Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6000/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5369/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 10 oktyabr 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi ilə "xxxx" ASC ümumi məbləğ 75500 manat, avadanlığın dəyəri 120000 manat olan 1 ədəd “Mercedes Benz G55” markalı, **-AR- *** dövlət qeydiyyat nişanlı avtomobili 34 ay müddətinə, lizinq ödənişi 26% olmaqla İddiaçı lizinqə verilmişdir.
2. İddiaçı 20 dekabr 2018-ci il tarixli razılaşma ilə həmin avtomobili "xxxx" MMC-nin istifadəsinə vermişdir. "xxxx" ASC Azadlıq filialı 01 yanvar 2019-cu il tarixli etibarnamə ilə sözügedən avtomobilin istifadə və idarə edilməsini "xxxx" MMC-yə etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər.
3. "xxxx" MMC 02 yanvar 2019-cu il tarixli, 05 nömrəli avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi ilə “Mercedes Benz G55” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili 02 yanvar 2019-cu il saat 17:55-dən 06 yanvar 2019-cu il saat 19:00-dək hər günü 250 manat olmaqla, Cavabdeh müvəqqəti istifadəsinə vermişdir.
4. Cavabdeh istifadəsində olduğu müddətdə avtomobilin mühərriki sıradan çıxmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən mülkiyyətində olan “Mercedes G55” minik markalı avtomobilə vurduğu maddi zərərə görə 17985 manatın, avtomobilin lizinqinə görə "xxxx" ASC-yə ödənilmiş 9488,25 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 27503,25 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə icarəyə verilmiş “Mercedes-Benz G55” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda qalmış, servisə gətirilərkən isə məlum olmuşdur ki, mühərrik sıradan çıxmışdır. Səbəb kimi cavabdeh tərəfindən avtomobil idarə edilən müddət ərzində mütəmadi olaraq kobud surətdə texniki şərtləri və istismar qaydalarının pozulması, avtomobilin düzgün istifadə edilməməsi göstərilmişdir. Mütəxəssis rəyinə və qüsur aktına əsasən bunun nəticəsində avtomobilinə 17985 manat məbləğində maddi ziyan dəymişdir. Həmin tarixdə iddiaçı cavabdehi hadisə ilə bağlı söhbət aparmaq üçün ofislərinə dəvət etmək istədikdə, telefon əlaqəsi yaradaraq məsələni izah etmiş, lakin, sonuncu çox sərt və kobud şəkildə bildirmişdir ki, dəyən ziyanı ödəməyəcək. Hələ bu azmış kimi telefon söhbəti əsnasında bildirmişdir ki, “Öz maşınlarımı da belə sürürəm, 2 dəfə maşınımın motorunu dağıtmışam. Mən qəsdən o cür sürüb zövqünü çıxarmaq üçün 5.5 motor Gelendvaqeni götürmüşəm. Gedib hara istəyirsiz şikayət edin, mənə heç kəs bata bilməz”. Bununla avtomobil sertifikatlı kompüter diaqnostikası ilə yoxlanılmış və mütəxəssislərin iştirakı ilə baxış keçirilərək “VEV” avtoservis tərəfindən bu barədə ətraflı arayış verilmişdir. Müəyyən edilmişdir ki, avtomobil yüksək sürətlə mütəmadi olaraq idarə edildiyindən, mühərriki stabil sürətlə deyil, tez-tez sürət qaldırıb-endirdiyindən, istifadə edilən benzinin keyfiyyətsiz olmağı, mühərrikin kompressorunu gücə salmış, nəticədə mühərrikin fəsadları ekran tablosunda öz əksini göstərmişdir. Buna baxmayaraq avtomobili idarə edən şəxs tabloya nəzarət etməyərək, sürətlə istifadəsinə davam etdiyindən, mühərrik yüksək surətdə sıradan çıxmışdır. Bundan başqa “Geotek” naviqasiya sistemindən də alınan çıxarışla müəyyən olunur ki, 01xx.xx.2019-ci il tarixlərində avtomobilin istismarı zamanı surət həddi 76 dəfə aşaraq mütəmadi qaldırılmış və GPS hesablamasının göstəricilərinə əsasən orta sürət həddi 130 km/s, yuxarı sürət həddi isə 183 km/s olmuşdur. Dəfələrlə cavabdehdən tələb edilsə də, cavabdeh vurulmuş zərəri ödəməmişdir. Avtomobilə görə "xxxx" ASC-yə hər ay 3162,75 manat məbləğində lizinq ödənişini həyata keçirir. Avtomobil gündəlik icarəyə verildiyindən aylıq lizinq ödənişi icarəsinin hesabına təmin olunurdu. Lakin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yararsız hala düşdüyündən iddiaçı lizinq ödənişini şəxsi vəsaiti hesabına ödəmək məcburiyyətində qalmışdır və 9488,25 manat əlavə ziyana düşmüşdür.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5369/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilmiş, Cavabdeh 27023,25 manat pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, cavabdehin idarə etdiyi avtomobilin surət həddinin tez-tez qaldırılıb endirilməsi nəticəsində avtomobil hərəkətini dayandırmış, sonradan mütəxəssislər tərəfindən avtomobil kompüter diaqnostikasından keçirilmiş, avtomobilin mühərrikinin yüksək surətdən sıradan çıxdığı müəyyən edilmişdir. Avtomobilin cavabdeh tərəfindən yüksək surətlə idarə edilməsi “GeoTekBS” naviqasiya sistemindən sürmə stili hesabatında” qeyd edilmiş məlumatlarla təsdiqini tapır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, “Mercedes Benz” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 17535 manat təşkil edir.
9. Avtomobil lizinq müqaviləsi əsasında iddiaçının faktiki sahibliyində və istifadəsində olmuş və həmin müqavilənin şərtlərinə görə avtomobilin lizinqinə görə "xxxx" ASC-yə 9488,25 manat ödənilmişdir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, “Mercedes-Benz” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən hər günü 250 manat olmaqla icarəyə verilmişdir. Avtomobil 59 gün müddətində təmirdə olmuşdur. Həmin müddətdə iddiaçı avtomobildən əldə etdiyi faydadan məhrum olunduğu halda "xxxx" ASCyə 9488,25 manat məbləğində lizinq ödənişlərini ödəmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.2, 386.1 və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsin xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4233/2020 saylı, 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər Xumar Mərdanovanın və Elnur Həsənovun iştirakı ilə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5369/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsinin maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilməsi, İddiaçı avtomobildən istifadə etmək və gəlir əldə etmək imkanından məhrum olduğu üçün Cavabdeh tutulmalı olan ziyanın məbləğinin 6363 manat, ziyanın ümumi məbləğinin isə 23898 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4233/2020 saylı, 12 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1205/2021 saylı, 31 mart 2021-ci il tarixli qərarı ilə (hakim Zaur Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər Gündüz Quliyevdən və İlqar Xələfovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4233/2020 saylı, 12 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6292/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Şeyda Məhərrəmovadan və Məmməd Məmmədovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5369/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh 12892,00 manat pul vəsaitinin dəymiş maddi zərərin əvəzi olaraq İddiaçı Asif oğlunun xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2618/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakim Elşad Şamayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elşanə Vəliyevadan və Aqil Abbasovdan ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6292/2021 saylı, 23 dekabr 2021-ci il tarixli mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
17. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, bunlarla bağlı əvvəlki kassasiya icraatında verilmiş göstərişlər üzrə araşdırmanı tam aparmamışdır.
18. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmetini təşkil edən avtomobil "xxxx" ASC-nin mülkiyyətində olaraq, lizinq müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmişdir. İddiaçı öz növbəsində "xxxx" MMC müqavilə bağlayaraq avtomobili həmin MMC-nin istifadəsinə verilmiş və "xxxx" ASC bu razılaşmanı təsdiq edərək, MMCnin adına etibarnamə vermişdir. MMC cavabdehlə bağladığı müqavilə ilə avtomobili cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Yəni müəyyən olunur ki, avtomobil müqavilə münasibətləri əsasında həm iddiaçının, həm də sonradan cavabdehin istifadəsində olmuşdur. Lakin həmin müqavilələrin subyektləri və xarakteri müxtəlif olmuşdur.
19. Göstərilən hallara istinad edən kassasiya instansiyası məhkəməsi əvvəlki icraatında aşağıdakı halların araşdırılmasını zəruri hesab etmişdir: 1. İddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququ varmı? 2. Tələbin hüquqi əsasını hansı maddi hüquq normaları və əsaslar təşkil edir. 3. Cavabdeh iddiaçının qarşısında zərərə görə məsuliyyət daşımalıdırmı (əməlində deliktin tərkibi varmı)?
20. Apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərə uyğun qismən araşdırma aparmaqla, hesab etmişdir ki, avtomobil lizinq müqaviləsinə əsasən iddiaçının sahiblik və istifadəsinə verildiyindən, lizinq müqaviləsinin şərtlərinə görə avtomobilin zədələnməsi və məhv olunması ilə bütün risklər lizinq alana aid edildiyindən və iddiaçı avtomobili öz hesabına təmir etdiyindən, habelə onun avtomobilə “gözlənilən” mülkiyyət hüququ olduğundan iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur.
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin həmin qiymətləndirilməsi tam olmamışdır.
22. Belə ki, cavabdehin "xxxx" MMC ilə kirayə münasibətlərində olması işin mübahisəsiz halıdır. İşdə olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış Avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 4.7-ci bəndinin birinci cümləsinə görə avtomobilin, İcarədarın səhvi olmadan mühərriki, transmissiya (arxa-qabaq körpü, ötürmələr qutusu), akkumulyator və şinlərdə olan nasazlığa görə icarəçi cavabdehlik daşıyır, digər texniki xidmət və servislərə icarədar cavabdehdir.
23. Yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin icarəçi olaraq müqavilənin şərtlərinə əsasən icarəyə götürdüyü avtomobilin mühərrikində yaranan nasazlığa görə icarədar "xxxx" MMC-nin qarşısında məsuliyyət daşıdığı halda, onun eyni zamanda deliktə dair hüquq normalarına əsasən hazırki iş üzrə iddiaçının qarşısında da məsuliyyət daşıması məsələsinə hüquqi qiymət verilməmişdir.
24. Həmin məsələnin davamı olaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etmə hüququnun olması müəyyən edildiyi halda da, həmin hüququn kimə qarşı – müqavilə münasibətlərində olduğu MMC və ya deliktə görə məsuliyyət daşıması ehtimal edilən şəxsə qarşı irəli sürülməli olması məsələsinə qiymət verilməlidir.
25. Daha sonra məhkəmə kollegiyası hesab edir ki, avtomobilə vurulmuş ziyana görə cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması müəyyən ediləcəyi halda, onun təqsiri barədə əlavə araşdırma aparılmalıdır.
26. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinin dispozisiyasında mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).
27. Kassasiya instansiyası məhkəməsi əvvəlki icraatda da, həmin məsələ ilə bağlı müəyyən göstərişlər etmiş, apellyasiya məhkəməsi göstərişlərə uyğun olaraq iş üzrə kompleks məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin etməklə, ekspertlər qarşısında 06 yanvar 2019-ci il tarixdə tədqiqata təqdim edilmiş “Mercedes G55” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı onda baş vermiş texniki nasazlığın səbəbinin müəyyən edilməsi və həmin texniki nasazlığın aradan qaldırılması üçün qeyd edilən tarixdə nə qədər xərc tələb olunmasının müəyyən edilməsi qərara alınmışdır.
28. Qeyd olunduğu kimi, ekspert rəyi ilə ikinci suala cavab verilsə də, birinci suala, həmin sualın yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmaması əsası ilə cavab verilməsindən imtina edilmişdir.
29. Apellyasiya məhkəməsi həmin məsələ üzrə özü dəyərləndirmə apararaq hesab etmişdir ki, avtomobilin mühərrikinin sıradan çıxmasına səbəb avtomobilin sürətinin cavabdeh tərəfindən kəskin artırılıb-azaldılmaqla idarə edilməsi və keyfiyyətsiz yanacaqdan istifadə etməsi olmuşdur.
30. Cavabdeh əvvəlki icraatlarda qeyd olunan hallarla bağlı öz məsuliyyətini inkar etmişdir.
31. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hərəkətlərə yol verdiyi halda da, avtomobildə yaranan nasazlığın məhz bu hərəkətlərlə səbəbli əlaqədə olması sübut olunmalıdır.
32. Belə ki, iş materiallarından müəyyən olunur ki, “Mercedes Benz G55” markalı, **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobil 2011-ci il buraxılışlıdır, mübahisəli hadisələr isə 2019-cü ilin yanvar ayında baş vermişdir. Yəni avtomobil ondan əvvəl azı 7 il istifadə olunmuşdur.
33. Həmçinin iddiaçının özünün məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 11 yanvar 2019-cu il tarixli arayışına və ona qoşma Sürmə stili hesabatına əsasən 01 yanvar 2019cu il tarixdən 07 yanvar 2019-cu il tarixədək avtomobilin sürət həddi 76 dəfə aşılmışdır. Lakin onlardan 33 dəfə sürət 01 yanvar 2019-cu il saat 19:02:03-dən 02 yanvar 2019-cu il saat 07:52:06-dək baş vermişdir. Yəni surətin normadan aşılması halları avtomobil cavabdehin istifadəsində olmadığı dövrlərdə də baş vermişdir.
34. Məhkəmə kollegiyasının qənaətinə görə avtomobilin mühərrikinin sıradan çıxmasına məhz cavabdehin səliqəsiz istifadəsinin səbəb olmasının təsdiqi yalnız müvafiq avadanlıqdan istifadə edərək, buna xüsusi biliklərə malik şəxsin rəyi ilə mümkündür. Apellyasiya instansiyası məhkəməsi buna görə də, avtotexniki ekspertiza təyin etmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzində rəyin verilməsi yol-nəqliyyat hadisələrinin ekspertizası şöbəsinin ekspertinə həvalə edilmiş və sonuncu yuxarıda qeyd olunan əsasla rəy verməkdən imtina etmişdir. Apellyasiya məhkəməsi isə bu halı nəzərə almamış və qərardadı suala cavab verilməsi üçün yenidən ekspert təşkilatına göndərməmişdir.
35. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır(Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.
37. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
38. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
39. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddianın tələb irəli sürməyə hüquq olan şəxs tərəfindən və tələbə cavab verməli olan şəxsə qarşı yönəldilməsi məsələsinə bir daha hüquqi qiymət verilməli, avtomobil mühərrikinin zədələnməsinin səbəbinin müəyyən edilməsi məqsədi ilə tədbirlər görməli, o cümlədən iş üzrə məhkəmə avtotexniki ekspertizanın keçirilməsi, ixtisaslaşdırılmış şirkətlərdən mütəxəssisin cəlb edilməsi məsələsini tərəflərlə müzakirə etməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
40. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsin xahiş etmişdir.
41. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə ilk növbədə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məsələsini araşdırmalı idi. Belə ki, o, icarə müqaviləsini "xxxx" ilə bağlamışdır və hesab edir ki, bütün suallar onunla MMC arasında həll olunmalıdır. O, iddiaçını tanımır, onunla aralarında heç bir müqavilə bağlanmamışdır və onun qarşısında üzərinə heç bir öhdəlik götürməmişdir. Hesab edir ki, "xxxx" MMC cavabdeh olmadığı halda, o, ümumiyyətlə cavabdeh ola bilməz. Vergidən yayınma məqsədilə, xx.xx.2018-ci il tarixli Lizinq müqaviləsinin 9.3-cü bəndinə (lizinq alan obyekti sublizinqə və ya kirayəyə verə bilər) zidd olaraq İddiaçı "xxxx" MMC ilə avtomobilin sublizinqə və ya kirayəyə verilməsi barədə heç bir müqavilə bağlamamışdır. Məhkəmə sübutlara qiymət verərkən heç bir hüquqi statusu olmayan sənədi – xx.xx.2018-ci il tarixli iddiaçı tərəfindən yazılmış istifadəyə verilməsi haqqında razılıq ərizəsini əsas kimi götürmüşdür. Müqavilənin şərtlərinə əsasən ona təqdim olunan avtomobil yararlı vəziyyətdə olmalıdır, ancaq hesab edir ki, ona icarəyə verilən avtomobil yararsız vəziyyətdə olmuşdur. Avtomobilin sürət göstəricisi 280 km/saat olduqda, texniki parametrlərə uyğun olaraq maksimal surət 210 km/saat olduqda, qətnamədə qeyd edildiyi kimi, avtomobili sürən zaman tərəfindən yuxarı surət həddi 183 km/saat olmuşdur. Bu halda sual yaranır ki, göstərilən avtomobilin hansı texniki şərtlərini pozmuşdur. Həmçinin, iddiaçı və ya "xxxx" MMC avtomobili həmin gün yox, 4 gün sonra avtoservisə aparmışlar. Ona elə gəlir ki, avtomobilə digər şəxslər tərəfindən zərər verilə bilərdi. Bundan başqa, hesab edir ki, iddiaçı sığortaya müraciət edib sığortadan pulunu almalıdır. O, həmin müqavilə üzrə 1.000 manat pul vəsaiti ödəmişdir. xx.xx.2019-cu il tarixdə ona icarəyə verilmiş **-AR-*** dövlət qeydiyyat nişanlı Mercedes- Benz G55 markalı avtomobili o, təxminən 80 km sürmüş, həmin gün ərzində avtomobil xarab olmuşdur. Bu barədə o, "xxxx" MMC-yə məlumat vermiş, həmin şirkət tərəfindən bir neçə saatdan sonra, başqa avtomobil ona təqdim olunmuşdur. Heç bir avtonəqliyyat hadisəsi törətməmişdir. Avtomobilin hansı hissələrinin xarab olması barədə məlumatı olmamışdır. Məhkəmə hüquq normalarını və hüquqi prinsipləri pozaraq tam qanunsuz, birtərəfli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış və məhkəmə iclasında onun iştirakını təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
23. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
24. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsasdır.
28. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
31. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
32. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
33. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa, yəni dizpozisiya əlamətləri ilə uzlaşsada birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
34. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan hissəsi üzrə Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşması təsdiq olunmuş olsa belə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxır. Çünki, iddia tələb hüququ olmayan şəxs tərəfindən, bu tələb üzrə iddiaçının qarşısında məsuliyyət daşımalı olmayan şəxsə qarşı verilmişdir.
35. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. 36.Belə ki, hər dəfə işə baxan kassasiya instansiyası məhkəməsi iki dəfə apellyasiya instansiyası məhkəməsinin iddianın qismən edilməsi ilə bağlı yekun qənaəti ilə razılaşmamış, hər dəfə qərarlarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin birdəfəlik həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin növbəti dəfə kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə tam əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər.
37. Bu mənada Mülki Prosessual Məcəlləsinin 54.1(01 oktyabr 2021-ci ilədək qüvvədə olan variantı ) və 54.2-ci maddələrinin mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir.
38. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan iddiaçının və ya cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı.
39. Belə ki, işin mübahisəsiz halına görə mübahisə predmetini təşkil edən avtomobil "xxxx" ASC-nin mülkiyyətində olaraq, lizinq müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmişdir. İddiaçı öz növbəsində "xxxx" MMC ilə müqavilə bağlayaraq avtomobili həmin MMC-nin istifadəsinə vermiş və "xxxx" ASC bu razılaşmanı təsdiq edərək, MMC-nin adına etibarnamə vermişdir. MMC cavabdehlə bağladığı müqavilə ilə avtomobili cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Demək, avtomobil müqavilə münasibətləri əsasında həm iddiaçının, həm də sonradan cavabdehin istifadəsində olmuşdur. Lakin həmin müqavilələrin subyektləri və xarakteri müxtəlif olmuşdur.
40. Göründüyü kimi, cavabdehin "xxxx" MMC ilə kirayə münasibətlərində olması işin mübahisəsiz halıdır. İşdə olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış Avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 4.7-ci bəndinin birinci cümləsinə görə avtomobilin, İcarədarın səhvi olmadan mühərriki, transmissiya (arxa-qabaq körpü, ötürmələr qutusu), akkumulyator və şinlərdə olan nasazlığa görə icarəçi cavabdehlik daşıyır, digər texniki xidmət və servislərə icarədar cavabdehdir. Deməli, cavabdehin icarəçi olaraq müqavilənin şərtlərinə əsasən icarəyə götürdüyü avtomobilin mühərrikində yaranan nasazlığa görə icarədar "xxxx" MMC-nin qarşısında məsuliyyət daşıdığı halda, onun eyni zamanda deliktə dair hüquq normalarına əsasən hazırki iş üzrə iddiaçının qarşısında da məsuliyyət daşıya bilməzdi. 41.Bununla yanaşı, iddiaçının tələb etmə hüququ olsa belə, o, müqavilə münasibətlərində olduğu MMC-yə qarşı iddia qaldıra bilərdi. Çünki, cavabdehlə iddiaçı arasında müqavilədən irəli gələn öhdəlik yaranmamış, eyni zamanda cavabdeh də müqavilədən irəli gələn öhdəliklərə yaxud bu öhdəliklərin pozulması nəticəsində vurulmuş zərərə görə bilavasitə MMC-nin qarşısında məsuliyyət daşıya bilərdi. Ancaq iddiaçının deliktə görə məsuliyyət daşıması ehtimal edilən cavabdehə qarşı bilavasitə iddia irəli sürməsi yanlış olmuşdur.
42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən bilavasitə cavabdehə qarşı irəli sürülən bu iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən, yəni cavabdehin məhz iddiaçı qarşısında deliktdən irəli gələn öhdəliyə görə məsuliyyət daşımalı olmadığından apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qətnamə apellyasiya icraatının predmeti olan hissədə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia qeyd olunan əsasla rədd edildiyindən, hazırki iş üzrə apellyasiya şikayətinin digər dəlillərinin yoxlanılmasına əsas və zərurət yoxdur. Çünki, bu iş üzrə iddia qeyd olunan əsasla rədd edildiyindən həmin halların yoxlanılmasının nəticələrinin hazırki işdə heç bir əhəmiyyəti olmayacaqdır.
44. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5369/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi apellyasiya icraatının predmeti olan hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir.
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5369/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi apellyasiya icraatının predmeti olan hissədə ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.