimi dəlilləri də tam əsassızdır. Cavabdeh şəxsən kredit müqavidləsini imzalamış və kredit vəsaiti ona təqdim edilmişdir. Sonradan cavabdehin digər şəxs tərəfindən aldadılmasının isə banka aidiyyəti yoxdur. Hesabdan çıxarışdan da görünür ki, kredit müqaviləsi üzrə təqribən 5 ay ödənişlər olmuş, sonradan ödənişlər kəsilmiş, 2024-cü ilin fevral-aprel aylarında isə qismən bir neçə ödəniş həyata keçirilmiş, ondan sonra hər hansı ödəniş olmamışdır. Cavabdeh 2023-cü ilin dekabr ayından etibarən kredit ödənişlərini lazımi qaydada (ödəniş cədvəlinə uyğun) həyata keçirmir. İddiaçı həmçinin eyni gündə bir neçə bankdan kredit aldığını, bunun iddiaçı tərəifndən nəzərə alınmadığını da bildirir. Qeyd edir ki, bir şəxs eyni gündə bir neçə bankdan kredit götürürsə həmin məlumatlar yalnız bir neçə gündən sonra mərkəzləşmiş kredit bürosunda öz əksini tapır. Belə olan halda onlar iddiaçının eyni gündə başqa banklardan da kredit götürməsini bilə bilməzdilər. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan (ərizə, kredit razılaşması, ödəniş cədvəli və s.) göründüyü kimi, cavabdehin 22 iyun 2023-cü il tarixli müraciəti (ərizəsi) üzrə tərəflər arasında 371995-CNS-46199 №-li, xx.xx.2023-cü il tarixli kredit razılaşması (müqaviləsi) imzalanmış, həmin razılaşmaya əsasən cavabdehə illik 15 faiz hesablanması şərti ilə 59 ay müddətinə 17330 manat kredit verilmişdir. Həmçinin, işdə olan hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə - 16302,41 manat əsas borcu, 874,03 manat faiz borcu, 220,20 manat cərimə borcu olmaqla, ümumilikdə 17396,64 manat kredit borcu vardır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirakının təmin olunmamasını göstərsə də, işdən görünür ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış (həm yaşayış ünvanına rəsmi qaydada bildiriş, həm də mobil telefonuna SMS bildiriş göndərilmişdir), cavabdeh məhkəmə icraatından məlumatlı olmaqla 21 iyun 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmiş, bu səbəbdən məhkəmənin hazırlıq iclası 11 iyul 2024-cü il tarixə təxirə salınmış, lakin cavabdeh həmin iclasın da təxirə salınması barədə məhkəməyə yeni teleqram ünvanlamış (qeyd edilməldiir ki, cavabdeh hər dəfə məhkəmə iclasının təxirə salınması xahiş etsə də, iştirak etməməsinin üzrlü səbəbləri barədə sübut təqdim etməmişdir), nəticədə məhkəmə baxışı 13 avqust 2024-cü il tarixə saat 12.20-yə təyin olunmuş, cavabdeh bu dəfə də məhkəmə baxına gəlməmişdir. Göründüyü kimi, cavabdehin birinci instansiya məhkəməsindəki icraatdan kifayət qədər məlumatı olmuş, ona etiraz və sübutlarını təqdim etmək imkanı yaradılmış, lakin o, bu imkandan istifadə etməmiş, məhkəmə iclaslarının təxirə salınması barədə teleqramlar ünvanlamaqla kifayətlənmişdir. Belə olan halda, cavabdehin birinci instansiya məhkəməsində iştirakının təmin olunmaması, sübut və dəlillərini təqdim etmək imkanından məhrum olması barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, işin materialları ilə uzlaşmır. Cavabdeh apellyasiya şikayətin həmçinin qeyd etmişdir ki, o, qızı ilə ailə qurmaq niyyətində olan şəxs (X4) tərəfindən aldadılmış, həmin şəxs onun etibarından sui-istifadə edərək, adına hazırki kreditin rəsmiləşdirilməsinə nail olmuş, kredit məbləğini qaytaracağına vəd versə də, sonradan ödənişləri həyata keçirməmiş, bununla da ona ziyan vurmuşdur. Hesab edir ki, həmin şəxs bankın əməkdaşları ilə əlbir olaraq hazırki kredit müqaviləsinin bağlanmasına nail olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı bildirir ki, cavabdeh kredit razılaşmasının (əqdin) məhz iddiaçının onu aldatması səbəbilə etibarsız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu istiqamətdə dəlillərini ümumi sözlərlə ifadə etməyə çalışmışdır. Əksinə, cavabdeh tərəfin özünün də bildirməsindən açıq-aşkar görünür ki, cavabdeh hazırki kredit razılaşmasını bağladığını əvvəlcədən bilmiş, məhz bu məqsədlə tərəflər arasında mülki hüquqi münasibətlər yaranmış, müqavilənin bütün mühüm şərtləri razılaşdırılmış və kredit məbləği cavabdehin hesabına köçürülmüşdür. Bundan sonra, həmin pul vəsaitinin cavabdehin bildirməsinə görə aldatma yolu ilə digər şəxs tərəfindən istifadə edilməsi, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə vəd verilməsi, lakin sonradan ödənişlərin edilməməsi və s. bu kimi dəlillər əqdin etibarsız sayılmasına əsas yaratmır (qeyd edilən hallar cavabdehin həmin şəxsə qarşı zərərlə bağlı müstəqil qaydada məhkəməyə müraciət etmək hüquqlarını istisna etmir). Eyni zamanda cavabdehin nümayəndəsinin izahatından da görünür ki, ilk 5 ay ərzində kredit ödənişləri digər şəxs (X4) tərəfindən həyata keçirilmiş, sonradan ödənişlər kəsilmiş, bu səbəbdən cavabdehin özü 2024-cü ilin fevral-aprel aylarında qismən ödənişlər etmişdir. İddiaçının nümayəndəsi də qeyd edilən halları təsdiq edərək, bildirmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər 2023-cü ilin noyabr ayına kimi lazımi qaydada həyata keçirilmiş, lakin dekabr və yanvar ayı üzrə hər hansı ödəniş olmamış, 2024-cü ilin fevral-aprel ayları ərzində isə az məbləğdə müəyyən ödənişlər (ümumilikdə təqribən 450 manat) həyata keçirilmiş, sonra isə ümumiyyətlə ödəniş olmamışdır. Qeyd edilən halların mövcudluğu işdə olan hesabdan çıxarışdan da görünür. Belə olan halda, yəni cavabdehin sonradan müəyyən kredit ödənişlərini şəxsən həyata keçirməsi özü-özlüyündə onun həmin əqdə bağlı olmasını ehtiva edir. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324-cü mad.). Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci mad.). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. MM-nin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əqd aldatma ilə bağlanması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin mövcudluğu məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onların sübuta yetirilməməsi isə MMin 339.3-cü maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız olduğunu (aldatma nəticəsində bağlanmasını) sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, cavabdeh əqdin aldadılma nəticəsində bağlanmasını əsaslandıra və sübut edə bilməmiş, yuxarıda qeyd edilən halların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Lakin, iddiaçı bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi qeyd edilən halların mövcudluğunun təsdiqi kimi məhkəmə kollegyasına "xxxx" MMC-nin çıxarışını təqdim edərək göstərmişdir ki, X4 cavabdehi aldadaq bir gündə, yəni 22 iyun 2023-cü il tarixdə onun adına bir neçə bankdan kredit götürmüşdür. Belə olan halda iddiaçı hazırki krediti verərkən cavabdehin digər banklardan da kredit götürməsini nəzərə almamışdır. Halbuki, banklar şəxsin digər banklarda krediti olduğu halda ona kredit verməkdən çəkinirlər. Məhkəmə kollegiyası qeyd edilən dəlillə də razılaşmayaraq ilkin olaraq qeyd edir ki, şəxsin kredit öhdəliyinin olması, ona digər bank tərəfindən yeni kredit verilməsini istisna etmir və bu hal özü-özlüyündə həmin əqdin etibarsız olması nəticəsinə gəlməyə əsas vermir. Bununla yanaşı, cavabdehin nümayəndəsinin məhkəmə kollegyasına təqdim etdiyi "xxxx" MMC-nin çıxarışından göründüyü kimi, kredit müqavilələri eyni gündə bağlanmışdır və hazırki vəziyyətdə iddiaçının digər kreditlərdən məlumatlı olması texniki baxımdan da faktiki mümkün deyildir. Cavabdeh apellyasiya baxışı zamanı ərizə göndərərək, X4 barəsində hüquq mühafizə orqanlarına şikayət etməsini, bu səbəbdən də həmin şikayətlərə baxılanadək hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin hazırki icraatın dayandırılmasını əsas verə bilən halın mövcudluğu ilə bağlı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Mulki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz. Qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Cavabdeh apellyasiya şikayətində kredit borcunun məbləğini də mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmır (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda, işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Həmçinin, işdən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunmuş cəriməni azaldaraq, 11 manat həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə yüksək deyildir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə qarşılıqlı iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Tərəflər arasında kredit razılaşmasının bağlandığı zaman qüvvədə olmuş MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MM-nin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «Bank VTB ( Azərbaycan)» ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2(008)-4295/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e- 2(008)-4295/2024 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar