Məhkəmə qərarları › İş №2(103)-5990/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5990/2022

07.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5990/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2635/22 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 anasının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi, cavabdehdən onun xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il dekabr ayında çıxarılmış məhkəmə əmrinə əsasən, Cavabdeh uşaqların saxlanması üçün ona aliment ödəyir. Hazırda nikahları məhkəmə qətnaməsinə əsasən pozulub. Nikahdan iki azyaşlı uşaqları var: - xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5. Cavabdeh uşaqların baxılması üçün iki uşağa cəmi 240 manat aliment ödəyir, oda ki həddindən artıq azdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun birinci maddəsinə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2635/22 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği hazırda yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir, ona görə iddia təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ailə və maddi vəziyyətini araşdırmadan, gəlirlərini müəyyənləşdirmədən əsassız qətnamə qəbul edib. Uşaqları saxlamaq təkcə atanın vəzifəsi deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

12. Maddə 75. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamə tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını 193 manat müəyyən etmişdir.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, cavabdeh apellyasiya şikayətində istinad etdiyi halların mövcudluğunu təsdiq edən sübutlar təqdim etməmişdir. Eyni zamanda həmin hallar öz təsdiqini tapmış olsa belə, alimentin artırılmasını istisna etmir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan əmək qabiliyyətli valideynin işləməməsi, maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə uşaqların saxlanması üçün tutulan alimentin artırılmış miqdarı uşaqlar üçün yaşayış minimumu həddindədir.

20. Uşaqların bütün xərclərinin ödənilməsi yükünün ancaq cavabdehin üzərinə qoyulması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Baxılan iş üzrə uşaqlar iddiaçının himayəsində olduğundan onun saxlanması üçün tələb olunan bütün digər zəruri xərclər də iddiaçının üzərinə düşür.

21. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, onu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cımaddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2635/22 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar