Məhkəmə qərarları › İş №2(103)-5996/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5996/2024

23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5996/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər:zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********99 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən bank tərəfindən borcalana kredit limiti ayrılmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.2.5-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözünü kənar şəxslərə açıqlamamağı öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Eyni Müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözünü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xx.xx.2024-cü il tarixli İddiaçı məxsus 438750******7211 saylı, 338250******7199 saylı, 338810******7120 saylı hesablarıdan çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixində həmin hesablardan avqust ayında yüklü miqdarda pul vəsaiti silinmişdir. “Cinayət işi başlanması və icraata qəbul edilməsi” barədə 11 yanvar 2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus olan, bank kartlarından oğurlanmış 4448,26 manat pul vəsaitinin ona ödənilməsi vəzifəsi qoyulması, cavabdehin üzərinə onunla bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********9 nömrəli "Tam kart çərçivə müqaviləsi"nə əsasən adına olan bank kartına 4830,27 manat məbləğinin bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, cavabdehdən onun xeyrinə 1000 manat mənəvi zərərin əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********9 nömrəli "Tam kart çərçivə müqaviləsi"nə əsasən bank onun adına ikitərəfli ödəniş kartını vermişdir. Bundan əlavə "xxxx" ASC tərəfindən ona verilmiş 4127 20811623 5523 nömrəli əmək haqqı kartından və 4127 2211 1078 2713 nömrəli pensiya kartından istifadə etmişdir. O, 2023-cü ilin avqust ayına qədər həmin bank kartlarından istifadə etmiş, bankla arasında heç bir narazılıq və anlaşılmazlıq olmamışdır. Lakin 2023-cü ilin avqust ayının 5- də ona "Tam kart çərçivə müqaviləsi"nə əsasən verilmiş bank kartına xaker hücumu olmuşdur, ona bank tərəfindən bu barədə məlumat verilməmişdir, 2023-cü ilin avqust ayının 13-də o, gördü ki, onun bank kartlarından vəsaitlər onun sifarişi olmadan silinir, o, dərhal 937 nömrəsinə (cavabdehə) və 102 (DİN) nömrəsinə zəng etmişdir. Cavabdeh həmin anda ona demişdir ki, onun kartlarında heç bir pul vəsaiti yoxdur. Halbuki, pensiya kartında 931,35 manat, əmək haqqı kartında 3209 manat pul var idi, "Tam kartımda" isə kredit hissəsində 4830,27 manat vəsait, debet hissəsində 307,91 manat pul var idi, həmin pul vəsaitləri onun məlumatı, razılığı olmadan, onun tərəfindən heç bir hərəkət edilmədən, OTP kodu göndərilmədən, onun tərəfindən OTP kodu təsdiq edilmədən çıxarılmışdır. Qeyd edilən hərəkətlər cavabdehin üzərinə qanunla və müqavilə ilə qoyulmuş öhdəliklərinə əməl etməməsi nəticəsində baş vermişdir. Onun tərəfindən heç bir bank əməliyyatı aparılmadan bank kartlarında olan 9274 manat vəsaitin təhlükəsizliyi qanunvericilik tələblərinə əsasən cavabdeh tərəfindən təmin edilməli idi. Belə ki, o, kart məlumatlarını heç kimə açıqlamamış, bank kartları oğurlanmamış, itirilməmişdir. Ona heç bir SMS və ya OTP kodu gəlməmiş və o, həmin kodları təsdiq etməməmişdir. Belə olan halda necə olur ki, bank birdən-birə 9000 manatdan artıq pul vəsaitinin birdəfəyə çıxarılmasına məhdudiyyət qoymamış, bu hərəkət bankda şübhə doğurmamışdır, bank kartı bloklamamışdır. 2023-cü ilin avqust ayından cavabdehin təqsirindən, cavabdeh bankda olan pul vəsaitlərimin təhlükəsizliyini təmin etmədiyi üçün keçirdiyi stress nəticəsində 2023-cü ilin dekabr ayına qədər səhhəti ciddi şəkildə pisləşmiş, bir neçə ay intensiv müalicə qəbul etmişdir. Keçirdiyi mənəvi iztirabın əvəzində cavabdehin ona təzminat ödəməyini də zəruri hesab edir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1785/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

5. Məhkəmənin qənaətinə görə əməliyyat zamanı bankın təqsiri müəyyən edilməmiş, iddiaçı məhkəməyə bankın təqsiri barədə sübut təqdim etməmişdir.

6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1097.1 və MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, 3-cü tələb - Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X2 verdiyi 8i4444 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə tələbi ümumiyyətlə qətnamədə göstərilməmiş, həmin tələbə ümumiyyətlə qiymət verilməmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, onun 055 *** ** ** nömrəsinə xx.xx.2023-cü ildə saat 22.21 və 22.26-da OTP-lər göndərilmişdir. Lakin onun tərəfindən həmin OTP kodların təsdiq edilib-edilməməsi araşdırılmamışdır, halbuki dəfələrlə qeyd edib ki, həmin OTP kodları təsdiq etməyib. Cavabdeh də həmin OTP-kodları təsdiq etməyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə iddia rədd olunduğundan və qətnamə yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Hazırkı işdə iddiaçı pul tələbini cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulması ilə əsaslandıraraq, qeyd etmişdir ki, cavabdeh onun bank kartlarının təhlükəsizliyini təmin etməmiş, 9000 manatdan artıq pul vəsaitinin birdəfəyə çıxarılmasına məhdudiyyət qoymamış, bank kartı bloklanmamışdır. O, 4448,26 manat məbləğində maddi zərərə məruz qaldığını bildirərək uğradığı zərərin əvəzinin ödənilməsini, cavabdehin üzərinə onunla bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********9 nömrəli "Tam kart çərçivə müqaviləsi"nə əsasən adına olan bank kartına 4830,27 manat məbləğinin bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, cavabdehdən onun xeyrinə 1000 manat mənəvi zərərin əvəzinin tutulmasını tələb edir.

19. Birinci instansiya məhkəməsi isə iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmasının sübuta yetirilmədiyinə istinad edərək iddianı rədd etmişdir.

20. Məhkəmə qətnamə çıxararkən Bank tərəfindən təqdim olunmuş çıxarışa istinad etmişdir. Çıxarışdan görünür ki, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 22:21-də və 22:26-da OTP-lər göndərilmiş və orada qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaz üçün kodunuz: *****08. Tel: 937.

21. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.

22. Kollegiya ilk növbədə diqqətə çatdırır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

23. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.

25. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 22:21-də və 22:26-da OTP-lər göndərilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin təqsirli hərəkətləri səbəbindən zərərə məruz qaldığını sübuta yetirə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin mənasına görə isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək iddiaçının vəzifəsidir. Cavabdeh isə iddiaya etirazını əsaslandırdığı faktları, yəni iddiaçıya təhlükəsizlik kodu göndərməsini və iddiaçının həmin kodu qəbul edib təsdiq etməsini sübuta yetirmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin notariusun icra qeydinə məhkəmə tərəfindən münasibət bildirilməməsi barədəki dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə MPM-in 218.3-cü maddəsinin tləbinə müvafiq olaraq iddiaçı tərəfindən irəli sürülmüş tələblər üzrə işə baxır. Notariusun icra qeydinin düzgün verilib-verilməməsi və onun hüquqi nəticələrinin qanuniliyinin yoxlanılması hazırkı məhkəmə baxışının predmetini təşkil etmir və məhkəmə düzgün olaraq onunla bağlı araşdırma aparmamış və münasibət bildirməmişdir.

27. Apellyasiya şikayətinin mənəvi zərərin ödənilməsi tələbinə münasibət bildirilməməsi dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi ziyanın ödənilməsində təqsirliliyi sübuta yetmədiyinə görə işə baxan məhkəmə haqlı olaraq mənəvi ziyanın əvəzinin ödənilməsi tələbini də rədd etmişdir və bununla bağlı hər hansı əlavə araşdırma aparılmasına ehtiyac olmamışdır.

28. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qay

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar