Məhkəmə qərarları › İş №2(103)-5989/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5989/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5989/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X6 Azərbaycan” QSC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) X3 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli e-2(006)- 85/2024 nömrəli qətnaməsindən iddiaçı “X6 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan “X6 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli qarışıq müqavilədən görünür ki, bank kart sahibinə 5 il müddətə 800 manat məbləğində kredit kartı limitini açır. Kart sahibi isə həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komisyonları və həmçinin, nəzərdə tutulmuş digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürür.

2. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, o, kredit kartı üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişdir.

3. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli qarışıq müqavilə üzrə banka həmin tarixə 234.86 manat əsas məbləğ üzrə borc, 27.41 manat hesablanmış və ödənilməmiş faiz borcu, 15.79 manat cərimə borcu, 2.00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 3.40 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 283.46 manat borcu vardır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat rüsum ödənilmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “X6 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli qarışıq müqavilə üzrə tələb olunan faiz, cərimə və komisyon borcunu müəyyən etmək mümkün deyildir.

5. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir. Zərurət yarandığından məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə lazımi sənədlərin və mütəxəssis rəyinin təqdim edilməsi “X6 Azərbaycan” QSC-dən tələb edilmişdir.

6. İş materiallarında olan “X6 Azərbaycan” QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ilə «X6 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2013- cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” halhazırda qüvvədədir və ləğv ilə bağlı tərəflər arasında hər hansı bir razılaşma mövcud deyil. Əks halda kart bloklanmış olardı və həmin kartdan istifadə mümkün olmazdı. İş materiallarına əlavə edilən sənədlərdən açıq-aydın görünür ki, kart 2017-ci ilə qədər aktiv istifadə olunub və karta mədaxil və məxaric olunmuşdur.

7. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları nəzərə alınmaqla, Cavabdeh banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: - əsas borc üzrə 199,86 manat (4.468-4.268,14); - faiz borcu üzrə 27,41 manat; - cərimə borcu üzrə 109,50 manat; - komissiya borcu 2 manat.

8. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 755,35 manat ödəniş aparılmışdır.

9. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı “X6 Azərbaycan” QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 234.86 AZN (iki yüz otuz dörd manat səksən altı qəpik) əsas məbləğ üzrə borc, 27.41 AZN (iyirmi yeddi manat qırx bir qəpik) hesablanmış və ödənilməmiş faiz borcu, 15.79 AZN (on beş manat yetmiş doqquz qəpik) cərimə borcu, 2.00 AZN (iki manat) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 3.40 AZN (üç manat qırx qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 283.46 AZN (iki yüz səksən üç manat qırx altı qəpik) məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X6 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildə «X6 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 800.00 AZN (səkkiz yüz manat) məbləğində kredit kartı limiti ayrılmışdır. «X6 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kredin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X6 Azərbaycan» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 234.86 AZN (iki yüz otuz dörd manat səksən altı qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 27.41 AZN (iyirmi yeddi manat qırx bir qəpik), cərimə borcu: 15.79 AZN (on beş manat yetmiş doqquz qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik) cəmi borc: 283.46 AZN (iki yüz səksən üç manat qırx altı qəpik) təşkil edir. xx/xx/2013 -cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka sonuncu kredit ödənişləri xx.xx.2022-ci il tarixində 26.10 manat və xx.xx.2022-ci il tarixində 30 manat məbləğlərində olmuşdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də bоrcalan ilə bağlanmış müqaviləyə əsasən, bоrcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditоr bоrcalandan kredit bоrcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün хərclərin оnların hesabına, о cümlədən оnların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuхarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli e- 2(006)-85/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin iddiaçı “X6 Azərbaycan” QSC-yə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 290 (iki yüz doxsan) manat məbləğində pulun iddiaçı “X6 Azərbaycan” QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.4, 404.5, 442, 462.1, 465.2, 739.1, 739.2, 741, 954.1 və 960-cı maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80, 88, 101.7, 103.1, 107, 115.0.1, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı “X6 Azərbaycan” QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mühasibatlıq ekspertizasının nəticəsinə hüquqi qiymət verməmiş və səlahiyyətinə aid olmayan,xüsusi bilik tələb olunan hesablama aparmışdır. Həmin hesablama üzrə borcun olmaması qənaətinə qəlmişdir ki, bu hal yol verilməzdir və qanunvericiliyin tələblərini kobud pozur..

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavab Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 367. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

24. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər;

27. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.

30. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırkı halda qətnamə iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyator qətnamənin bütövlükdə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli e-2(006)-85/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı “X6 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə 5 il müddətinə 800 manat məbləğində kredit limiti təyin edilmişdir. İddiaçı cavabdehin kart üzrə ödənişləri gecikdirməsini iddia edərək, xx.xx.2022-ci il tarixdə ona yaranmış borcu ödəməsi ilə bağlı xəbərdarlıq etmiş, bundan sonra isə müvafiq maliyyə arayışını təqdim edərək, pul tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdeh iddiaçıya borcunun olmadığını mübahisələndirdiyindən, iş üzrə müvafiq ekspertiza təyin edilmiş, keçirilmiş birinci ekspertiza nəticəsində iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında müqavilə üzrə tələb olunan borcu müəyyən etməyin mümkün olmamasına dair ekspert rəyi verildiyindən, iş üzrə tam və obyektiv tədqiqat aparılması iş üzrə lazımi sənədlərin və mütəxəssis rəyinin təqdim edilməsi iddiaçıdan tələb edilmiş, həmin sənədlər məhkəməyə təqdim edildikdən sonra əlavə ekspertiza təyin edilmişdir. Təyin edilmiş ekspertiza nəticəsində məhkəməyə təqdim edilmiş ekspert rəyində cavabdehin müqavilənin bitmə tarixinə tələb edilən məbləğdən artıq məbləğdə (cəmi 338,77 manat) borcunun olması, lakin müqavilə müddəti bitəndən sonra da cavabdeh tərəfindən 755,35 manat məbləğində ödəniş edilməsi qeyd edilmişdir.

42. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

43. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

44. Kollegiya hesab edir ki, iş materialları ilə ekspert rəyini təkzib edəcək hər hansı əsaslı sübut müəyyən edilmədiyindən məhkəmə haqlı olaraq ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmişdir.

45. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq iddiaçı “X6 Azərbaycan” QSCnin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan və sübuta yetirilmədiyindən təmin edilməməli olduğu nəticəsinə gəlmişdir.

46. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi müvafiq qaydada sübuta yetirilmədiyindən tələb təmin edilməməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı “X6 Azərbaycan” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli e-2(006)- 85/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı “X6 Azərbaycan” QSC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar