Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5988/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, tərəflərin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus nəqliyyat vasitəsinin yarasız hala düşməsi ilə cavabdehin ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 4.020 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-ZL-*** qeydiyyat nişanlı avtomobil ilə 06.01.2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, A.Cəlilov küçəsi ilə Y.Səfərov küçələrinin kəsişməsində, hərəkətdə olarkən “Yol hərəkət qaydalarının” tələblərini pozmuş, yolnəqliyyat hadisəsi törətmiş, idarə etdiyi avtomobil ilə, iddiaçının etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, sonra isə cavabdehin avtomobili yolun kənarındakı mağazaya çırpılaraq, mağazaya da zərər vurmuşdur. Hadisə yerinə "xxxx" Şirkətinin və X3 Xidmətinin əməkdaşları gəlmiş, hadisə yerini və avtomobilləri müayinə etmişlər. Müayinə zamanı polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, hadisənin baş verməsində cavabdeh təqsirkardır. Sığorta Şirkətin tərəfindən isə müəyyən edilmişdir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya 3.500 manat məbləğində ziyan dəymişdir. Əslində isə iddiaçıya dəymiş zərərin məbləği daha çox, yəni 5.500 manat məbləğində olmuşdur. Sığorta Şirkəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin 15.08.1996-cı il tarixli, 453 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında təlimatının 48-ci bəndinə” əsaslanaraq ümumi sığorta məbləği olan 5.000 manat məbləğində olan puldan iddiaçıya 1.480 manat, qalan məbləği isə mağazanın sahibinə ödəmişlər. İddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 5.500 manat məbləğində pul vəsaitinin tələb olunması, həmin məbləğdən 1.480 manatın Sığorta Şirkətitərəfindən iddiaçıya ödənilməsi nəzərə alındıqda müəyyən edilir ki, cavabdehdən iddiaçının xeyrinə (5.500-1.480=) 4.020 manat məbləğində pul tutulmalıdır. İddiaçı ona vurulmuş zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh zərəri ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.04.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən (3.500 manat (Sığorta Şirkətinin müəyyən etdiyi iddiaçıya vurulmuş ziyanın məbləği) – 1.475,05 manat (Sığorta Şirkətinin iddiaçıya ödədiyi məbləğ) =) 2.024,95 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus avtomobilə avtomobillərin təmiri ilə məşğul olan usta ilə birlikdə baxış keçirmiş və usta iddiaçının avtomobilinin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan pul məbləğinin 1.500 manat civarında olduğunu bildirmişdir. Ustanın verdiyi məlumat ağlabatandır. Belə ki, iddiaçıya məxsus “VAZ 21074” markalı avtomobil 1998-ci il buraxılışlıdır və hazırda həmin avtomobilin bazar qiyməti 3.500-5.000 manat arası dəyişir. Belə olan halda həmin avtomobilə 3.500 manat məbləğində ziyanın dəyməsi ağlabatan və məntiqli deyil. İş materiallarına əlavə olunmuş və iddiaçının avtomobili ilə bağlı Rayon Məhkəməsinə təqdim edilmiş “Qüsur aktındakı” məbləğ şişirdilmişdir. İşə baxmış Rayon Məhkəməsi iddiaçıya dəymiş zərərin məbləğinin obyektiv üsul ilə müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin etməmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman hər iki avtomobil sığortalı olmuş, belə olan halda iddiaçı ona dəymiş ziyanın ödənilməsini cavabdehdən deyil, sığorta şirkətindən tələb etməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı həmin avtomobilin mülkiyyətçisi deyil və avtomobili etibarnamə əsasında idarə edir. Belə olan halda avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi ilə bağlı pul tələbi barədə iddianı irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyil. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia tələbinin bir qismi təmin edilməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan isə görünür ki, o, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnaməni cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə yoxlamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-ZL-*** qeydiyyat nişanlı avtomobil ilə 06.01.2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, A.Cəlilov küçəsi ilə Y.Səfərov küçələrinin kəsişməsində, hərəkətdə olarkən “Yol hərəkət qaydalarının” tələblərini pozmuş, yol-nəqliyyat hadisəsi törətmiş, idarə etdiyi avtomobil ilə, iddiaçının etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, sonra isə cavabdehin avtomobili yolun kənarındakı mağazaya çırpılaraq, mağazaya da zərər vurmuşdur. Hadisə yerinə "xxxx" Şirkətinin və X3 Xidmətinin əməkdaşları gəlmiş, hadisə yerini və avtomobilləri müayinə etmişlər. Müayinə zamanı polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, hadisənin baş verməsində cavabdeh təqsirkardır. Qeyd edilən bu hallar “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 27.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilir. Həmin qərarda qeyd edilir ki, 06.01.2021-ci il tarixində saat 23:41 radələrində Cavabdeh “B” kateqoriyalı, AD seriyalı, 102692 nömrəli sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, 99-ZL384 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə saatda 60 km sürətlə A.Cəlilov küçəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən avtomobilin qabaq hissəsi ilə A.Cəlilov küçəsi ilə düzünə hərəkətdə olan İddiaçı “BC” kateqoriyalı, AF seriyalı, 016320 nömrəli sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sağ yan hissəsindən vuraraq özünün və “VAZ 21074” markalı avtomobilin sərnişini X1 xəsarət alması daha sonra avtomobilinin yoldan çıxaraq Y.Səfərov küçəsi 1 “A” ünvanında fəaliyyət göstərən “Eslampadari” Çıl- Çıraq mağazasına dəyməklə mağazaya maddi ziyan yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Sürücüsü Cavabdeh əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Baş vermiş hadisədə cinayət tərkibi olmadığını nəzərə alaraq toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi, yol-nəqliyyat hadisəsini törətmiş sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilməsi üçün Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş üzrə tərəflər arasında mübahisə doğuran birinci hal iddiaçının hazırki iddia ilə cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasıdır. Apellyasiya şikayətində cavabdeh bildirir ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı “VAZ 2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyil, avtomobili etibarnamə əsasında idarə edir. Belə olan halda avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi ilə bağlı pul tələbi barədə ona qarşı iddianı irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyil. İddiaçı hesab edir ki, o, bu hüquqa malikdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilən maddi hüquq normasının tələbindən iddiaçının “VAZ 2107” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etməsinə, yəni həmin avtomobilə sahiblik etməsinə yanaşdıqda müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcuddur. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Rayon Məhkəməsi müzakirə edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Ziyanın əvəzinin ödənilməsi ilə bağlı isə Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin cavabdehin mülki hüquq pozuntusu törətməsi barədə gəldiyi nəticə düzgündür. Törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh mülki məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməyə borcludur. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh iddiaçıya vurduğu zərərin əvəzini ödəməlidir. Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin digər bir dəlili avtomobilə dəymiş ziyanın məbləği ilə bağlıdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyindən və Rayon Məhkəməsinin iddianın qismən təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə ilə razılaşdığından Məhkəmə iddiaçının mövqeyini bir daha təsvir etmir. Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə (3.500 manat (Sığorta Şirkətinin müəyyən etdiyi iddiaçıya vurulmuş ziyanın məbləği) – 1.475,05 manat (Sığorta Şirkətinin iddiaçıya ödədiyi məbləğ) =) 2.024,95 manat məbləğində pulun tutulmalıdır. Cavabdeh apellyasiya şikayətində bildirir ki, o, iddiaçıya məxsus avtomobilə avtomobillərin təmiri ilə məşğul olan usta ilə birlikdə baxış keçirmiş və usta iddiaçının avtomobilinin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan pul məbləğinin 1.500 manat civarında olduğunu bildirmişdir. Ustanın verdiyi məlumat ağlabatandır. Belə ki, iddiaçıya məxsus “VAZ 21074” markalı avtomobil 1998-ci il buraxılışlıdır və hazırda həmin avtomobilin bazar qiyməti 3.500-5.000 manat arası dəyişir. Belə olan halda həmin avtomobilə 3.500 manat məbləğində ziyanın dəyməsi ağlabatan və məntiqli deyil. İddiaçının avtomobili ilə bağlı Rayon Məhkəməsinə təqdim edilmiş “Qüsur aktındakı” məbləğ şişirdilmişdir. İşə baxmış Rayon Məhkəməsi iddiaçıya dəymiş zərərin məbləğinin obyektiv üsul ilə müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin etməmişdir. Cavabdehin bu dəlilinin araşdırılması ilə bağlı Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsindən bir neçə gün sonra, yəni 13.01.2021-ci il tarixdə iddiaçıya məxsus avtomobil "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən müayinə olunmuş və bu müayinənin nəticəsi ilə verilmiş “Qüsur aktından” görünür ki, həmin avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan məbləğ 3.500 manat təşkil edir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, “Qüsur aktındakı” məbləğin şişirdilmiş olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək və “Qüsur aktını” şübhə altına ala biləcək sübutu (məsələn: ziyanın hesablanması ilə bağlı digər mütəxəssisin aktını və s.) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan hesab edilməlidir ki, qeyd edilən “Qüsur aktı” əsassız və etibarsız deyil; iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertizanın təyin edilməsinə əsas yoxdur; apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. "xxxx" ASC-nin verdiyi sığorta akından görünür ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin əvəzi olaraq ASC tərəfindən iddiaçıya 1.475,05 manat məbləğində sığorta ödənişi verilmişdir. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 2.024,95 manat məbləğində pulun tutulmasını qət etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin sonuncu dəlili isə ondan ibarətdir ki, yol nəqliyyat hadisəsi baş verən zaman hər iki avtomobil sığortalı olmuş, iddiaçı ona dəymiş ziyanı Sığorta Şirkətindən tələb etməlidir. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin verdiyi sığorta akından və işdə olan digər sənədlərdən görünür ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin əvəzi olaraq ASC tərəfindən iddiaçıya 1.475,05 manat, 3.524,95 manat isə həmin hadisə zamanı zərərçəkmiş digər şəxsə - Y.Səfərov küçəsi 1 “A” ünvanında fəaliyyət göstərən “Eslampadari” Çıl-Çıraq mağazasının sahibinə ödənilmişdir. Məhkəmə bildirir ki, qeyd edilən qaydada sığorta ödənişin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin 15.08.1996-cı il tarixli, 453 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında təlimata” uyğundur və hazırki iş üzrə iddiaçı ona daha çox məbləğdə ödənişin edilməsini Sığorta Şirkətindən tələb edə bilməz. Belə olan halda müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5988/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5988/2021
02.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver