Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5995/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-898/20 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx xxxxxx 2017-ci il təvəllüdlü Mövsümov Səid Elçin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 350 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova, iş N 2(002)-898/20) iddia qismən təmin olunaraq Cavabdeh xx xxxxxx 2017-ci il təvəllüdlü Mövsümov Səid Elçin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)1268/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmış və hər ay 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermiş və şikayətində qətnamənin dəyişdirilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdehla ailə qurmuş və birgə nikahdan xx xxxxxx 2017-ci il təvəllüdlü Səid adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat sabit məbləğdə aliment tutulması qət edilmişdir. Cavabdeh qətnamə ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəsə də, uşağın saxlanması üçün başqa heç bir maddi yardım göstərmir. Halbuki, o, Türkiyə Respublikasında işləyir, xarici ölkələrdə mağazaları var, yaxşı qazanc əldə edir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilən hissəsində maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması, həmin hissədə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, cavabdehin qazancının çox olduğunun nəzərə alınmaması ilə əsaslandırılmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunsa da, iddianın təmin olunan hissəsi işdə iştirak edən şəxslər tərəfindən apelyasiya qaydasında mübahisələndirilməmişdir. Qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin dəyişdirilməsini və iddiasının tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız iddianın rədd edilən hissəsində iddiaçının apelyasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər xx xxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, lakin Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş və birgə nikahdan doğulmuş xx xxxxxx 2017-ci il təvəllüdlü Səidin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçının tələbi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş həmin alimentin miqdarının artırılması və 350 manat müəyyən edilməsi barədədir. İddiaçı tələbini cavabdehin qazancının çox olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi “Uşaq hüququları haqqında” Qanunun 13, 19-cu, Ailə Məcəlləsinin 75.1, 75.2, 112.1-ci, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrini və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunu rəhbər tutaraq iddianı qismən təmin etmiş və məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarını 2020-ci il üçün yaşayış minimumuna uyğunlaşdıraraq 170 manat müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı alimentin miqdarının artırılması ilə bağlı tələbini cavabdehin aylıq qazancının və digər gəlirlərinin çox olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı bununla bağlı, yəni cavabdehin aylıq qazancının və digər gəlirlərinin çox olması barədə heç bir mötəbər sübut təqdim edə bilmədiyindən məhkəmə alimentin miqdarını 2020-ci il üçün yaşayış minimumuna uyğunlaşdırmaqla kifayətlənmiş, iddia tələbini qalan hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apelyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığına, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, cavabdehin qazancının çox olduğunun nəzərə alınmamasına istinad etmişdir. Məhkəmə kollegiyası işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına istinad edərək apelyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad olunan halları iddianın rədd olunan hissəsində sübuta yetirə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin çox olduğunu, Türkiyədə və Rusiyada biznesi olduğunu göstərsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianın rədd olunan hissəsində işin hallarını düzgün müəyyən etmiş, həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın rədd olunan hissəsində həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər imzalar Əsli ilə düzdür. Hakim Akif İsgəndərov
Məhkəmə qərarları › İş №2(103)-5995/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5995/2020
12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver