Məhkəmə qərarları › İş №2(103)-599/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-599/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-599/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Cavabdeh2 və nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 aprel 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1206 manat məbləğində əsas, 361 manat məbləğində cərimə borcu və 31 manat dövlət rüsumu, ümumilikdə 1598 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 50/14 ünvanında “Sunny Electronics” mağazasında fəaliyyət göstərən iddiaçı ilə Cavabdeh1 arasında 25 fevral 2014-cü il tarixdə 14016 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün iddiaçı ilə digər Cavabdeh2 arasında 25 fevral 2014-cü il tarixdə 14016/1 saylı, Cavabdeh3 ilə 25 fevral 2014-cü il tarixli 14016/2 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilənin şərtlərinə görə, Cavabdeh1 aldığı 1408 manat dəyərində malın dəyərini 7 ay ərzində hər ay 201.14 manat olmaqla ödəməli idi. Lakin ödəniş cədvəli üzrə Cavabdeh1 tam şəkildə ödəniş etməmişdir. Sonuncu dəfə 23 mart 2019-cu il tarixdə 150 manat ödəniş etmişdir. 25 fevral 2014-cü il tarixdə 14016 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi Cavabdeh1 1206 manat əsas, 361 manat məbləğində cərimə borcu vardır. Cavabdehlərə pulları ödəmələri barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Cavabdehlərin bu hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Uzun müddətdir ki, əldə edəcəyi pul cavabdehlər tərəfindən verilmədiyi üçün dövriyyəsini çoxalda bilmir. Qeyd olunanlara əsasən, cavabdehlərdən 1206 manat məbləğində əsas, 361 manat məbləğində cərimə borcu və 31 manat dövlət rüsumu, ümumilikdə 1598 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 aprel 2020-ci il tarixli 2(003)-1235/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə zaminlik müqaviləsi ilə onun Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyü qeyd olunur. Cavabdeh belə bir zaminlik müqaviləsi bağlamadığını, bu və ya buna bənzər əqd imzalamadığını, onun qətnamədən yeni xəbəri olduğunu qeyd etmişdir. Hesab edir ki, məhkəməni yanıltmışlar, eləcə də sübutları saxtalaşdırmışlar. Odur ki, dərhal şikayət verməyə məcbur olmuşdur. Onun məhkəmədə iştirakı təmin olunmamış, məhkəmədən xəbəri olmamış, xəbəri olmadan məhkəmə araşdırması aparılması təmin edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 və nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, yəni borcun Cavabdeh2 tutulması hissəsində ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından görünür ki, İddiaçı fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İş materiallarına əlavə edilmiş 25 fevral 2014-cü il tarixli, 14016 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 1408 manat dəyərində avadanlığı alıcıya verməyi, alıcı isə bunun müqabilində avadanlıqların dəyərini satıcıya hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan alqı-satqı müqaviləsinə əlavədən görünür ki, alıcı alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu 25.03.2014-cü ildən başlayaraq, 7 ay ərzində hər ay 201.14 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 27 dekabr 2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üç iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 14016/1 saylı 25 fevral 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 14016/2 saylı 25 fevral 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İsayev X3 Cəmil Abiş oğlunun müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli 4/117 saylı ekspert rəyində qeyd olunmuşdur ki, “Sunny Electronics” ilə Cavabdeh2 adına olan 25 fevral 2014-cü il tarixli, 14016/2 nömrəli zaminlik müqaviləsində “Zamin” qrafasında “Cavabdeh2” yazıları və həmin yazıların önündəki imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, iş materiallarını araşdıran məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin iddia tələbinin Cavabdeh2 münasibətdə gəldiyi nəticəsi ilə razılaşmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, işdəki sənədlərlə Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsi təsdiq olunduğundan birinci intansiya məhkəməsi işə onun iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Bununla yanaşı, xüsusi biliyi olan orqanın rəyi ilə 14016/2 saylı 25 fevral 2014-cü il tarixli zaminlik müqaviləsindəki imzanın Cavabdeh2 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyi verən ekspertin xəttşünaslıq sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, ekspert rəyi ilə razılaşır və həmin sənəddəki imzanın Cavabdeh2 məxsus olmadığını, bununla da onunla iddiaçı arasında zaminlik müqaviləsinin bağlamadığına dair Cavabdeh2 dəlillərini işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2014-cü il tarixli, 14016 saylı alqı-satqı müqaviləsi üzrə, Cavabdeh2 iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıması üçün iddiaçı ilə zaminlik müqaviləsi bağlanmadığından, bununla da Cavabdeh2 Cavabdeh1 ilə birgə iddiaçı qarşısında öhdəliyi əmələ gəlmədiyindən, birinci intansiya məhkəməsinin iddia tələbini ona münasibətdə təmin edilməsinə dair nəticəsi qanunsuz və əsassız olmuşdur. Eyni zamanda, iddia Cavabdeh2 münasibətdə rədd edildiyindən, iddia tələbinə ona münasibətdə qiymət verilməsi üçün keçirilimiş ekspertiza üzrə ekspertə verilməli olan məbləğ iddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 aprel 2020-ci il tarixli 2(003)-1235/2020 saylı qətnaməsi qismən ləğv edilsin. Borcun Cavabdeh2 tutulması hissəsində qətnamə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olaraq 126 (yüz iyirmi altı) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar