Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5996/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə (Açar sözlər: müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1306/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında 06 dekabr 2013-cü il tarixdə bağlanmış müqaviləyə görə MTK, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci korpusunun 3-cü girişinin 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 148 saylı, ümumi sahəsi 161,4 kv.metrdən ibarət mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin dəyərini ödəməyi öhdələrinə götürmüşdür. Mənzilin dəyəri hər kv.metr üçün 880 manat olmaqla ümumilikdə 142 032 (yüz qırx iki min otuz iki) manat müəyyənləşdirilmişdir.
2. İddiaçının həmin məbləği tam ödədiyinə dair ona 07 dekabr 2013-cü il tarixdə maliyyə arayışı verilmişdir.
3. Sözügedən mənzil üzərində mülkiyyət hüququ 08 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 146,10 kvm göstərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 22.500 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat, ümumilikdə 22.530 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağlanmış 06 dekabr 2013-cü il tarixli 185 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən tikilmiş ünvan 1 ünvanında yerləşən, çoxmərtəbəli yaşayış binasının 2-ci korpus, 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, 148 saylı, ümumi sahəsi 161,4 kv.metrdən ibarət mənzili almışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən qeyd olunan mənzilin dəyəri hər kv.metr üçün 880 manat müəyyən edilmişdir. Beləliklə də qeyd olunan mənzilin dəyəri, ümumilikdə 142032 manat müəyyən olunmuşdur. Müqavilədə müəyyən edilmiş məbləği 06 dekabr 2013-cü il tarixində cavabdehə tam olaraq ödəmiş və bu barədə ona həmin tarixli maliyyə arayışı təqdim olunmuşdur. Qeyd olunan bina uzun müddətdir ki, yarımtikili olaraq qalmışdır. Belə ki, aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə bina sakinləri ilə birlikdə iddiaçı tərəfindən binada olan çatışmazlıqlar aradan qaldırılmışdır. Bu çatışmazlıqları aradan qaldırmaq onlara maddi olaraq çox baha başa gəlmişdir. Bu yaxınlarda bina sakinlərinin köməkliyi ilə bina istismara qəbul olunmuşdur. Buna görə də onların mənzillərinə dair çıxarış almaq hüquqları yaranmışdır. Bu zaman haradansa MTK peyda olmuş və onlara bildirilmişdir ki, onların icazəsi olmadan iddiaçı və digər bina sahibləri mənzillərinə çıxarış ala bilməzlər. Belə ki, müvafiq qurumdan da bildirilmişdir ki, cavabdeh tərəfindən onlara, müvafiq sənədlərin təqdim olunması zəruridir. Bundan sonra cavabdeh qeyd olunan sənədləri onlara təqdim etmək üçün qanunsuz olaraq onlardan qeyd olunan binaya kommunal xidmət göstərilməsi adı altında pul almışdır. Beləliklə də mənzilinə çıxarış almaqdan ötrü lazım olan sənədlər ona təqdim olunmuşdır. Nəticədə 2020-ci ilin avqust ayında onun mülkiyyətində olan mənzilə çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin orqan tərəfindən mənzilinin mülkiyyətində olması barədə çıxarış verilmişdir. Çıxarışdan və Texniki Pasportdan da göründüyü kimi, daşınmaz əmlakın ümumi sahəsi 146,10 kv.metr müəyyən edilmişdir. Lakin onunla cavabdeh arasında bağlanmış müqavilənin predmeti olan mənzilin sahəsi 161,4 kv.metr qeyd olunmuşdur. Yəni, buradan da göründüyü kimi mənzilin sahəsi ilə bağlı yaranmış fərq 15,3 kv.metr təşkil edir. Burdan da belə məlum olur ki, cavabdeh onu aldadaraq, ondan əlavə olaraq 13 464 manat məbləğində pul vəsaitini artıq olaraq almışdır. Lakin nəzərə alınsa ki, hal-hazırki dövrdə həmin ərazidə, çoxmənzilli binada mənzilin 1 kv.m-nin sahəsi orta hesabla 1500 manatdır, onda belə qənaətə gəlmək olar ki, cavabdeh tərəfindən ona 22.500 manat ziyan dəymişdir. Odur ki, həmin pul MTK-dan tutularaq ona ödənilməlidir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.E.Hətəmzadə) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1306/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan 13 464 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 18 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə cavabdeh MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində MTK məhz müqavilədə göstərilən ölçüdə olan mənzili iddiaçıya verməyi öhdəsinə götürdüyü halda, bu öhdəliyini lazımınca icra etməmiş, iş materiallarında olan sənədlərlə (Çıxarış və Texniki Pasport) və məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə də iddia edilən həmin hal öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi Çıxarışda və Texniki Pasportda göstərilən ümumi sahəni əsas götürərək mübahisəli mənzilin hər kv.m-nin dəyərinin 880 manat olaraq nəzərdə tutulduğunu müəyyən etmiş, cavabdehdən cəmi 13,464 manat tutularaq iddiaçıya ödənilməsi (161,4 – 146,1 = 15,3 kv.m. x 880 manat = 13,464 manat) barədə nəticəyə gəlmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2, 385.1, 425.1, 442-ci, Mülki Proosessual Məcəllənin 88, 101.7, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, iddiaçı ilə bağlanmış müqavilənin podrat müqaviləsi olduğunu, podrat müqaviləsi üzrə iddia müddətinin bir il müəyyənləşdirildiyini, mənzilin iddiaçıya 2013-cü ildə təhvil verildiyini və onun iddia müddəti olan 5 illik müddəti ötürdüyünü, mənzilin divarından divarına ölçülməsi zamanı müqavilədə müəyyənləşdirilən ölçüdə mənzil verildiyini, eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin xx.xx.2013-cü il tarixdən qüvvəyə minməklə geriyə şamil edilməsinin mümkün olmadığını nəzərə almamışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1241/2022 saylı mülki iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia müddətini ötürmüş olması ilə bağlı cavabdehin nümayəndəsinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; işin hallarından isə aydın olur ki, iddiaçı mənzilin sahəsinin 06 dekabr 2013-cü il tarixli müqavilədə göstəriləndən az olduğunu 08 sentyabr 2020-ci il tarixdə mənzilə dair reyestr çıxarışı əldə etdikdən sonra bilmiş, 24 noyabr 2020-ci il tarixdə məhkəmədə müvafiq iddianı qaldırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2707/2022 nömrəli iş üzrə 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər – Zaur Əliyev (sədrlik edən və məruzəçi), İlqar Xələfov və Abiddin Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə mənzilin ümumi sahəsinin müəyyən edilməsi ilə bağlı hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olal balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
15. Kassasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə iddia müddətinin keçmədiyi qənaətinə gəlsə də, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu barədə ümumiyyətlə ərizə verilmədiyini nəzərə almamışdır. Yəni, iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi halda mübahisə üzrə iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir.
2) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
18. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməsə də, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
24. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
25. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
26. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
27. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış 185 saylı, 06 dekabr 2013-cü il tarixli müqavilə əsasında yaranmışdır.
37. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci korpusunun 3-cü girişinin 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 148 saylı, ümumi sahəsi 161,4 kv.metrdən ibarət mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin 1 kv.m sahəsinin qiyməti 880 manat olmaqla, ümumilikdə 142 032 manat məbləğində pulu MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ 08 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 146,10 kvm göstərilmişdir.
38. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir.
39. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur.
40. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766cı maddələri çıxış edir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.
42. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
43. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.
44. Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir
45. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”-na əsasən, sözügedən mənzilin ümumi sahəsi 143,7 m2 təşkil edir. Rəydən həmçinin görünür ki, mənzilin ümumi sahəsi azaltma əmsallarına vurulmadan 158,8 kvm təşkil edir.
46. Rəyin təsviri hissəsindən görünür ki, ekspert hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır.
47. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-vermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər.
48. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 161,4 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürsə də, vədinə tam əməl etməmiş və ona müqavilədə göstəriləndən 2,6 kvm az sahəsi olan mənzil təhvil vermişdir. Belə ki, ekspert rəyindən də göründüyü kimi, mənzilin ümumi sahəsi azaltma əmsallarına vurulmadan 158,8 kvm təşkil edir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini qismən qüsurlu icra etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirməmişdir və iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn iddianı irəli sürmək hüququ yaranmışdır.
49. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddiaçıya müqavilə üzrə 15,3 kvm az mənzil sahəsi verilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil və ona görə də qətnamə dəyişdirilməli, müqavilə üzrə müəyyən edilən sahədən 2,6 kv.m az (161,4 – 158,8) sahəyə malik mənzil verdiyinə görə 2288 (iki min iki yüz səksən səkkiz) manat vəsait cavadehdən tutularaq iddiaçıya ödənilməlidir.
50. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh birininci intansiya məhkəməsində qətnamə çıxarılanadək iddia müddətinin tətbiqinə dair ərizə verməmiş, müddətin keçməsinə dair mövqeyini yalnız apellyasiya şikayətində göstərmişdir. Halbuki, birinci instansiya məhkəməsində işə baxılarkən onun belə bir ərizə ilə məhkəməyə müraciət etmək imkanı olmuşdur. Belə ki, o, iddia ərizəsinin surətini almış, məhkəmə iclaslarından məlumatlı olmuş və nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir.
52. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
53. Məhkəmə kollegiyası bunu nəzərə alaraq hazırkı işdə mübahisə üzrə iddia müddətinin tətbiqi məsələsinin müzakirə olunmasını mümkün saymır.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə 13464 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilsin. Cavabdehdən iddiaçının xeyrinə tutulan pul vəsaitinin məbləği 2288 (iki min iki yüz səksən səkkiz) manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.