Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5997/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-75/2025 saylı, 09 sentyabr 2025ci il tarixli qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-75/2025 saylı, 28 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh 40.000 manat əsas borc, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənişi gecikdirilmiş 50.000 manata münasibətdə illik 5 faiz hesablanmaqla 3.465 manat və xx.xx.2024-cü il tarixdən hazırki qətnamə elan olunan xx.xx.2025-ci il tarixə ödənişi gecikdirilmiş 40.000 manata münasibətdə 118 günə görə illik 5 faiz hesablanmaqla 646 manat olmaqla, cəmi 44.111 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə1) apellyasiya şikayəti və şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətinin bərpa edilməsinə dair vəsatət təqdim etmişdir. Vəsatət bununla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-4009/2025 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(006)-75/2025 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-75/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət müddət ötürülməklə verilmiş və MPM-in 133-cü maddəsinin tələbinə əsasən ötürülmüş müddətin üzürlü hesab edilməklə bərpa edilməsi barədə ərizə verilməmişdir. Birinci instansiya məhkəməsinin yekun məhkəmə aktı barədə rəsmi bildiriş elektron sistemə xx.xx.2025-ci il tarixdə yerləşdiriləndən sonra qanunvericiliklə nəzərdə tutulmiş qaydada 1 ay müddətində tərəflərindən apellyasiya şikayəti verilmişdir. Əks halda məhkəmə bildirişinin hər hansı hüquqi mənası olmazdı. Bununla belə, həm apellyasiya instansiyası, həm də birinci instansiyası məhkəmlərinin mövqeyinə hörmətlə yanaşaraq hesab edir ki, xx.xx.2025xx.xx.2025-ci il tarixləri arasında olan 5 günlük müddətin ötürülməsinin üzrlü hesab edilməklə onun bərpa edilməsi məhkəmə tərəfindən təmin edilə bilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-75/2025 saylı, 09 sentyabr 2025ci il tarixli qərardadı ilə (hakim Vüsalə Musayeva) qətnamədən şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərmişdir ki, təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh qətnamədən ilk apellyasiya şikayətini 5 gün ötürməklə, yəni xx.xx.2025-ci il tarixdə vermişdir. Müddət ötürüldüyündən sözügedən apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Sonradan cavabdeh tərəf həmin qərardaddan şikayət vermiş və həmin şikayətdə müddətin buraxılması səbəblərini göstərməmişdir. Buraxılmış prosessual müddətin bərpası barədə vəsatət yalnız mülki iş apellyasiya instansiyasından qayıtdıqdan sonra verilmişdir. Belə ki, cavabdeh elə ilk dəfə təqdim etdiyi şikayətində müddətin üzürlü səbəblərdən buraxılmasına dair mövqeyini ifadə etməmiş, hətta hazırki halda da müddətin buraxılmasını elektron sistemlə əlaqələndirmişdir. Həmin qərardaddan Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə1) şikayət verərək ləğv, şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin barpası barədə ərizənin isə təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-75/2025 saylı, 26 sentyabr 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətini isə belə əsaslandırır ki, cavabdeh tərəf peşəkar hüquqi yardımla təmin edilmiş tərəf olmaqla, onun hüquqlarını təmsil edən nümayəndə istənilən proses çərçivəsində müddətlərin əhəmiyyətindən xəbərdardır. Hazırkı mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi dərhal tam mətn şəkildə elektron kabinetə yerləşdirilməsə də, artıq qətnamə elan edilən gün cavabdeh məhkəmə qərarının nəticəsindən məlumatlı olmuşdur. Cavabdehin məhkəmənin elektron kabinetə məktub yerləşdirilməsi tarixini əsas götürməklə qətnaməni rəsmi qaydada almasına istinad etməsi əsassızdır. Məhkəmə bir daha diqqətə çatdırır ki, qətnamənin elektron məhkəmə informasiya sisteminə yerləşdirilməsi barədə tərəflər həmin kabinetin bağlı olduğu mobil nömrə və ya elektron poçt vasitəsilə bildiriş göndərilmişdir. Məhkəmə tərəfindən əlavə olaraq tərəflərin elektron kabinetə məktub yerləşdirməsi proses tərəflərinin məhkəmə qətnaməsini rəsmi olaraq həmin tarixdən rəsmi qaydada qəbul etmələrini əsaslı edən hal deyildir. Hətta 5 gün olsa da belə, cavabdeh tərəfindən buraxılmış müddətin hansı üzrlü səbəblərdən irəli gəlməsinə dair sübutlar təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi üçün kifayət etmir. Çünki işdən bəlli olur ki, 28 fevral 2025-ci il tarixli qətnamə işdə iştirak edən şəxslərə elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Elektron kabinet vasitəsilə isə həm Cavabdeh, həm də nümayəndəsi və vəkili Nümayəndə1 qətnaməni əldə etmişdir. Demək ki, qətnamədən apellyasiya şikayəti vermə müddətinin sonuncu günü xx.xx.2025-ci il tarixidir. Ancaq peşəkar vəkilin Mülki Prosessual Məcəllənin 135-ci maddəsini özlüyündə səhv şərh edərək bunu şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasının üzrlü səbəbinə çevirməsi cavabdehin mövqeyinin haqlı qəbul edilməsinə əsas vermir. İşdə iştirak edən şəxslər peşəkar vəkillə ona görə müqavilə bağlayır ki, vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur (MPM.m.68.1). Eyni zamanda, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir (MPM.m.68.3). Ancaq vəkil də qanunla ona verilmiş prosessual hüquqlarından suiistifadə etməməlidir. Yəni, mütləq deyil ki, vəkil şikayəti yaxud ərizəni müddətin bitməsinin sonuncu günü yaxud müddət bitdikdən sonra, üstəlik qanunun tələblərinə riayət etmədən versin. Demək, vəkalət alan vəkil bu cür şikayət yaxud ərizəni elə müddətdə verməlidir ki, hər hansı bir nöqsana yol verdiyi halda şikayət vermənin qalan müddəti ərzində onu aradan qaldırıb yenidən apellyasiya şikayəti vermək üçün də müddət qalsın. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-75/2025 saylı, 09 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-75/2025 saylı, 09 sentyabr 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5997/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5997/2025
03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver